Modern.az

Hər an hər şey ola bilir - Azər Bülbülü anım

Hər an hər şey ola bilir - Azər Bülbülü anım

Mədəni̇yyət

3 Fevral 2012, 15:25

Dahilərdən kimsə deyib: ölüm həyatın sonu yox, son sözüdü. Onun da ölümü, səsinin, sənətinin sonu deyil.

Səs dünyada ən təmiz olandı. Çünki dünyada səslər bir-birinə qarışmır. Həmişə səslər arasında sərhədlər seçilir, sərhədlər səsləri ayırır.

Amma son hardan başlayır, harda qurtarır. Bu müəmmalar sirr kimi sənətin içindədi. Əslində sənətkar ömrü də sirr qarışıq müəmmadı, bütövlükdə sənətin içindədi. Elə haqqında söz demək istədiyim adam özü də sirlərə bükülü kimi görünən ömür sahibidi, bir sənətçidi. Onun sirri-sehri oxuduqlarında bir də səsində ifadə olunurdu. Səs dünyada ən təmiz olandı,-dedik. Əslində qarışıq səslərin içində ayrı-ayrı  saf səslər adamın diqqətini daha tez çəkir, qulağa tez çatır.

Onun səsi də fərqliydi, yüz səsin, min səsin içində görünəniydi. Yağla suyun sərhəddi kimi, onun səsinin sərhədləri apaydın görünəniydi. Elə özü də qəribə və qeyri -adi adam idi. Xarakteri də səsinə oxşayırdı. Çoxlarından seçilirdi. Bir mahnısında oxuduğu kimi -«Tanrım, bir az sana benziyorum yalnızlıkta».

O öz içində yalnız olsa da, sənəti  milyonları ətrafına, çevrəsinə çəkirdi. Amma həmişə tək-tənha hiss edirdi özünü. Bütün mahnıları təkliyin səsi idi. O özüylə tək qala bildikcə, könlünün ən dərinliklərini görürdü. Bütün sirlər isə dərinliklərdə gizlənir.

Onun oxuları dərdlərinin tərcümanı idi. Dərdlər özü də sirdi. Dərdlər də insana sirr kimi verilir, niyəsi də tanrıya bəlli olar. O, öz dərdlərini zümzümə eləyirdi, zümzümələri də ona baha başa gəldi. Ürək ağrısıyla nəticələndi. Bir də ürək neynəsin? Hər ağrını götürə bilmir, hər dərdi çəkə bilmir. Necə dahiyanə deyilib:
«Çəkmə, çəkə bilməzsən, bərkdi Fələyin yayı».
Şairlər, yazıçılar, rəssamlar, demək olar ki, bütün yaradıcı adamlar ürəklə dolana bilmir, dünyadan vaxtsız köç eləyir. Elə onun özü də ürəyinin çox yüklü olduğunu bilirdi. Hətta oxuyurdu da:
«Oğlum doktor olsun, bu dertlere çare bulsun».
Olacağa  isə çarə olmur. O, bu dünyadan vaxtsız getdi.

Ürəyi sirlərlə, dərdlərlə, ağrılarla yüklü adam məşhur türk müğənnisi, əslən azəri kökənli Azər Bülbül idi.

«Yürek yandı, gönül yandı ben yandım»

Azər Bülbül 1969-cu ildə Qarsın Arpaçay bölgəsində dünyaya göz açmışdı. Qars, İqdır daha çox azərilərin, azəri türklərinin yaşadıqları yerlərdi.

Əsl adı Sabutay olan bu gənc sənətə Azər Bülbül kimi gəlmişdi. Uşaq yaşlarından ailəsiylə birlikdə yaşamaq üçün Almaniyaya köçmüşdülər. Elə oxumağa da Almaniyada başlamışdı. İlk albomu da «Qarib yolçu» idi. Albomun adı da öz taleyi ilə bağlı idi. Qarslı Qərib Almaniyada bu albomla böyük uğur qazanır. Daha sonra isə «Ben babayım» albomunu çıxardır. Bu albomda yer alan mahnılarından «Yaralandın mı ey can», «Her an hər şey ola bilir» mahnıları onu milyonlara sevdirir. Hətta o vaxtlar Azərin yaradıcılığının gələcəyinin olmayacağını söyləyənlər də var idi. Lakin bu fikirdə olanlar tezliklə yanıldılar. O adını çox tez bir zamanda türk musiqi sənəti tarixinə qızıl hərflərlə yazdıra bildi.

«Ben babayım» albomundan sonra «Ağıt», «Dokunmayın çox fenayım», «Zordayım», «Kor kurşun» albomlarını da buraxdı. Albomları tezliklə Türkiyəyə, eləcə də bütün Avropaya yayılır. Onun gələcəyinə inanmayanlara isə əsl sənət göstərdi. «Yalan sevgilər», «Başımda bela var», «Bana düştü», «Ateş düştüyü yeri yakar» albomları ilə böyük sənət uğurları qazandı, daha əlavə sübutlara ehtiyac  qalmadı.

Azər Bülbül Türkiyənin bir çox tanınmış müğənniləri ilə də duetlər oxuyub. Yıldız Tilbe, Fereh Sezer, İbrahim Tatlısəs kimi populyar müğənnilərlə böyük uğurlara nail olub. Duet ortaqları ilə oxuduqları da həmişə tamaşaçı, dinləyici marağına səbəb olub. Çünki Azər Bülbülün səsi  duet oxuduğu sənətçilərin səsinə yaxın olanda bu işə qol qoyurdu. 

«Bu bendeki kadere bak, talihe bak kismete bak»…

Və müəyyən müddətdən sonra onun yaradıcılığında səssizlik olur. Demək olar ki, yeni mahnı oxumur, albom buraxdırmır. Almaniyada olarkən həyatının ən böyük səhvini buraxır. Daha doğrusu pis «dostları» onu narkotik aludəçisinə çevirir. Lakin o özü bu bəlayla mübarizə aparmağı bacarır. Bu da məlumdu ki, böyük sənət böyük iradə hesabına formalaşır, cana, qana gəlir. İkinci bir alternativ yoxdu. Məhz öz daxili gücü, iradəsi hesabına arzuolunmaz «dostlardan» qurtula bilir. Vaxtı ilə bir müsahibəsində də demişdi.
 «Her insanın hayatında kötü dönemler oluyor, ben de bir çox olumsuzluk yaşadım. Ama artık hepsi geride kaldı. 18 ay uyuşturucu tedavisi gördüm. İki yıldır ki, temizim. Uyuşturucu kullandığım

dönemde maddi manevi böyük zarar gördüm. Artık o günleri anmak bile istemiyorum».

Həyat dəyərli və gözəl olduğu qədər də amansızdı. Belədə büdrəmək ölümə bərabər olur.

O, düşdüyü bəladan özünü qurtardı. Çünki yaşamaq istəyirdi. Yaşadıqca da yaratmaq. Ona uyuşdurucu yaraşmırdı. Artıq 75 milyonluq Türkiyə Cümhuriyyəti ona Azər Baba  deyirdi. O, «baba» kəlməsini lap gənc yaşlarından qazanmışdı. Türkiyədə hər adama «baba» deməzlər. Necə ki, bizlər deyir: «Hər oxuyan Molla Pənah olmaz».    

«Ne güzel yaratmış yaradan seni»

Türkiyədə yaşayan bir dostumla internetlə yazışırdım. Azər Bülbül haqqında bilmədiklərimin çoxunu da ondan öyrəndim. Tanışım mənə bunları yazıb yollamışdı: «Savalan bəy, Azer Bülbül çok sevilen, sayılan ender sanatçılardan biri olmuş.  Çok farklı və kaliteli bir sese sahip idi. İnsan olarak ta çok iyi ahlakı var idi. Düzgün bir aileye sahip olmasına rağmen, yanlış arkadaş çevresi onu uyuşturucu batağına sürüklemiş. Akrabalarının olduğu kadar sanatçı arkadaşları da onu çok sevmiş. Hətta onun hakkında şöyle soylemişler. Hepimizin içtenlikle sevdigi bir delikanlıydı. Çok duyğusal və güzel bir insan idi. Bu alemde onu sevmeyen yok idi».

Yanıqlı-yanıqlı oxuyardı:

Yanlışların hesabı
Duaların sevabı
Soruların cevabı
Benim heç bir şeyim yok
                                              
Bu misralar həyatın bütün girdablarından çıxmış adamın etiraflarıdı. Bu sufilərin savabıdı. Haqqın dərgahı, beləcə döyülür. Onun həyatda qazandıqları bunlar idi: gözəl insani keyfiyyətləri, könülləri oxşayan səsi və milyonlarca bu səsə qulaq verəni. Bu keyfiyyətləri qazanan Azər Bülbül təvazökar bir insan idi. Çünki o öz daxili dünyasını vaxtında zənginləşdirə bilmişdi.

Yazının əvvəlində qeyd etdim ki,  onun problemi ürəklə bağlı idi. Həmişə ürəyindən şikayələnərdi. Ağrıyla, dərdlə oxuya-oxuya. Oxuduqlarına ürəyi tab gətirmədi. Sözümüzün əvvəlində qeyd elədik ki, onun oxuduğu yanıqlı, kədərli və fəlsəfi ifaları hər şeydən əvvəl ürəyini yükləyirdi, loru desək zədələyirdi, çünki söz onun ürəyindən «qan» tökə-tökə çıxırdı. Odu ki, ürək tab gətirmədi.

O, öz yazdıqlarını, öz bəstələdiklərini oxuyurdu. Bu dünyada nadir hadisə sayılacaq qədərində bir yaradıcılıq işidi.. Özü yazıb, özü bəstələyib oxuyanlar çoxdu. Ancaq nəyi və necə?

Onun sözü, səsiynən, bəstələriynən harmoniyada idi, bir tam ifadə edirdi. Bu isə hər kəsə nəsib olmur. Bu iş fenomenal istedadların işidi.

Bir də Aşıq Veysələ böyük önəm verirdi. Mövlanə ozanı oxuyurdu.

Yanvar ayının 6-da gözlərini əbədi yumdu. Dünyasını dəyişməmişdən bir-iki gün əvvəl Antaliyada idi. Curnalistlər sual vermişdi ki, Antalya nasıl bir yer, burada yaşamak zormu? Söylemişdi: «Antalyada yaşamak olmur». Bu sözü də bir sirr olaraq qalır. İçi nədi, allah bilir?  Qəribəsi budu ki, Antaliyada bir otel otağında dünyasını dəyişdi. Dəfn mərasimi də çox izdihamlı oldu. Azər Bülbülü sevənlər, sənətinin vurğunları  onu son mənzilə yola saldılar. Vida mərasiminə milyonlarla insan toplaşmışdı. Yağışlı bir gündə milyonların vida mərasiminə qatılmağı ancaq böyük sevgidən irəli gəlir. Belə bir hadisəni demək olar ki, Türkiyə yüz ildə bir yaşayır.

«Başaramadım» sonra «Başımıza gelene bak», daha sonra «Ayrılmak mı gerekirdi», «Zamanım gitti kardeş», «Ecelim kapımda», «Her an her şey ola bilir», «Ayrılık ölümden zormuş», «Hızlı yaşadım çabuk yoruldum» -oxuya-oxuya ayrıldı.

Onun arxasınca isə ağlayanlar «Yokluğun çox acı verir bu kalbime», «Gitme», «Yatamıyorum», «Sensiz olmuyor», «Yaralıyam» deyir.

Göz yaşlarına boğulan Azər baba sevənlər isə o heç zaman «Yar gelecek», «Maral», «Yar elinden yaradıcı yüreyim» deməyəcək.

Azər Bülbülün vaxtsız vəfatı onun cismani ömrünün sonu olsa da yaşamının, sənətinin sonu olmadı. Bu isə  ürəklə yaşayanlara nəsib olur.

                           
Yürek yanğınına kar etmiyor kar
Şu koskoca şehir sanki dört duvar
Nehirlər ırmaklar taşacak kadar
Ağladım, ağladım yaşım bitmedi.
        
Təbii ki, Azər Bülbülün şeirlərinin məziyyətlərindən çox danışmaq olar. Onun söz şləklində könlündən qopanlar dəyərli bir şair ömrü yaşadığına şahidlik eləyir.

                                                                          
Savalan Talıblı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir