Modern.az

Azərbaycanlı yazarların ən bəyənmədiyi əsərlər və müəlliflər - SORĞU

Azərbaycanlı yazarların ən bəyənmədiyi əsərlər və müəlliflər - SORĞU

8 Avqust 2019, 08:47

Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “ən bəyəndiyim bədii əsər”, “ən çox sevdiyim yazıçı”, “ən maraqlı kitab” mövzulu yazılara, paylaşımlara tez-tez rast gəlirik. Müxtəlif peşə sahibi olan insanlar, xüsusilə yazıçılar, şairlər bunları başqaları ilə bölüşərək, kütlənin ədəbiyyata marağını artırmağa, kitab oxumağa diqqəti yönəltməyə çalışırlar.

 

Modern.az olaraq biz də insanların ədəbiyyat, yazıçı, əsər seçiminə dəstək üçün yazarlar arasında maraqlı sorğu keçirmək qərarına gəldik. Qeyd etdiyim kimi, həmişə “ən çox bəyənilənlər” önə çəkilir. Bu dəfəki sorğumuz isə fərqlidir.

Yazıçılardan və şairlərdən soruşmuşuq: Azərbaycan ədəbiyyatında hansı əsərləri, hansı yazıçıları bəyənmirsiniz?

 

Yazar Aqşin Yenisey:

“Adətən, bəyənib-bəyənməmək fərdlər yox, nəsillər arasında aparılan bir qiymətləndirmə formasıdır. Fərdlər çox vaxt bəyənmədikləri müəllifləri etika xatirinə gizli saxlayırlar. Klassiklərdən, məsələn, Molla Pənah Vaqifin şöhrəti həmişə məndə şübhə yaradıb. Sovet ədəbiyyatının yetmiş faizini isə məmnumiyyətlə makulaturaya göndərərdim.

Müasir ədəbiyyatımıza gəlincə, bir az zamana ehtiyac var. Söz azadlığının müqabilində imtiyazlardan məhrum edilmiş bu nəsildən kimlərin böyük ədəbiyyat yarada biləcəyi hələ müəmmalı məsələdir. Ümumi götürdükdə bütün kitabxanaların səksən faizi kitab qəbiristanlığından başqa bir şey deyil. Eləcə də bizim kitabxanalar və orada yerini rahatlamaqdan ötrü bütün ədəbi-mədəni dəyərləri çeynəyən bizim ədəbiyyat”.

 

Yazıçı Şərif Ağayar:

“Elə bir əsər yoxdu. Bəyənməyəndə oxumuram. Əgər əsər hesab edirəmsə, demək necəsə bəyənirəm. Ümumilikdə, imitasiya edən və bədii çəkisi olmayan əsərləri qəbul etmirəm”.

 

Yazar Murad Köhnəqala:

“Düşüncə və mədəniyət tipinə görə Azərbaycan Şərq sivilizasiyasına aid edilir. 18-ci əsrdə Vaqiflə, 20-ci əsrin əvvəlində Axundovla modernizasiya olsa da, Azərbaycan ədəbiyatı dünyada Şərq ədəbiyatının tərkib hissəsi kimi tanınır. Amma ümumilikdə, bizim ədəbiyyatı ənənəvi Şərq ədəbi estetikası kimi qiymətləndirmək olmaz. Elə təkcə ədəbiyatımızdakı sosrealizm dönəmi bizi islam Şərqinin minillik ətalətindən, simvolik dilindən xilas etdi. Məsələn, Cəfər Cabbarlının "Od gəlini", "Almaz", "Sevil" dramları durğunluqda mürgüləyən, insanı əzən Şərq bədii-fəlsəfi fikrini darmadağın etdi. Eləcə də Səməd Vurğun və Rəsul Rza poeziyamızda o işləri gördü. Bizim indiki durumuz isə belədi: Avropadan geridə, islam Şərqindən isə irəlidəyik. Qısaca təsnif etdiyim bu ədəbi təkamüldə, əlbəttə, bütün Azərbaycan şair və yazıçılarının əməyi var. Ona görə də kiminsə yaradıcılığına ağız büzmək fikrindən uzağam. Bu düşüncədəyəm ki, Əkrəm Əylislinin son vaxtlar yazdığı "Daş yuxular"ını çıxmaq şərtilə, heç kim qəsdən pis yazmaz. Qaldı, mənim ədəbiyatda apardığım mübarizə ayrı-ayrı fərdlərə qarşı yox, ideologiya və estetikaya qarşı olub. Biraz da aydınlaşdırsaq, mənim bəyənmədiyim ədəbi estetika dünyəvilikdən qapanan, bayaq dediyim, o depressiv Şərq simvolikasında, qafiyəsində, düşüncəsində "buksovat" eləyən, real həyatdan yeddi ağac uzaq, heç bir ictimai dəyəri olmayan yararsız məhsullardır”.

 

Şair Tural Turan:

“Azərbaycan ədəbiyyatında sevmədiyim şair bu yaxınlarda Xalq şairi adını almış Vahid Əzizdir. Açığı adını nə zamansa haradasa eşitdiyim adamdır. Şeirlərini bir dəfə oxumuşdum, bəyənməmişdim. Yazdıqları məni itələmişdi. Xalq şairi adını alandan sonra şok keçirdim. Bu adama hansı əsasla həmin adı veriblər, anlamadım. Onun təqdimatını kim veribsə, həmin adam ədəbiyyat düşmənidir. Çünki Vahid Əziz Azərbaycan ədəbiyyatında şeirləri ilə yox, məhz o “quru” Xalq şairi adı ilə qalacaq. Bəyənmədiyim əsərlər çoxdur. Məsələn, Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" əsərini çox təriflədilər. Bir dostumun əlində gördüm. Əsər məni özünə çəkmədi. İtələdi. Cəmi bir səhifə oxudum. Şərifin “Aftafalı antrakt”ını daha çox bəyənmişdim. Pablo Nerudanı da bəyənmirəm. Amma çox tərifləyirlər. Judit Maknout da mənim üçün zəif yazıçıdır. Amma dünyada oxucusu çoxdur. Çünki belələrini dayaz kütlələr oxuyur”.

 

Yazar Elmin Nuri:

“Oxuduqca xəyal qırıqlığı yaşadığım əsərlər az olmayıb. Təəssüf ki, Azərbaycan - əsasən, çağdaş -ədəbiyyatında bu cür nümunələrin sayı xeylidir. Əlimə fürsət düşdüyündən çəkinmədən adları sadalayacağam. Adı çəkilən müəlliflər isə incik düşməkdənsə, əsərlərini oxuduğum üçün təşəkkür etsələr, daha yaxşı olar.

Çox uzun danışmayacağam, odur ki, mətləbə keçək: Birinci, böyük təfəkkür sahibi, fərqli yanaşması, sufiyanə baxışları ilə seçilən Aydın Talıbzadənin "Əbuhüb" romanının adını çəkmək istərdim. Esselərini, müsahibələrini həvəslə oxuduğum, fəlsəfi mahiyyəti kreativ sənət baxışları ilə birləşdirən Aydın Talıbzadənin bu romanının ilk səhifəsini elə həvəslə açdım ki... Lakin, səd heyf, səhifələr vərəqləndikcə, ruh düşkünlüyüm də artdı. Bu, mən gözlədiyim "Əbuhübb" deyildi!

Elxan Qaraqanın əsərləri haqqında çox danışırdılar. Təbii ki, onun yazdıqlarından Aydın müəllimdən olan gözləntim yox idi. Repin ədəbiyyata imitiasiyasını heç cür qəbul edə bilmərəm! Ədəbiyyat sükutdan doğan səslərin hərflərə köçürülməsinə görə ədəbiyyatdır. Çeynənmiş HOST cümlələrinin kağıza hopmuş variantından nəsə gözləməyimiz əbəs idi. Amma birdən nəsə fərqli bir şey oxuyaram. Birdən nəsə məni silkələyəcək bir cümlə ilə rastlaşaram deyib. "A" romanını açdım. Və... Yanılmadığım üçün təəssüfləndim. İnsanlar yanıldığı üçün təəssüfləndiyi kimi... Ədəbi dünya tamam başqa aləmlərin qovuşuğudur. İmitasiyanın yox...

Aqşin Yeniseyin "Gölə qarğısancanlar" romanı da bəyənmədiklərim sırasındadır. Aqşin bəy mənim üçün çağdaş ədəbiyyatın ən güclü şairlərindəndir. Deyə bilmərəm ki, adıçəkdiyim roman zəifdir, sadəcə, 60 səhifədən sonra, əlimə Aqşin Yeniseyin şeirlər kitabını alıb oxudum və o roman bir də yadıma düşmədi. Qanturalı, Seymur Baycan, Kənan Hacı, Kəramət Böyükçöl və digərlərinin (təəssüf ki, bu digərlərinin içinə çağdaş ədəbiyyatımızın yarıdan çoxusunu sığdırmaq olar) nəsrini oxudum və heç bəyənmədim! Hər biri dostumuzdu, mən öz zövqümü diktə edərək, "pisdir" demirəm, sadəcə, "bəyənmirəm" deyirəm! Mənim görmək istədiyim ədəbiyyat qətiyyən onların yazdıqları deyil! Müzakirələrə açığam".

 

Şair Ulucay Akif:

"Etiraf edirəm ki, klassik yazıçılarımızın əksəriyyətini bəyənmirəm və bu daha çox dil məsələsi ilə bağlıdır. Dil çox dəyişikliyə uğrayıb və bizim indi danışdığımız, yazdığımız dil klassiklərin dilindən bir xeyli aralanıb. Bu dəyişikliyin yaxşı olduğunu deyə bilmərəm, amma hər halda həmin yazıçılarla aramızda məsafənin yaranmasına səbəb olur. Xüsusi olaraq hansısa ad çəkə biləcəyimi düşünmürəm".

 

Yazar Nicat Həşimzadə:

“Klassik Azərbaycan ədəbiyyatını oxuyanda, sözün düzü, ciddi mənada çətinlik çəkirəm. Məsələn, Məhəmməd Hadini oxumaq istədim, oxuya bilmədim. Bu şeirləri, klassik mətnləri müasir Azərbaycan dilinə uyğunlaşdırsalar çox gözəl olar. Eyni çətinliyi Seyid Əzim Şirvanini, Nəsimini, Füzulini oxuyanda da yaşayırsan. Ya da gərək klassik ədəbiyyatımızı oxumaq istəyən adam ərəb və fars dillərini öyrənsin. Bu yaxınlarda Rövşən Abdullaoğlunun kitablarını oxumaq istədim, oxuya bilmədim, çox bəsit dildə, inşa səviyyəsində yazır. Çingiz Abdullayevin "Mavi Mələklər" kitabından başqa digər kitablarını oxumağa peşman olmuşam. Kamal Abdullanın esselərini oxudum, çox xoşuma gəldi, ancaq "Unutmağa kimsə yox" romanını oxumağa çalışdım, oxuya bilmədim, dili mənə çox quru gəldi. Belə bir xasiyyətim var ki, kitabı oxuya bilmirəmsə, özümü məcbur etmirəm, başqa kitabı oxumağa başlayıram. Bir neçə gün əvvəl öz romanımı - "Boşluqdan qaçış"-ı oxudum. Heç xoşuma gəlmədi. Məni qane etmədi. Nöqsanlarımı gördüm”.

 

Şair Emin Piri:

“Müasir dövrdə bir sıra populyar gənc şairlər var ki, şeirlərinin çoxu plagiatdır. Amma kütlə baxımdan ərgən düşüncəsini tutduqlarından cəmiyyəti aldada bilirlər. Maraqlıdır ki, ciddi adamlar da onların havasına oynayır. Məsələn, biri var, Həmid Herisçini, Salam Sarvanı, Ramiz Rövşəni və digərlərini belə plagiat edir. Amma ona yollar açılıb nədənsə. Və yaxud bir gənc də var mətni olmadan ancaq onu, bunu söyərək gündəm olur. Halbuki yazıçı kimi qalmaqalını cəmiyyətə sırıyır. Onların adını çəkərək paxıl adını qazanmaq istəmirəm. Bu üzdən oturuşmuş, istedadını qəbul etdiyim, amma kaş ki bunlar olmazdı dediyim yazarlar var, onların adını çəkərdim. Çingiz Abdullayevin 2-3 kitabından başqa qalanları niyə yazılıb hələ də səbəbini bilmirəm. Düzdür, Çingiz kimi yazan, ondan dəfələrlə zəif olan yazıçılar var ki, adlarını çəkməyi lüzumsuz bilirəm. Çünki Abdullayev ciddi imzadır deyə qeyd etdim. Qınaq kimi Rəşad Məcidin siqaretlə bağlı şeirini deyərdim. Siqareti hər dəfə atmaq istəyəndə o şeir yadıma düşür deyə ata bilmirəm. Sabir Yusifoğlu atam olsa da ən nifrət etdiyim şairdi. Bəlkə bütün uğursuzluqlarımı onda görürəm deyə bu hiss yaranıb. O malik olduğu istedadı düzgün nizamlasaydı mən başqa yerlərdə idim. Bəlkə şeir də yazmırdım. Bütün bədbəxtçilik və uğursuzluqlarımı onda görürəm”.

 

Yazar Esmira Günəş:

“Mənim “kitab qurdu” olduğumu hər kəs gözəl bilir. Bir çox yazıçımızın və şairlərin kitablarını oxumuşam. Konkret ad çəksəm deyəcəklər “Azərbaycanda şair yoxdur ki”. Ona görə, yazıları heç də ədəbi normalara uyğun olmadığı halda bir-iki məşhur şairin yanında fırlanaraq onların xərclərini ödəməklə özlərinə tərif alıb, göz önündə olan yazarların yazılarını bəyənmirəm. Kaş belə etməsinlər. Ağız dolusu ön sözü olsa belə kitablarında qüsurları “n” qədər olur”.

 

Şair Fuad Cəfərli:

“Əsərlərini bəyənmədiyim yazıçıları düşünəndə ilk ağlıma Elxan Elatlı və Varis gəlir. Hər ikisinin əsərlərini oxumuşam. Amma oxuduqlarımın birini belə bəyənməmişəm. Özlərinə iş tapsalar, oxuculara yaxşılıq eləmiş olardılar”.

 

Yazar Müşfiq Şükürlü:

“Bu günlərdə Bayram Bayramovun "Xəzinə" romanını oxuyurdum. 100 səhifə oxuya bilmədim. Bir əsərdən 50 səhifə oxumaq mənimçün bəs edir ki, o əsər haqqında bir qənaətə gələm. Davam edim, yoxsa yox? Bu sualın cavabını əsər özü verir. Onun enerjisi, hadisənin, psixoloji durumun, xarakterin bədii təqdimatı ya səni ardınca aparır, sürükləyir özüylə ya da deyir dayan, vaxt itirmə. Bu mənada B. Bayramov, Əli Vəliyev kimi yazıçıları mütaliə etməyi vaxt israfı sayıram. Müasirlərdən Səfər Alışarlını oxumaqda çətinlik çəkirəm. Tərcümə təsiri bağışlayır. Bu səbəbdən bədii zövq ala bilmirəm. Bir də Qan Turalının bədii yaradıcılığını bəyənmirəm. Mən orda bədiiyyat görümürəm. Sanki “Wikipedia”dan informasiya oxuyuram. Poetikadan, şeiriyyatdan məhrum o cür mətnləri ədəbiyyat hesab etmirəm”.

 

Yazar Nemət Mətin:

“Bəyəndiyim müəllif əsərləri azdır. Bəyənmədiklərimə gəldikdə isə siyahını çox uzatmaq olar. Məsələn, publisistikada əjdaha olanlar var ki, hekayə və roman yazanda publisistikadan əl çəkə bilmirlər. Yorucu aura yaradırlar. Misal olaraq, Seymur Baycanı, Nicat Həşimzadəni, Ayxan Ayvazı qeyd edərdim. Onları da qınamaq olmur. Çörəkləri reportajlardan, ədəbi tənqidlərdən, məqalələrdən çıxır. Aludə olurlar. Sonra bir yön yazıçılar da var ki, onları heç qəbul etmirəm. Misal olaraq, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Varis, Qaraqan və s. Elxan Elatlının 4 kitabını oxumuşam. Sujet xətti bayağı, standart və yorucudur. Sadəcə azmış gəncliyin damarını tutmağı bacarıb, vəssalam. Rövşən Abdullaoğlunun hər əsərinin kökü gedib dinə söykənir. Bu da oxucunu qəfəsə salır. Geniş düşünə bilmir. Varis daha dərin yaza bilərdi, düşünürəm. Konkret olaraq, kitab zövqü formalaşmayan oxucu kütləsinə hesablanmış əsərlər yazır. Biznesə hesablanmış ədəbiyyat nümunələri bu gün çoxluq təşkil edir. Müşfiq Xan da həmçinin elə yazır. Onların bazası daha güclüdür, böyükdür. İstifadə etmək istəmirlər. Qaraqanda isə sadəcə olaraq məlumat toplusudur. Onun ədəbiyyata heç bir dəxli yoxdur. Üstəlik bir neçə kitabının sujet xəttinə uyğun başqa əsərlər və filmlər var”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi