Modern.az

Bakcell də yeni kod və nömrə üçün Nazirliyə müraciət edib  

Bakcell də yeni kod və nömrə üçün Nazirliyə müraciət edib  

Media

3 Avqust 2019, 13:06

Azercell Telekom MMC dövlət şirkətinə yeni nömrə resursu, 010 kodu (prefiks) verilib.

 

Bununla bağlı məlumatlar artıq bir ay öncədən mediada yayılıb. Yəni, yaxın müddətdə Azercell 010 xxx xx xx formada nömrələrin də satışını həyata keçirə biləcək. İndiyədək mobil bazarda bu mobil operatorun və Nar Mobile şirkətinin hər birinin 2 nömrə resursu olub.  Azercell 050 və 051, Nar isə 070 və 077 kodları ilə mobil nömrələri istifadəyə verib.

 

Ölkənin ilk mobil operatoru olan Bakcell isə uzun müddətdir, yalnız bir koddan, 055 prefiksindən istifadə edir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə bu məsələyə narazılığını bildirərək, mobil operatorlar arasında ayrıseçkiliyin qoyulmasına etiraz edib:

“Bildiyim qədərilə 2-3 ildir, Bakcell yeni nömrə resursu, 099 kodunun alınması üçün NRYTN-a rəsmi müraciət etmişdi. Və bu 3 il ərzində “vuruşurdu” ki, həmin resursu alsın. Halbuki yeni kod alan tərəf Azercell oldu. Xüsusilə, “bərkgedən” hesab oluna biləcək 010 kodunu əldə etdi.

Bu halda sual yaranır ki, görəsən niyə 2 nömrə resursu olana 3-cü də verilir, amma cəmi bir kodu olan ölkənin ilk mobil operatoruna 2-ci kod ayrılmır? 

Hansı ki, bu yeni resursla Bakcell xeyli inkişaf edə bilərdi, yeni müştərilər qazana bilərdi. İnfrasturktura investisiya yatıra bilərdi. Və sonda mobil bazarda rəqabətli mühit daha da inkişaf edərdi”.

 

AİF prezidenti düşünür ki, qanunvericilikdə nömrə resursunun ayrılmasından imtina üçün ciddi əsaslar olmadığı halda, NRYTN açıq-aşkar diskriminasiya edir, ədalətsiz siyasət yürüdür, sərbəst və azad rəqabət prinsiplərini pozur: 

“Dövlət inhisarçılığı ilə özəl qurumun, Bakcell şirkətinin fəaliyyəti məhdudlaşdırılır.

 Antiinhisar fəaliyyəti haqqında , Telekommunikasiya haqqında Qanunların və Nömrə resurslarından istifadə Qaydlarının tələblərinə əməl edilmir.

Həm tənzimləyici, həm də kommersiya səlahiyyətləri olan NRYTN bu addımla Azercell-in bazarda süni surətdə üstün mövqeyini qorumağa çalışır. Düşünürəm ki, bu çox kobud qanun pozuntusudur”.

 

Osman Gündüzün bu ittihamlarına NRYTN də laqeyd qalmayıb. Nazirlikdən Modern.az-a bildirilib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır:

“Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

 

 “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub. Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaqdır”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər