Modern.az

Rusiya azərbaycanlılarını qorxuda saxlayan “desantçılar günü” - “Bazarlara hücum edirdilər”

Rusiya azərbaycanlılarını qorxuda saxlayan “desantçılar günü” - “Bazarlara hücum edirdilər”

2 Avqust 2019, 15:40

Hər il avqustun 2-si Rusiyada Hava Desant Qüvvələri Günü kimi qeyd edilir.

 

Bir neçə il bundan qabaq Rusiyada yaşayan azərbaycanlılar ilin bu günü qəribə mənzərə ilə qarşılaşdıqlarını deyirdilər. Səbəb isə desant gününü bayram edənlərin Qafqaz və Mərkəzi Asiyadan gələn miqrantalara qarşı aqressiya nümayiş etdirməsidir. Çünki ənənəvi olaraq küçələrə çıxan desantçılar bazarlara, o cümlədən, azərbaycanlılara məxsus ticarət pavilyonlarına hücum edirdilər.

 

Maraqlıdır, bu gün də Rusiyada desantçıların günüdür. Hazırda Rusiyada yaşayan azərbaycanlılar hər hansı narahatlıqla üz-üzə qalıblarmı?

 

Rusiyanın Surqut vilayətində yaşayan və Xanti-Mansiysk Muxtar Dairəsi Yuqra üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Azad Seyidov Modern.az-a açıqlamasında məhz bu gün desantçıların artıq hücum etmədiklərini söyləyib.

 

“1990-cı illərin əvvəlində desantçılar günü küçəyə çıxmaq Rusiyada yaşayan azərbaycanlılar və dağıstanlılar üçün yaxşı nəticələnmirdi. Azərbaycanlıların çoxu bazarlarda meyvə-tərəvəz satmaqla məşğul olduqlarından desantçılar həmin gün bazarlara hücum edib “qaraları əzməklə” məşğul olurdular. Son illərdə isə bu “ənənə” aradan qalxıb. Çünki polis bu gün gücləndirilmiş iş rejimində çalışır. Küçələrə səpələnmiş desantçılar hər hansı neqativ hallara yol verə bilmirlər. Həmçinin, əvvəllər qeyri-millətlərdən olanlara hücum çəkənlər əsasən içkili vəziyyətdə olanlar idi”.

 

Azad Seyidovun sözlərinə görə, bir neçə il əvvəl aidiyyatı qurumlara bu cür neqativ hallarla bağlı müraciət etdiyini də bildirib:

“Bir neçə il bundan qabaq  hər hansı formada narahatlıq yaranmasın deyə güc strukturlarına müraciət etmişdim. Çünki qeyri-millətlərdən olanları bu formada aşağılamaq olmaz. İndi isə belə hallar baş vermir. Əvvəla, bu gün insanlar işə çıxmırlar. Çalışırlar ki, ictimaiyyət arasına çıxmasınlar. İkincisi isə  küçələrə çıxıb qaydaları pozanlar sərt cəzalandırılır. Hər tərəfdə polis dəstəsinə rast gəlmək mümkündür. Ona görə də kimsə cəza almasın deyə, qeyri-millətlərdən olanlara qarşı təhlükə yoxdur”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir