Modern.az

“Qəhrəmanam” deyə öyünməyən Milli Qəhrəman...

“Qəhrəmanam” deyə öyünməyən Milli Qəhrəman...

29 İyul 2019, 13:00

Yaxın keçmişimizdə, dünənimizdə elə insanlar olub ki, bəzən onlar haqqında danışmağa, onları analiz etməyə, onları hazırki gəncliyə təqdim etməyə söz tapa bilmirsən. Yaxud da , elə bilirsən ki, söz tapmısan... Su lətafəti olan o sözləri üfürə-üfürə, üstündə əsə-əsə yan-yana düzürsən. Sonra eyni həyəcanla yazdıqlarının ilk oxucusu özün olursan. Və... heyhat, yenə o, insanı ifadə edə bilməmisən. Gəncliyin də, tarixin də, millətin də, valideylərin də belə övlada nə qədər ehtiyacı var!! Ağdamın, Qarabağın, Azərbaycanın örnək oğlu Asif Məhərrəmov da haqqında cəsarət edib yaza bilmədiyim igidlərimizdəndi. Onun adını təsadüfən çəkmədim, çünki 26 iyul tarixi Fred Asifin doğum günüydü.

26 iyul 1952-ci ildə Ağdam şəhərində bir oğlan uşağı dünyaya gəlir və əfsanə kimi bir ömrün başlangıcı qoyulur. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirib, fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci il oktyabrın 31-də Ağdam kinoteatrında kütləvi davada iştirakına görə həbs edilib. Asifə iki il iş kəsilib və o, səkkiz ay həbsxanada yatıb.


1976-cı ildə Asif avtomobil qəzasına uğrayıb. Təcili yardım maşınını vurmasına görə ona 4,5 il iş kəsilib və Rusiyanın Orenburq vilayətinə göndərilib. Həbsdən çıxdıqdan sonra Moskvadakı dostlarının yanına gedib. Qarabağ müharibəsi başlayan kimi isə Ağdama qayıdıb... Qəhrəmanlıq, əfsanələşmiş ömrün erası belə başlayıb... Elə bir ömür ki, tanıyanlar da, tanımayanlar da o ömrü yaşayan soydaşı ilə fəxr edir. Bəli, bu əfsanəvi qəhrəmanı anmaq, ona “nə yaxşı ki, doğulmusan, nə yaxşı ki, var olmusan” demək boynumuzun borcudur. Əvvəlcə...


Fred və Asif


Hələ dünyanın “düz” vaxtıydı. 20 yaşlı Asif dostları ilə Ağdam kinoteatrında nümayiş olunan filmə baxmağa gedir. Filmin qəhrəmanı Fred adlı genc imiş. Sən demə, Fredin hərfi tərcüməsi sədaqətli dost demək imiş. Fredin cəsurluğu, döyüşkənliyi, yenilməzliyi ilə Asifi müqayisə edən dostları elə həmin gündən Asifə “Fred” deməyə başladılar. Nə uzaqgörən dostları varmış... Fred Asif “Haqq Cəbhəsi” batalyonunu yaradanda öncə o batalyona qardaşlarını - Ədaləti, Səxavəti və Mahiri üzv edir. Həmin gün - 1991-ci ilin 15 noyabrda batalyona yüzlərlə igidlər üzv olur, könüllü döyüşlərə atılırlar. Erməniləri öz adı ilə vahiməyə salan bu batalyon142 şəhid verib. İki üzvü milli qəhrəman adına, 7 nəfəri “Azərbaycan Bayrağı” ordeninə, dörd nəfər isə “İgidliyə görə” medalına layiq görülüb. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülənlərdən biri Fred Asif idi. 1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən təltif olunan Fred Asif bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu:


- Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq.


Yaddaşlarda yaşayan, ürəklərdə taxt quran...

Gəncliyimizə, xüsusən, sabahın əsgərlərinə fəxrlə, qürurla Milli Qəhrəmanımızı şəxsən tanıyanların, onunla təmasda olanların, onun əsgəri olanların sözləri ilə tanıtdırmaq istəyirəm.


Jurnalist Qalib Arif: - Asif Məhərrəmov Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılıb, O, 1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində xüsusilə fərqləndi. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif qüvvələr dağıdıb, oradakı silah-sursatdan siyasi məqsədlər üçün istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olundu. Müdafiə naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verildi və o, hərbi təhsili olmamasına baxmayaraq, 859 saylı batalyonun ilk komandiri oldu.

Döyüş yoldaşı Adil Kəngərli: - Aranzəmin kəndinə hücum zamanı Asifin 39 dərəcə temperaturu olsa da, döyüşdən qalmadı. Erməni mövqelərindən bir BMP-2 dayanıb bizə atəş açırdı. Asif batalyona geri çəkilmək əmri verdi və biz üç nəfər düşmənin üstünə getdik. Rəhmətlik mənə dedi ki, Adil, birdən bizi əsir tutsalar, birinci mənə atarsan. Ora çatanadək BMP bizə 8 mərmi atdı. Ancaq möcüzə nəticəsində sağ qaldıq, bu zaman BMP-dən 4 erməni düşüb qaçdı. Məlum oldu ki, yanacaq qurtarıbmış. Kəndi ermənidən təmizləyəndən 25 dəqiqə sonra Milli Qəhrəman Şirin Mirzəyev öz batalyonu ilə gəldi və batalyonumuzu bu uğur münasibətilə təbrik etdi.


Yazıçı Mustafa Çəmənli: -1992-ci ilin apreli. Füzulidə vəziyyət olduqca pisləşmişdi. Camaat çox narahat idi.Yuxarıdan heç bir kömək yox idi. Xocavənd ətrafından Azərbaycan kəndlərinə od yağdırırdı ermənilər. Söhbət gəzirdi ki, erməni Fizulini işğal etmək üçün güclü hücuma hazırlaşır. Füzulidən bir nəfər gəlmişdi Asifin yanına:

- Qardaş, Asif, əlac sənə qalıb.

Asif üzünə dikilmiş baxışlarda səksəkəli ömür sürən, hər an ölümlə üzbəüz qalmış adamların üzüntüsünü duyurdu.

- Qayıt evinə. Axşam gəlim, görüm. Lap qudurğanlığa başlayıblar.


1991-ci ilin axırlarında Asif 40 stvolluq iki “Qrad” qurğusu ələ keçirmişdi. O vaxt heç bir könüllü dəstədə qrad yox idi. Ruslar gecə-gündüz Asifin gizlətdiyi qradları axtarırdı. Yaxın silahdaşları yaxşı bilirdilər ki, “Asif “Qaranquş”ları gətirin” - deyəndə nəyi nəzərdə tuturdu. Asifin göstərişi ilə gecə “Qaranquş”lar pusquya gətirildi. Fred əllərini qaldırdı göyə sarı:

-Ya Seyid Lazım ağanın cəddi, mənim atdığım mərmilər nə uşağa, nə qadına dəysin!…Atəş!!

Yer-göy lərzəyə gəldi elə bil. Səhəri, Moskvanın “Vesti” proqramı dünyaya car çəkdi ki, ermənilərin yaşadığı, Çartaz, Qırmızıbazar, Xocavənd kəndi darmadağın edilib. Beləliklə Füzuliyə hücüm ləngidi..


Qarabağ qazisi Rey Kərimoğlu: - Ağdərə istiqamətində gedən döyüşlərin birində tankımız xarab olub dərədə qalmışdı. Onu çıxarmaq üçün isə BAT deyilən xüsusi texnika lazım idi. Həmin texnika da ancaq Fred Asifin rəhbərlik etdiyi hərbi hissədə - Muradbəylidəydi. Batalyon komandirimiz Şirin Mirzəyevin tapşırığı ilə mən həmin hissəyə getdim. Fred Asiflə görüşdüm və o, dərhal tapşırıq verdi, onun göndərdiyi texnika ilə həmin tankı xilas etdik. Sonraar -1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhliz açdıq və Fred Asif də öz batalyonu ilə orda idi. Bilirsiniz, bütün müharibələrin öz qayda-qanunları var. Şirin Mirzəyev kimi peşəkar hərbçi, Fred Asif kimi də Qarabağda avtoritet olan, sözü keçən insanlara həmişə böyük ehtiyac olub, bundan sonra da olacaq. Bu baxımdan Asifin Ağdamdakı xidmətləri xüsusi qeyd olunmalıdır.


Yadımdaykən qeyd edim, Fred Asifin bir oğul yadigarı qalıb. Azər Məhərrəmov qol döyüşü üzrə bir dəfə dünya, 5 dəfə Avropa çempionudur. Allah qorusun!


Bir dəfə sosial şəbəkələrin birində belə bir fikirə rast gəldim və Fred Asif haqqında bitib-tükənməyən düşüncələrimə elə o fikirlə nöqtə qoymaq istəyirəm:
““Ağdamlılar döyüşmədi”- deyib, bizi qınayanlar, Agdam camaatının sayı 158000 nəfər (1992 ci ildə) olub. Bunlardan 6570 nəfəri şəhid olub. Demək , bu, adamların hər 23 nəfərindən biri şəhiddir. 33000 müharibə iştirakçisi var . Demək, hər 4 nəfərdən biri döyüşüb . 4000 -dən çox qazisi- yaralısı var. Demək, 39 nəfərdən biri döyüşdə yaralanib . 16 Milli Qəhrəmanı var. Demək, 9875 nəfərdən hər biri ad almağa layiq qəhrəmandır . Hələ ad almayıb, amma bizim gözümüz qarşısında elə qəhrəmanlar yüzlərlədir ! Onları demirəm. “Ağdamlılar döyüşmədi”- deyib bizi qınayanlar, gəlin bu sayı qocaya, qadına, uşaqlara ayıraq, görək basqa neynəməliydi bu Agdam camaatı? Hami bizi günahkar bilir, guya Ermənistanla, Rusiya və başqaları ilə tək Agdamlı döyüşməliydi ?”

Ağdam döyüşdü, minlərə Asiflər, Şirinlər, Yelmarlar, Nadirlər, Baxşeyişlər canını bu yolda qurban verdi. Müharibə olsa, yenə elə bir o qədər də qəhrəmanmız bu vətənə-torpağa qurban olmağa hazırdı.


Əntiqə Rəşid
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı