Modern.az

Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?

Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?

Aktual

3 Fevral 2012, 11:39

Yəqin ki, oxucuların yadındadır, bir qədər əvvəl Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov mətbuata açıqlamasında demişdi ki,  BDU-da tibb fakültəsi açıla bilər: “Dünyada belə təcrübə yoxdur ki, ölkədə ancaq bir tibb universiteti olsun. Moskva Dövlət Universitetində artıq 10 ilə yaxındır ki, tibb fakültəsi fəaliyyət göstərir. Latviya və Türkiyə universitetləri də BDU kimi klassik universitetlərdir, onlarda da tibb fakültəsi var”.

Nəhayət, bir neçə gün öncə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, deputat Əhliman Əmiraslanov bu məsələyə Modern.az-da münasibət bildirdi: “İndiki durumda Azərbaycanda hansısa universitetdə tibb fakültəsinin açılması mümkün deyil. Tibb fakültəsini açmaq o qədər də asan məsələ deyil. Ümumiyyətlə, praktikaya nəzər salın. Özəl universitetlərdə tibb fakültələri açdılar, amma yoxlamalar nəticəsində məlum oldu ki, özünü doğrultmadı və hamısı bağlandı. Bunun üçün ciddi kadr potensialı, texniki təchizat, klinika olmalıdır. Ona görə də hesab edirəm ki, indiki durumda Azərbaycanda hansısa universitetin tibb fakültəsi açması mümkün deyil. Mən bunu ciddi məsələ kimi qiymətləndirə bilmirəm, bu cür iddiaları yersiz hesab edirəm”.

Deputat-rektorların fikirlərinə bir təhsil eksperti kimi münasibət bildirmək istəyirəm.

Əhliman Əmiraslanovun belə bir münasibəti gözlənilə bilən idi, amma bu dərəcədə açıq şəkildə yox! Əvvəllər o, etirazlarını başqa formada edirdi. Yadınızda varsa, bir zamanlar Abel Məhərrəmov haqlı olaraq, Təhsil Nazirliyinin adının dəyişdirilib “Elm və Təhsil Nazirliyi” qoyulması fikrini irəli sürmüşdü. Onda Əmiraslanov ortaya heç bir arqument qoymadan sözkəsənlik etdi: “Neçə illərdir ki, Təhsil Nazirliyi adı var, indi bu adı dəyişmək nəyə lazımdır?”. O vaxtdan duyulurdu ki, bu adamda Abel Məhərrəmova qarşı nəsə bir aqressiya var. Hətta bunu hiss edən ekspert Nadir İsrafilov vaxtilə bir məqaləsində yazmışdı: “Xeyli əvvəl Abel Məhərrəmov mətbuata söyləmişdi ki, BDU-da tibb fakültəsi açıla bilər. Belə çıxır, indiyədək ciddi-cəhdlə vahid əldə cəmləşmiş ali tibb təhsilində, məcazi dildə desək, kiminsə gözü var. Ola bilər, bu məqam Əhliman Əmiraslanovda qısqanclıq yaradıb və ona görə də Abel Məhərrəmovun fikrinə - Təhsil Nazirliyinin adının dəyişdirilməsinə - inkarçılıq mövqeyindən yanaşıb”.

Görünür, bu gün BDU-da tibb fakültəsinin açılması məsələsi reallaşmaq üzrədir. Ona görə də Əmiraslanov artıq açıq-açığına buna qarşı çıxmağa başlayıb. Amma onun etirazının səbəbləri o qədər də aydın deyil. O, ümumi şəkildə tibb fakültəsinin açılmasının çətinliyindən, hətta indiki halda mümkünsüzlüyündən danışır. Əmiraslanovun məntiqindən dolayısı ilə belə çıxır ki, tibb profilli fakültələr ATU-dan başqa heç yerdə olmamalıdır, hətta o, bu cür iddiaları yersiz sayır. Amma nəzərə almır ki, bu gün tibbin elə sahələri var ki, onlar BDU-nun, məsələn, kimya, biologiya, fizika, tətbiqi riyaziyyat və kibernetika fakültələrində tədris olunan fənlərin qovşağında yerləşir, deyərdim ki, onlara daha yaxındır. Bəs bu sahələri neyləyək? Əmiraslanov istəmir deyə bu sahələr olmamalıdır? Bir də ki, məsələyə bu dərəcədə qısqanclıqla yanaşmağın anlamı nədən ibarətdir? Mənə görə, bunu inhisarçılqdan başqa bir tərəfə yozmaq mümkün deyil. Əksinə, Əhliman Əmiraslanov maraqlı olmalıdır ki, tibb fakültələri ölkəmizin bir çox universitetlərində olsun. Belə olsa, bu fakültələr arasında rəqabət yaranar. Bəs, Əmiraslanovun iştirakı ilə parlamentdə qəbul olunan və rəqabətə yol açan “Anti-inhisar haqqında” Qanun harada qaldı? Məgər rəqabətsiz də inkişaf olar? Məhz inkişafın olmaması səbəbindən bu gun yaxın qonşularımız ATU-nun diplomlarını tanımır. Xeyli əvvəl İranın səhiyyə nazirinin müavini İranda ATU-nun diplomlarının tanınmaması ilə bağlı rəsmi açıqlama verdi. Bunu eşidəndə görəsən, Əhliman Əmiraslanov özünü necə hiss etdi? Bu gün xəstələrimiz xaricə müalicəyə gedəndə o, öz-özünə demirmi: Hanı mənim 20 il rektor işlədiyim universitetin yetişdirmələri? Niyə bu insanlar müalicə üçün selləmə xaricə gedirlər? Hətta adamlar tanıyıram ki, onlar Əmiraslanovun sahəsi olan oynaq xərçəngindən əməliyyat olunmaq üçün yaxın xaricə üz tuturlar. Ona görə də hesab edirəm ki, o, ali tibbi təhsil sahəsində inhisarçılığin yaradılması yox, bir akademik, bir millət vəkili, nəhayət bir ziyalı kimi, bu inhisarçılığın aradan qaldırılması üçün dövlət və hökumət qarşısında məsələ qaldırmaq haqqında düşünməlidir. Bunun Əmiraslanovun rəhbərlik etdiyi ATU-nun qalxınması üçün də xeyri var, özü də lap çox.

Əlövsət Osmanlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi