Modern.az

Deputatlardan ermənilərin Şuşa məscidi ilə bağlı təxribatına ÇAĞIRIŞ

Deputatlardan ermənilərin Şuşa məscidi ilə bağlı təxribatına ÇAĞIRIŞ

1 Avqust 2019, 14:09

Ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir. Bu dəfə düşmən işğal altında saxladığı Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər. İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

 

Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi bu cür erməniləşdirmə siyasətinə Milli Məclisin üzvləri də səssiz qalmadı. Modern.az-a bu barədə danışan deputat Fəzail İbrahimlinin fikrincə, ermənilər təcavüzkar, işğalçı olsalar da cəzasız siyasi mühitdə yaşayırlar:

 

“Heç bir dövlət tərəfindən işğalçı kimi tanınmayıblar, sanksiyalar tətbiq edilməyib, onların işğalçılıq, vandalizm əməllərinə göz yumulur. Ermənistanın arxasında böyük qüvvələr dayanır və işğal etdikləri əraziləri erməniləşdirmək siyasəti yeridirlər. Azərbaycan dövləti isə buna qarşı etirazını mütləq diqqətə çatdırır.

Siyasi prosedurlar öz yerində, ictimaiyyət də ermənilərin bu əməllərinə etiraz edib, səsini yüksəltməlidir. Biz hətta beynəlxalq qurumlara da narazılığımızı çatdıra bilərik. Media xüsusilə bu məsələdə diqqətli olmalı, hətta hər bir sayt rəhbərləri, media qurumları şəxsi təşəbbüs göstərərək, məsələni gündəmdə saxlamalıdırlar.

 

Deputat Məlahət İbrahimqızı da qeyd edib ki, ermənilər yaşadıqları məkanda onlardan öncə mövcud olan tarixi-mədəni irsi məhv etməyə çalışırlar, erməniləşdirirlər:

“Bu, dünya ictimaiyyətinə məlumdur. 30 ilə yaxın müddətdə Azərbaycanın işğal etdikləri torpaqlarında olan abidələri yandırmaqla, Xocalı soyqırımını törətməklə, torpaqlarımızdan didərgin salınan əhalinin geridə qalan mal-mülkünü talayıb, Azərbaycan torpaqlarından özlərinə fayda götürməklə kifayətlənmirlər. Orada tarixi Azıx mağarası, digər qədim abidələr var, onların bir hissəsini erməniləşdirə bilməyəndə saxtaklarlıq edib, tarixi itirməyə çalışırlar. Ermənistanın işğalçı rejimi, siyasətçiləri, tarixçiləri bilirlər, nəinki onlar başqalarının tarixini saxtalaşdırıblar, hətta hazırda yerləşdikləri Ermənistan dövlətinin ərazisi də özlərinə aid deyil. Qədim türklərin, Azərbaycan dövlətlərinin, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, hətta Manna, Midiya dövründən qalmış abidələrimizi, daş kitabələri erməniləşdirirlər”.

 

Müxtəlif ərazilərdə mövcud olan, tarixi mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunduğunu xatırladan M. İbrahimqızı diqqətə çatdırıb ki, bu abidələrə qarşı zorakılıq edilirsə, UNESCO və digər müvafiq beynəlxalq təşkilatlar reaksiya verməlidir:

“Bununla bağlı Erməmistana sanksiyalar tətbiq olunsa məqsədəuyğun olar. Ermənilər yaxşı bilirlər ki, Şuşa məscidinin saxlanması Azərbaycanın o torpaqlarda mövcudiyyəti deməkdir. Ona görə, Azərbaycan tarixinə aid bütün tarixi abidələri, məzarlıqları, məhv edib, erməniləşdirməyə çalışırlar. Onlar işğalçı, təcavüzkar, zorakı missiyalarını sona qədər davam etdirməyi qarşılarına məqsəd qoyublar”.

 

Deputat Fazil Mustafa isə acı reallığı bu cür ifadə edib:

“Bununla nə qədər barışmasaq da, torpaqlarımız ermənilərin əlindədir. Biz işğalçıya “abidələrimizi məhv etməyin, onlara qarşı ehtiyatlı davranın” deyə, tövsiyə verəsi deyilik. Ancaq savaş yolu ilə, düşmən tapdağındakı torpaqlarımızı azad etməliyik. Hazırkı vəziyyətdə beynəlxalq qurumlara müraciət edə bilərik ki, hansısa tədbir görülsün. Bizim bu qədər həyəcanlı davranmağımızın əsası yoxdur. Ona qalsa, Kəlbəcərə yol da çəkirlər. Nə qədər etiraz etsək də, ermənilər bunu diqqətə almayacaqlar. Biz ancaq onların başını əzməliyik, torpaqlarımızı geri almalıyıq, göstərməliyik ki, Azərbaycanın torpaqlarını işğal etmək yolverilməzdir. Biz işğala qarşı addım atmalıyıq, bunu edə bilmiriksə, sonralar dağılacaq digər abidələrimizə də kənardan baxmaqla kifayətlənməli olacağıq”.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?