Modern.az

“Qırğızıstan “xəstələnmiş dövlət”ə bənzədilir” - DEPUTATLAR: “Ölkədə yeni böhranın əsası qoyulur”

“Qırğızıstan “xəstələnmiş dövlət”ə bənzədilir” - DEPUTATLAR: “Ölkədə yeni böhranın əsası qoyulur”

Parlament

8 Avqust 2019, 18:34

Qırğızıstanda ötən gündən başlayan silahlı toqquşmalar bu gün eks-prezident  Almazbek Atambayevin saxlanılması ilə nəticələndi. Atambayev hökumət qüvvələrinə təslim oldu.  

2011-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir. 

Qırğızıstanda qəfildən gərginləşən hadisələr haqqında Modern.az-a danışan deputat Rasim Musabəyov bu ölkədə gərgin hadisələrin daim baş verdiyini xatırladıb:


“Eks-prezidentlər Əsgər Akayev və Kurmanbek Bakiyev üsyanla, çevrilişlə devriliblər. Deyirdilər ki, bu dəfə hakimiyyət dəyişikliyi sakit baş verdi. Gərgin hadisələr yaşanmayacaq. Ancaq məlum olur ki, hakimiyyətin sakit formada dəyişməsi belə, sonradan toqquşmalarla müşahidə olunur. Bu yəqin ki, ölkənin qırğızsayağı demokratiyasıdır”.

Deputat Elman Nəsirovun fikrincə, Qırğızıstan indiyə qədər bir neçə inqilabi prosesə şahidlik etdiyindən “xəstələnmiş dövlət”ə bənzədilir:

“Hazırda ən böyük sual odur ki, nə baş verdi və birdən-birə hadisələr niyə belə sürətlə inkişaf etdi?

Əvvəla onu qeyd edim ki, hadisələrin baş verəcəyi prinsip etibarı ilə gözlənilməz deyildi. Yeni Qırğız hakimiyyəti 2011-2017-ci illərdə  Qırğızıstanın prezidenti olmuş Almazbek Atambayevə qarşı ciddi ittihamlar irəli sürürdü. Xüsusilə, bu il iyulun 20-də Qırğız parlamentində xüsusi komissiya yaradılmışdı. Həmin komissiyanın birbaşa işi keçmiş prezidentin cinayət tərkibli fəaliyyətinin araşdırılması idi. Onu ilk növbədə korrupsiya, söz səlahiyyətindən sui-istifadədə ittiham edirdilər. İyulun 27-də isə Atambayevin toxunulmazlıq hüququnu ləğv etdilər. Artıq keçmiş prezident dərk edirdi ki, toxunulmazlıq hüququnun ləğvi həbsinə gətirib çıxara bilər. Buna rəğmən o, getdikcə öz ətrafını hakimiyyət əleyhinə formalaşdırmaqda idi”.

Gözlənilənin baş verdiyini vurğulayan E.Nəsirov A. Atambayevin saxlanılmasına diqqət çəkib. Politoloq qeyd edib ki, eks-prezidentin öz tərəfdarlarını ətrafına toplayıb, müddətsiz mitinq elan etməklə bağlı çıxışları ölkədəki vəziyyəti kökündən dəyişdi:


“Atambayevə qarşı xüsusi əməliyyat həyata keçirildi və eks-prezidentin artıq saxlanıldığı barədə məlumatlar yayılıb. İndi əsas maraqlı olan məsələ odur ki, Atambayevin tərəfdarları dövlət çevrilişinə cəhd göstərəcəklərmi?

Hər halda Qırğızıstanın son illərdəki təcrübələri göstərir ki, ölkədə yeni bir böhranın, xaosun əsası qoyulur. İndiki hakimiyyətin nə qədər ağıllı, əhəmiyyətli, taktiki addımlar atması xaosdan çıxış yoluna və ya əksinə gətirib çıxara bilər. Hər halda, bundan sonra baş verəcək hadisələr Qırğızıstan üçün önəmlidir”.


Deputat Asim Mollazadə isə Qırğızıstandakı gərgin prosesləri bu cür şərh edib:

“Qırğızıstanda bir neçə tayfa hakimiyyət uğrunda mübarizə aparır. Bu qrupların bəzilərinin arxasında xarici qüvvələrin olması da istisna deyil. Qısaca onu deyə bilərəm ki, məqsəd Qırğızıstanın müstəqilliyini azaltmaq, hətta ləğv etməkdir. Bundan sonra hadisələrin hansı məcrada inkişaf edəcəyi sual altındadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır