Modern.az

Xırdalanda nəmişlik problemi – Evlərini tərk edənlərin sayı artır

Xırdalanda nəmişlik problemi – Evlərini tərk edənlərin sayı artır

Ölkə

3 Avqust 2019, 15:46

Son zamanlar əhalisinin yüksək sıxlığı ilə tanınan Xırdalan şəhərinin problemləri sosial şəbəkə gündəmindən düşmür. Orada yaşayan insanlar bu dəfə isə binaların çox sıx tikilməsindən, şəhərsalma qaydalarının kobud şəkildə pozulmasından şikayət edirlər.

 

Hətta bəzi sakinlərin bina evlərini dəyər-dəyməzinə sataraq, kirayə verərək başqa ərazilərə köçdüyü də iddialar arasındadır. Onların bu addımının səbəbi kimi isə binaların çox yaxın tikilməsi nəticəsində bəzi mənzillərə günəş işığının düşməməsi, nəmişliyin baş alıb getməsi göstərilir.

 

Xırdalanın bitməyən problemləri haqqında Modern.az-a danışan daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov da faktları təsdiqləyir. O qeyd edib ki, adıçəkilən şəhərdə tikilən binalar o qədər sıx və plansızdır ki, bəzi hissələr həqiqətən günəş işığı görmür:

“Ümumilikdə, Bakı şəhərini, Abşeron yarımadasını götürsək, hazırda ən çox sıxlıq Xırdalandadır. Elə binalar var, heç günəş şüası görmürlər. Orada torpaq sahələri baha satılır, amma yaşayan əhali kontingenti əsasən aztəminatlı ailələrdir. Onlar isə bahalı mənzillər ala bilmirlər, yalnız ucuz mənzillərə qaçırlar. Bu baxımdan ucuz başa gəlsin deyə, şirkətlər kiçik torpaq sahəsində sıx binalar tikir, əhaliyə ucuz qiymətə satırlar. Nəticədə nəmişliyə görə tərk edilən evlərin sayı artır.

 

Bu məsələdə tək şirkətləri günahlandırmaq düzgün deyil. Hər bir şirkət istəyər ki, tikdiyi evi qısa zamanda satsın, satışla bağlı problem yaşamasın. Ona görə, bina evlərini ucuz qiymətə əhaliyə verməyə can atırlar. Məsələn, evin 1 kvadrat /metr hissəsinin ərsəyə gəlməsi 700 manata başa gəlirsə, 800-1000 manat arası satış qiyməti müəyyən edirlər. Nəzərə almaq lazımdır ki, binanı tikən şirkət onun ətrafını, kommunikasiya problemlərini də həll edir. Binanın tikilməsinin xarici xərclərinin müəyyən hissəsini şəhər icra hakimiyyəti öz üzərinə götürsə, infrastruktur da yaxşılaşar. Bildiyim qədərilə, Xırdalanın bu problemlərini həll etmək istiqamətində işlər aparılır. Düşünürəm ki, müəyyən müddət sonra hazırkı narahatlıqlar aradan qalxacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir