Modern.az

Osman Gündüz: “Nə üçün Azercell-in 3, Bakcell-in isə 1 kodu olmalıdır?”

Osman Gündüz: “Nə üçün Azercell-in 3, Bakcell-in isə 1 kodu olmalıdır?”

2 Avqust 2019, 16:10

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil operatorlar arasında tənzimləmə siyasəti ədalətli deyil”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz söyləyib. O nazirliyə bu sualla müraciət edib:

Nömrə resursları necə ayrılır, nə üçün Azercell-in 3, Bakcell-in isə 1 kodu olmalıdır?

 

Xatırladaq ki, Azercell Telekom MMC dövlət şirkətinə yeni nömrə resursu, 010 kodu (prefiks) verilib. Bununla bağlı məlumatlar artıq bir ay öncədən mediada yayılıb. Yəni , yaxın müddətdə Azercell 010 xxx xx xx formada nömrələrin də satışını həyata keçirə biləcək. İndiyədək mobil bazarda bu mobil operatorun və Nar Mobile şirkətinin hər birinin 2 nömrə resursu olub.  Azercell 050 və 051, Nar isə 070 və 077 kodları ilə mobil nömrələri istifadəyə verib.

Ölkənin ilk mobil operatoru olan Bakcell isə uzun müddətdir, yalnız bir koddan, 055 prefiksindən istifadə edir.

 

Osman Gündüz elə bu məsələyə narazılığını bildirərək, mobil operatorlar arasında ayrıseçkiliyin qoyulmasına etiraz edib:

“Bildiyim qədərilə 2-3 ildir, Bakcell yeni nömrə resursu, 099 kodunun alınması üçün NRYTN-a rəsmi müraciət etmişdi. Və bu 3 il ərzində “vuruşurdu” ki, həmin resursu alsın. Halbuki yeni kod alan tərəf Azercell oldu. Xüsusilə, “bərkgedən” hesab oluna biləcək 010 kodunu əldə etdi.

 

Bu halda sual yaranır ki, görəsən niyə 2 nömrə resursu olana 3-cü də verilir, amma cəmi bir kodu olan ölkənin ilk mobil operatoruna 2-ci kod ayrılmır? 

Hansı ki, bu yeni resursla Bakcell xeyli inkişaf edə bilərdi, yeni müştərilər qazana bilərdi. İnfrasturktura investisiya yatıra bilərdi. Və sonda mobil bazarda rəqabətli mühit daha da inkişaf edərdi”.

 

AİF prezidenti düşünür ki, qanunvericilikdə nömrə resursunun ayrılmasından imtina üçün ciddi əsaslar olmadığı halda, NRYTN açıq-aşkar diskriminasiya edir, ədalətsiz siyasət yürüdür, sərbəst və azad rəqabət prinsiplərini pozur:

 

“Dövlət inhisarçılığı ilə özəl qurumun, Bakcell şirkətinin fəaliyyəti məhdudlaşdırılır.

 Antiinhisar fəaliyyəti haqqında , Telekommunikasiya haqqında Qanunların və Nömrə resurslarından istifadə Qaydlarının tələblərinə əməl edilmir.

Həm tənzimləyici, həm də kommersiya səlahiyyətləri olan NRYTN bu addımla Azercell-in bazarda süni surətdə üstün mövqeyini qorumağa çalışır. Düşünürəm ki bu çox kobud qanun pozuntusudur”.

Osman Gündüz mövzu ilə əlaqədar bu prosesi tənzimləməli olan Antiinhisar Siyasəti Dövlət Xidmətinin də adını çəkib və maraqlı detalları açıqlayıb:

 

“Əldə etdiyim məlumata görə, Bakcell təxmini bir ildir, bu quruma NRYTN-in qanunsuz hərəkətlərindən-antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından dolayı rəsmi müraciət edib. Hətta artıq bir-iki ay öncə bununla bağlı Antiinhisar qurum tərəfindən qərarın da çıxarıldığını öyrəndim.

Qəribədir ki, bizim bəyənmədiyimiz, elə mənim də son zamanlar ciddi tənqid etdiyim Antiinhisar Dövlət Xidməti ötən ay antiinhisar qanunvericiliyin tələblərinin pozulduğunu əsas tutaraq Bakcell-ə nömrə resursunun - 099 kodunun ayrılması haqqında, təbii inhisar subyekti NRYTN üçün məcburi olan qərar qəbul edib. 

Bu Qərarın artıq NRYTN tərəfindən icra edildiyi və Bakcell-ə 099 kodunun verildiyi bildirilir. Bakcell şirkəti isə hələlik bu haqda açıqlama yaymayıb. Lakin Azercell-dən 010 ilə bağlı informasiya artıq sızıb. 
Görünür ki, Bakcell NRYTN ilə müqavilə şərtlərini indiyədək də razılaşdıra bilməyib.

Belə hesab edirəm, NRYTN tez bir zamanda Antiinhisar Dövlət Xidmətinin qərarına uyğun olaraq Bakcell üçün 2-ci kod ayırmalı və nömrə resurslarından istifadəyə şərait yaratmalıdır. 

Məhz bundan sonra hər üç mobil operator üçün əlavə nömrə resurslarının ayrılmasına diqqət yetirilməsi daha doğru və ədalətli olardı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir