Modern.az

Həyat amalı QİSAS olanlar - “Santos” kod adlı kəşfiyyatçının DÖYÜŞ YOLU

Həyat amalı QİSAS olanlar - “Santos” kod adlı kəşfiyyatçının DÖYÜŞ YOLU

7 Avqust 2019, 08:54

Alimlər hələ ötən əsrlərdə sübut ediblər ki, insanlarda anadangəlmə (genetik) elə xüsusiyyətlər var ki, o nəinki fərdi tərk etmir, əksinə, ömrünün sonuna kimi şəxsiyyətinin bütövləşməsində, tanınmasında mühüm rol oynayır. Necə deyərlər, babalarımızın “ot kökü üstündə bitər” misal-fəlsəfəsində olduğu kimi...
Əslində  I Qarabağ müharibəsi həm də bir sınaq meydanı oldu, kimin “kök”ü nə idi, necə idisə, ortaya qoydu və bir daha qorxaq qorxaq kimi, igid igid kimi şəcərəsinin nə olduğunu təsdiq etdi.

Bu gün oxucularımızı vətənpərvər, döyüşkən, igid Oğuz soylarından birinin şəcərə simasını özündə hələ də yaşadan keçmiş döyüşçü, (elə indi də döyüşə hazırdı) bir eloğlumuzla tanış edəcəyik.

Rafiq Xasay oğlu Kərimov 1968-ci ildə Ağdam rayonu Maqsudlu sovetliyinin Tərneft kəndində anadan olub. Elə burda da orta məktəbi bitirib. Rusiyanın Xabarovsk şəhərində - Sovet ordu sıralarında hər xidmət keçib.  Ordudan kiçik serjant hərbi rütbəsi ilə tərxis olunduqdan sonra doğma yurduna dönüb. AğdamYanğından Mühafizə İdarəsində əmək fəaliyyətinə başlayanda artıq erməni quldurları qruplar şəklində  birləşərək, soydaşlarımıza qarşı təxribatlar törədir, Qarabağın hər guşəsində günahsız qanlar tökürdü. Zəhərli ilanlar yuvasına çevrilmiş Xankəndində (Stepanakert) isə azərbaycanlılara qarşı hücumlar daha intensiv şəkil almış, təhqir və təzyiqlərin sayı artmışdı. Burada Azərbaycan hökuməti tərəfindən yaradılan xüsusi polis alayı şəhərdəki soydaşlarımızı müdafiə edən yeganə qurum idi. Hər dəqiqə pusquya düşmək, hər dəqiqə namərd gülləsinə tuş gəlmək gercəyindən çəkinməyən Rafiq də 1989-cu ilin dekabrında həmin alayın tərkibinə qatılaraq onlardan imdad gözləyən soydaşlarının  müdafiəsinə qalxdı.



Münaqişənin günü-gündən qızışması, hadisələrin qarşısıalınmaz bir ahənglə irəliləməsi sovet imperiyasının caynağından qopa bilməyən Azərbaycanın əleyhə  gedirdi. Tarix boyu həm Rusiya, həm də, sovet imperiyası  erməniləri himayə edərək, “din qardaşlığı”  adı altında azərbaycanlılara qarşı deportasiya və soyqırımı kimi dəhşətli əməllər həyata keçirib. Bu dəfə də ermənilərə hərtərəfli dəstək göstərərək, onları daha da quduzlaşdırdılar. Cəzasızlıq şəraitində yeni planlar quran, qətllər törədən ermənilər rusların 366-cı alayına məxsus müasir silah və sursatlarla silahlanıb gücləndikcə, şəhərdə balans pozulur, azərbaycanlılara qarşı qarət və qətllər artırdı. Polislərimizin isə demək olar ki, silahsız olması, ( çox az miqdarda avtomat və tapançalarla təmin edilmişdilər) onları  çarəsiz duruma salırdı. Dekabr ayının sonuna kimi Xankəndindən sonuncu azərbaycanlı da çıxarıldı. DQMV-nin mərkəzi artıq tamamilə ermənilərin idarəçiliyinə keçdi.


Artıq Ağdamda özünümüdafiə batalyonlarının yaranma zərurəti labüdləşdi  və az bir zaman kəsiyində proses başlandı. Çünki  Qarabağda hamı anlayırdı ki, münaqişə çoxdan yerini müharibəyə verib. Rafiq də, qardaşı Rizvan da bütün  yurdsevər oğullar kimi düşmənə qarşı silaha sarıldılar, könüllülər batalyonunda çiyin-çiyinə döyüşlərə atılırdılar. Amma yenə də çatışmazlıqlar vardı.  Nizami ordu, hərb elminə yiyələnmiş sərkərdə, dövlət hesabına texnika və silahların olmaması müharibədə bəzi boşluqlar yaradırdı. Buna baxmayaraq, tərkibi  erməni və rus zabitlərindən  ibarət olan nizami düşmən ordusuna qarşı döyüşmək nə qədər çətin olsa da, könüllülər də bir o qədər rəşadət, cəsarət, döyüş əzmi göstərirdilər. Ölüm-dirim savaşı gedirdi. Heç kim geri çəkilmək, meydanı boş qoymaq haqda düşünmürdü. Hamı ancaq qarşısıalınmaz bir istəklə qələbəyə can atırdı.


1992-ci ilin əvvəllərində 836 saylı batalyon (Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı ilk batalyon) rəsmi qaydada təsdiq olunandan sonra Rafiqin döyüş yolu daha da mürəkkəbləşdi. Hələ özünümüdafiə batalyonunda olakən onun kəşfiyyat xidmətində çalışması təcrübəli hərbçi olamasına şərait yaratmışdı. Topladığı təcrübələrdən  ən ağır döyüşlərdə, ən təhlükəli  kəşfiyyat əməliyyatlarında istifadə edirdi. Buna görə, silahdaşları Rafiqi cəsarətli- ürəkli oğlan kimi tanıyırdılar. Kod adı isə “Santos” idi. Döyüşlərin birində sağ çiynindən yaralanması, Bakıdakı Travmatologiya İstitutuna müalicəyə göndərilməsi onu xeyli kədərləndirirdi. Axı qızğın döyüşlər gedirdi, Rafiqin ermənilərə olan ”ürək sözləri” yarımcıq qalmışdı...
27-ci günün səhərisi səhər tezdən xəstəxananı tərk edərək, birbaşa batalyona gəldi. Döyüş dostlarının təəccüblü baxışları altında hamı ilə mehribancasına görüşdü və gülümsündü. Görəsən niyə unutmuşdular ki, Rafiqin tam sağalmağa, sağalana qədər səngərdən uzaq qalmağa hövsələsi  çatmayacaq! Rafiq baş leytenant, kəşfiyyat rotasının komandiri Yavər Babayevin müavini təyin olunub əməliyyata gedəndə hələ yaraları tam sağalmamışdı.


İyunun 18-də Şirin Mirzəyevin həlak olması Rafiq həyatında ən böyük itki və zərbə oldu. Eləcə də, baş leytenant Yavər Babayevin, Sənan Rüstəmovun, Əlabbas İsgəndərovun, Qırımxanın,  Arazın  və digər igidlərin şəhid olması onun dost siyahısının seyrəlməsi demək idi.


836-cı batalyona Yavər Abbasov komandir təyin olunandan sonra qərargah rəisinin səfərbərlik üzrə rəis müavini vəzifəsi Kərimova həvalə olundu. Döyüşlərin birindən də qalmayan, səngərlərdən çıxmayan Rafiqin vücudunda kəskin ağrılar baş qaldırmağa başladı. Ağrılara dözür, biruzə verməməyə çalışırdı. Bilirdi ki, komandanlıq bunu bilsə, onu məcburən yenidən müalicəyə göndərəcək. Susmalıydı və susurdu.  Çünki döyüşməliydi.


Bir gün qardaşı-alay komandiri Rizvan Kərimovun  Mərzili kəndi uğrunda gedən döyüşlərdə  ağır  yaralandığını eşitdi. Komandirdən icazə alaraq xəstəxanaya gəldi. Qardaşının vəziyyətinin getdikcə ağırlşması onu burada xeyli ləngiməsinə səbəb olur. Elə bu arada əzizlərinin  təkidi ilə həkim müyinəsindən keçmək  məcburiyyətində qalır. Həkimlər onun həddən artıq zəifləmiş vücudunu  və səhhətindəki kəskin dəyişiklikləri gördükdən sonra təcili müalicəyə başlamasını tələb etdilər.1993-cü ildə Rafiqi ordudan tərxis olunur.


Hazırda Rafiq II qrup Qarabağ əlilidir. Həmişə yenidən ordu sıralarına qayıtmağı.  döyüşməyi, qələbə çalmağı arzu edib. Bütün keçmiş döyüşçülər kimi o da məğlubiyyətlə barışmır. Axı Qarabağda da, Azərbaycanda da, bütün regionda da bilirdilər ki, bu məğlubiyyət döyüşən oğulların yox, siyasətbazların, səriştəsiz idarəetmənin, orduya sızmış xainlərin fəaliyyətinin nəticəsidir! O, indi yaxın dostlarının qanı tökülən, ata-babaların əbədi məskəni  olan yurd yerlərimiz uğrunda döyüşlərə atılacağı günü gözləyir və buna hazırdı. Nəinki hazırdı,  hətta aprel savaşına, o qanlı döyüşlərə  qatılmaq üçün də can atdı. Hara müracət etdisə, döyüşə qatılmaq haqda razılıq ala bilmədi. Elə çırpına-çırpına,  od-alov püskürə-püskürə qaldı... axı hələ də düşməndən qisas ala bilməyib... Axı qardaş dediyi silahdaşlarının qanı qəbirlərinə  sızır, hələ də dayanmayıb... Bu qanı durdurmaq üçün  öncə yurdumuz - Qarabağ işğaldan azad edilməlidir. Sonra düşmənlərin başı əzilməlidir. Bir sözlə, qisas alınmalıdır, qisas qiyamətə qalmamalıdır. Bu Rafiqin həyat amalıdır, arzusudur...


Belə... Bu da vətənpərvər, döyüşkən, igid Oğuz soylarından birinin şəcərə simasını özündə hələ də yaşadan keçmiş döyüşçü Rafiq Kərimovun həyat yolu...


Əntiqə Rəşid

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?