Modern.az

Mərkəz rəhbəri: “6 yaşdan 50 yaşa kimi hər kəs Çin dili dərslərinə qatıla bilər” – MÜSAHİBƏ

Mərkəz rəhbəri: “6 yaşdan 50 yaşa kimi hər kəs Çin dili dərslərinə qatıla bilər” – MÜSAHİBƏ

30 İyul 2019, 09:05

Çin son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən birinə çevrilib. İqtisadi cəhətdən inkişaf etməsi bu dövlətin digər sahələrdə də önə çıxmasına səbəb olub. Son statistikaya görə isə Çin dili dünyada ən çox yayılan dil hesab olunur.

 

Ümumilikdə 38 əyalətdə 1 milyard 299 milyon insan Çin dilində danışır. Çin dilinin daxilində qan, hakka, huizhou, cinyu, mandarin, min bei, min donq, min nan, min zhong pu-xian, Wu, xiang və yue kimi fərqli ləhcələri var. Ən çox istifadə olunan ləhcə isə mandarindir.

 

Azərbaycanda da son bir neçə ildə Çin dilini öyrənməyə maraq artdığından yeni mərkəzlər yaradılmağa başlayıb.

 

Xüsusilə, ali təhsil məktəblərimizlə əməkdaşlıq edən Çin rəsmiləri ölkəmizdə öz dillərinin öyrənilməsində maraqlıdırlar. Belə bir mərkəz də Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutudur. Artıq 3-cü ildir, fəaliyyətlərini uğurla davam etdirən institut bu günə qədər 200-dən çox  tələbənin Çin dili dərslərində iştirak edərək, müəyyən səviyyələr əldə etməsinə nail olub. Mərkəzin rəhbəri Rafiq Abbasov Modern.az-ın suallarını cavablandırıb.

 

O, ölkəmizdə Çin dilinə marağın artmasından, bu ölkəyə təhsil dalınca gedən tələbələrin təəssüratlarından, Konfutsi İntitutunun ümumi fəaliyyətindən danışıb. R. Abbasovun müsahibəsini təqdim edirik:

 

- Rafiq müəllim, tələbələriniz yalnız gənclərdir yoxsa, fərqli yaş qruplarında olan insanlar da Çin dilinə maraq göstərir?

 

- Mərkəzimizdə 6 yaşdan 50 yaşa kimi hər kəs Çin dili dərslərinə qatıla bilər. Hazırda müxtəlif yaş qruplarında olan tələbələrimiz var.  Balacalar və yaşlı tələbələrimiz üçün xüsusi qruplarımız fəaliyyət göstərir. Eyni zamanda  Konfutsi İnstitutunda Biznes Çin dili dərsləri də  tədris olunur. Hətta rektorumuz akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq, universitetimizdə Klassik Dillər Mərkəzinin yaradılması və burada qədim pəhləvi, qədim çin və bir çox klassik  dillərin tədrisi planlaşdırılır. Biz eyni zamanda, “venyan” adlandırılan klassik çin ədəbiyyatı dilinin tədrisi üçün xüsusi tədris proqramları hazırlayırıq. İnanırıq ki, qədim çin dilinin tədrisi tələbələr arasında böyük marağa səbəb olacaq.

 

- Tələbələrinizdən Çinə gedərək, müxtəlif tədbirlərə qatılanlar olurmu?

 

- Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan institutumuzda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) adlı səviyyə imtahanları keçirilir. İmtahanları uğurla keçən tələbələrə rəsmi sertifikatlar təqdim olunur və həmin tələbələr əldə etdikləri müəyyən səviyyəli sertifikatlarla  Çində təşkil olunan 2 həftəlik yay düşərgəsində və 1 illik  təhsil proqramlarında iştirak edə bilirlər.

Onu da qeyd edim ki, Konfutsi İnstitutunda ilk dəfə olaraq, Azərbaycan dilində Çin dili milli dərsliyi tədris olunur.

 

- Tələbələrinizlə yəqin ki, söhbət etmisiniz. Onları Çin dilini öyrənməyə həvəsləndirən, cəlb edən nədir? 

 

- Buna bir çox faktorları misal göstərmək olar. Çin-Azərbaycan əlaqələrinin sürətli və dinamik inkişafı əsas səbəblərdən biridir. Bu amil tələbələrimizi gələcək üçün daha da ruhlandırır və Çin dilini öyrənmək istəyən yeni tələbələrin cəlb olunmasına yardım edir.

Həmçinin gənclər artıq maraq dairələrini daha da genişləndirərək, Şərq dillərinə və mədəniyyətinə daha çox üstünlük verirlər.

Tələbələrimizin maraqları bir-birindən fərqlənir. Bəzi tələbələr Çin dilinə böyük istəkləri olduğu üçün, bəziləri qədim Çin mədəniyyətini sevdikləri üçün, bəziləri isə ölkəmizdə yaradılan yeni iş imkanlarından yararlanmaq üçün bu dili öyrənmək istəyir. Tələbələrimiz arasında təhsilini Çində davam etdirmək istəyənlər kifayət qədər çoxdur.

 

- Çinin iqtisadi cəhətdən inkişafı Azərbaycanda bu ölkəyə, Çin dilinə marağın artmasına nə dərəcədə təsir edir?

 

- Bu, çox önəmlidir.  Çinin sürətli inkişafı hər kəsə məlumdur. Bu ölkə Azərbaycan üçün də kifayət qədər vacib əhəmiyyət daşıyır. Son zamanlarda iki ölkə arasında keçirilmiş rəsmi görüşlər və imzalanmış müqavilələr də hər iki tərəfin əlaqələrin genişlənməsində maraqlı olduğunu göstərir. Zənnimcə, iqtisadi faktor əlaqələrin irəliləməsinə, gənclər arasında Çin dilinə marağın artmasına səbəb olan amillərdən birincisidir.

Xüsusi olaraq qeyd etməliyəm. Cari ilin aprel ayında ölkə başçısı İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin dəvəti ilə II “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakı iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini deməyə əsas verir. Bu nümunələr Azərbaycan gənclərinin Çin dilini öyrənməsinə stimuldur. Tələbələrimiz bilirlər ki, yaxın gələcəkdə Çin dilinə ehtiyac daha da artacaq.

 

- Çində təhsil alan tələbələriniz varmı? Onlar təhsili bitirdikdən sonra orada qalıb, yaşamağı düşünürlər?

 

- Əslində bu tələbənin şəxsi istəklərinə görə dəyişir.  Bəli, bəzi tələbələrimiz qalıb orda təhsillərini davam etdirmək və gələcəkdə yaşamağı düşünürlər. Bəzi tələbələrimiz isə sadəcə təhsillərini başa vurub  qayıdaraq fəaliyyətlərini burda davam etdirirlər.

 

Tələbələrimiz Çində təhsil aldıqları müddətdə çinli tələbələrə ölkəmizdə görülən işlər yaradılan şərait və milli mənəvi dəyərlərimiz haqqında məlumatlar verirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub