Modern.az

Protokol işçilərinin GÜNAHI – Bayrağımızı kimlər tərs asır...

Protokol işçilərinin GÜNAHI – Bayrağımızı kimlər tərs asır...

Ölkə

7 Avqust 2019, 15:59

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.  Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng– müa­sir­li­yi, yaşıl  rəng– islam ideologiyasını ifadə edir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər rəsmi statusa malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilib və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.
1991-ci il fevral ayının 5-də Ali Sovet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

 

Azərbaycan Dövlət Bayrağının təsviri Konstitusiya ilə müəyyən edilir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə dalğalandıqca qürurlandığımız üçrəngli bayrağımızın yerləşdirilməsilə bağlı yanlışlıqlar isə tükənmək bilmir. Gah idman yarışlarında, gah sərgilərdə, gah da azərbaycanlı nazirlərin xarici səfərlərində müşahidə edilən bu yanlışlığın sonuncusu ilə kənd təsərrüfatı naziri İnam Kərimov qarşılaşıb.


Belə ki, Türkiyənin Ordu şəhərində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı, gürcü və türkiyəli həmkarlarının da iştirak etdiyi görüşdə bayrağımız tərs şəkildə masaya qoyulub. İnam Kərimov diqqətli davranaraq, dərhal tərs qoyulmuş bayrağı düzəldib. Analoji hal  bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov arasında Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən görüşdə də yaşanıb. Nazirlərin əyləşdiyi masada Azərbaycan bayrağının yaşıl rəngli hissəsi yuxarıda, göy rəngli hissəsi isə aşağıda olub.


Milli Məclisin deputatı Rasim Musabəyov məsələ ilə bağlı Modern.az-a bildirib ki, sonuncu hal təxribat olmasa da, süni addımdır:

“Yaşıl islam rəmzi olduğu üçün hesab edirlər ki, bu rəng yuxarıda olmalıdır. Ona görə bayrağımızı tərs asırlar, yaxud tərs qoyurlar. İsitisna etmirəm ki, bu, süni hərəkətdir. Amma səhv də ola bilər. Kimlərsə diqqətsizlik və məsuliyyətsizlik ediblər. Amma bizim protokol işçilərimiz, səfirliyin nümayəndələri belə şeylərdə diqqətli olmalıdırlar. Rəsmi qaydada bayrağa diqqət göstərmək nazirin işi deyil. Nazir diqqət etdiyi halda müdaxilə edə, düzəldə bilər. Amma bayraq yalnış qoyulubsa, bu, nazirin günahı deyil. Nazir görüşə sənədlərlə gedir, müzakirələr aparır, çıxışlar edir. Yəni onun kifayət qədər çox işi olur. Ancaq protokol işçisinin birbaşa səlahiyyətindədir ki, bayrağın düzgün qoyulmasına nəzarət etsin. Əgər kimsə bunu süni şəkildə edibsə belə, onu dəyişmək lazım idi. İnam Kərimov bayrağın tərs qoyulduğunu görüb düzəldibsə, çox yaxşı. Rusiyadakı hadisədə provakasiya olduğunu düşünmürəm. Bu, kimlərinsə məsuliyyətsizliyi, səriştəsizliyi və diqqətsizliyindən qaynaqlanır. Buna görə naziri tənqid etmək olmaz”. 

 

Bayrağın yanlış asılmasına, tərs qoyulmasına gəlincə, "Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, buna görə qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmayıb:

“Bu kimi məsələlərə protokol şöbələri diqqətli yanaşma sərgiləməlidir. Bayrağın düzgün yerləşdirilməməsilə bağlı bu kimi hallara müxtəlif ölkələrdə rast gəlmək mümkündür. Belə halların hər hansı tədbirdə iştirak edən nazirlərin birbaşa diqqət mərkəzində olması bir qədər mübahisəlidir. Çünki bu kimi məsələləri protokol şöbəsi həll edir. Ona görə də tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı yaşanan əyri-əksikliklərin düzəldilməsi məsələsinə protokol şöbəsinin daha diqqətli yanaşması lazımdır.  Bayraqla bağlı yaşanan bu vəziyyətə görə nazirlərin hər hansı bir məsuliyyətə cəlb edilməsi kimi hallar yoxdur. Ümumiyyətlə, bununla bağlı hər hansı məsuliyyət nəzərdə tutulmayıb”.

Ə. Nuriyev qeyd edib ki, belə hallar baş verdikdə tədbirdə iştirak edən və bayrağı səhv yerləşdirilən ölkənin rəhbər nümayəndəsi protokol şöbəsinə iradını bildirməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir