Modern.az

Gənc şair Fikrət Qocanı İTTİHAM ETDİ: “Axı nə məcburdu?”

Gənc şair Fikrət Qocanı İTTİHAM ETDİ: “Axı nə məcburdu?”

6 Avqust 2019, 16:14

“Fikrət Qoca deyir ki, gənclərin səbri o qədər yetişməyib, bir nəfər sədr olsun, qalanları gözləsinlər ki, mən də sonra olaram: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki?”. Yaxşı, bəs Fikrət Qoca niyə namizəd olacaq gənclərin hamısını sədr olmaq istəyinə görə ittiham etməlidir?”.

Bu sözləri Modern.az-a gənc şair Emil Rasimoğlu söyləyib. Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında sədrliyə namizədliyini irəli sürəcəyini elan edən E. Rasimoğlu birliyin birinci katibi, xalq şairi Fikrət Qocanın bu haqda fikirlərinə laqeyd qala bilməyib:

“Təbii ki, namizədliyini irəli sürən hər gənc, eləcə də yaşından asılı olmayaraq hər kəs sədrlik iddiasını ortaya qoyur. Amma bu o demək deyil ki, gənclərin hansısa biri sədr seçildikdə digərləri ona qarşı, şəxsən sədrlik postuna görə kütləvi şəkildə etiraz edəcək və ya haçansa özünün sədr olmasını gözləyəcək. Bu seçkidir, seçki! Seçkidə seçilirsən, təyin olunmursan ki, narazılıq edəsən.

Digər tərəfdən, Fikrət müəllim bilmir ki, seçkidə vahid namizəd anlayışı da var? Bu baxımdan da gənclərin sədrliyə kütləvi namizəd olmaq istəyi sədr olmaq  yox, həm də sonunda - qurultaya bir müddət qalmış vahid namizədi təyin edib, qurultaya vahid namizədlə gələ bilmək istəyi də ola bilər. Fikrət Qoca ümumən fikirlərində gənclərin namizəd olmasına müsbət yanaşsa da, indidən artıq Anar müəllimi namizəd kimi görür, hətta ona səs verəcəyini də vurğulayır. 80 yaşı ötmüş bir ziyalının digər 80 yaşı ötmüş bir ziyalıya dəstək olmasına ehtiyac varmı?! Axı nə məcburdu? Olmazmı ki, Fikrət Qoca da, elə Anar müəllim də gəncləri dəstəkləyib, onları namizəd görələr?”


E.Rasimoğlu Fikrət Qocanın zamanı çatanda AYB-dəki vəzifəsindən gedəcəyi barədə açıqlamasına da münasibət bildirib:

“O zaman hansı zamandı? Bəs deyilmi? Yaxşı əgər alternativsizliyi qəbul etmirsə, niyə çıxışında nəticəni alternativsizliyə gətirib çıxarır. Fikrət müəllimin sözlərindən belə çıxır ki, sədr bir nəfər seçilirsə, namizəd də bir nəfər olmalıdı. O da ki Anar Rzayev.

Mən bir daha gənclərin AYB-nin XIII qurultayında iştirakını mütləq hesab edib, AYB-dəki bütün postlarda (Sədr, katib və.s) gəncləri görmək naminə öz nəsildaşlarımı sağlam mübarizəyə çağırıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir