Modern.az

Neftin azalan qiyməti, siyasi oyunlar və Azərbaycan: nə qədər itiririk? - ŞƏRH

Neftin azalan qiyməti, siyasi oyunlar və Azərbaycan: nə qədər itiririk? - ŞƏRH

8 Avqust 2019, 14:17

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb. Hazırda isə dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 58,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 53,48 dollar təşkil edib.

 

“Dövlət Neft Fonduna daxilolmalar yüksəkdir”

 

Neftin qiymətinin ucuzlaşması uzunmüddətli dövrü əhatə edərsə, dövlət büdcəsinə, eləcə də Dövlət Neft Fonduna daxilolmalara hansı şəkildə təsir göstərə bilər?

Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Rövşən Ağayev bildirib ki, büdcədə neftdən daxilolmalar əsasən Dövlət Neft Fondu vasitəsilə formalaşır:

“Hazırda neftin qiymətinin ucuzlaşmasının birbaşa təsirləri Dövlət Neft Fondunadır. Məsələ burasındadır ki, ilin I yarısında neftin qiymətlərinin yüksək olması səbəbədindən Fonda daxilolmalar yüksəkdir. 2019-cu il üçün Dövlət Neft Fondunun büdcəsi 15 milyard manat ətrafında proqnozlaşdırılıb. 6 ayın yekunlarına görə, Fonda daxilolmalar 10 milyard manatdır. Neftin qiyməti ilin I rübündəki kimi qalsaydı, Dövlət Nfet Fonduna daxilolmalar təxminən  21 milyard manat təşkil edəcəkdi. Bu isə pronozlaşdırılandan 5-6 milyard manat (25-30 %) çox olacaqdı. Ona görə də neftin qiyməti ilin son 4 ayında hətta 40 dollara düşsə belə, Dövlət Neft Fondunun proqnozlaşdırılan büdcəsini təmin etməyə imkan verəcək”.

 

Neftin qiyməti siyasi oyunlardan asılıdır

 

Ekspert qeyd edib ki, neftin qiymətinin ucuzlaşması davam edəcəyi təqdirdə 2020-ci il üçün təhlükə yarana bilər.


R.Ağayev eyni zamanda, neftin növbəti illər üçün qiymətinin dəqiq proqnozlaşdırılmasının iqtisadi proseslərdən asılı olmadığını vurğulayıb:


“Məsələ burasındadır ki, iqtisadçıların deyə biləcəyi fikirlər çox azdır. Son illər, xüsusilə 2014-2015-ci illərdə neftin qiymətinin kəskin ucuzlaşması, 2016-cı ildə yenidən bahalaşmasında iqtisadi faktorlar əhəmiyyətli dərəcədə azalmağa başladı. Neftin qiymətinin formalaşmasında geopolitik faktorlar üstünlük təşkil edir. Bu fonda isə Amerika-İran münasibətləri, Venesuela ətrafında gedən proseslər, OPEK-in Rusiya ilə birləşərək “OPEK+”da istehsalın azaldılması ilə bağlı bazara qeyri-iqtisadi, adminstartiv müdaxilə qərarları mühüm rol oynamaqdadır. İqtisadi faktor isə ABŞ-ın neft hasilatını artırmasıdır. Son 6 ildə ABŞ-ın neft hasilatı iki dəfə artaraq, gündəlik 6 mln barreldən 12-13 mln barrelə çatıb. Üstəgəl, 2020-ci ildə ABŞ-da şist yataqlarından çıxan nefti regiona yaymaq üçün gündəlik ötürücülük gücü 2 mln barrel olan kəmərin istifadəyə verilməsi gözlənilir”.

 

Dünya ticarəti yenidən “dizayn” olunur

 


Ekspert neftin qiymətlərinin ucuzlaşmasında iki faktorun önəmini vurğulayıb:

“Birincisi, ticarət müharibələrinin davamlı olmasıdır. Çünki ABŞ-Çin münasibətlərinin tezliklə həll olunacağı gözlənilmir, əksinə dərinləşməsi ehtimalı daha yüksəkdir. ABŞ-Çin ticarət müharibəsi getdikcə başqa ölkələri də əhatə etməyə başlayacaq. Bu isə dünya ticarətinin yenidən “dizayn” olunması ilə bağlı yaranmış situasiyadır ki, neftin qiymətinin ucuzlaşmasında əhəmiyyətli rol oynaya bilər. Dünən Beynəlxalq Energetika Agentliyinin yaydığı məlumata görə, OPEK-dən kənar istehsalçılar hasilatı artırırlar. Hasilat artımının nəticəsində bazarda yaranan təklif artıqlığı OPEK və Rusiyanın hasilatı azaltmaqla bağlı qərarını üstələyir. Və beləcə bazarda təklif tələbi üstələyir. Bu isə neft qiymətlərinin ucuzlaşması üçün əsas səbəblərdən biri rolunu oynayır. Qlobal ticarət müharibələri genişləndikcə, dünyada iqtisadi artımın zəifləməsi, dünya iqtisadi böhranının dərinləşməsi baş verə bilər ki, bu da neftə tələbatı artırır. Tələbatın artdığı bir məqamda neft qiymətlərinin yüksək olması ehtimalı aşağı düşür. Ən azından indi sizinlə danışdığımız məqamda görünən budur. Proseslər elə sürətlə dəyişir ki, sabah hansı yeni qərar verilə biləcəyini indidən söyləmək çətindir”.

 

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir