Modern.az

Stalin, Ruzvelt, Çörçilin Almaniyanın taleyini Bakı xalçası üzərində həll etməsi

Stalin, Ruzvelt, Çörçilin Almaniyanın taleyini Bakı xalçası üzərində həll etməsi

6 Fevral 2012, 15:29

Mədəni sərvətimiz - xalçalardan bəhs edən “Azərbaycan xalçaları” adlı elmi-bədii jurnalının ikinci sayı nəşr olunub. 

Modern.az-ın məlumatına görə, “Azər-İlmə” xalçaçılıq müəssisəsinin təsis etdiyi  “Azərbaycan xalçaları” jurnalında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alıb. Jurnalda nəfis toxunuşu, gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xalçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı tədqiq olunub.  

Jurnalın ikinci sayında oxuculara xalq rəssamı Kamil Əliyevin yaradıcılığı, dünyanı heyran qoyan Urud xalçaları, miniatürçü rəssam Behzaddan bəhs edən məqalələr təqdim olunub. Oxucular, həmçinin Xaçmazda xalça muzeyinin açılışı, Almaniyada Azərbaycanın İstiqlal bayramının, Fransada “Azərbaycanın mədəni zənginlikləri” sərgisinin keçirilməsi ilə bağlı geniş məlumat alacaqlar. “Müstəqilliyimizin 20 ili – Mədəniyyətimizin təntənəsi” yazısında isə son iyirmi il ərzində ölkəmizin mədəni həyatında baş verən ən əlamətdar hadisələr yer alıb. Tanınmış xalça eksperti Ömər Bozdağ, Rusiyanın Dövlət Şərq Muzeyinin elmi işçisi Mariya Yuryevna  Filatova ilə eksklüziv müsahibə və onların xalçalarımızla bağlı fikirləri, “Zaqatala xalçasının şöhrəti”, “Xalçalı pullar” kimi məqalələr də oxucularda maraq doğuracaq. Qala kəndinin sirlərindən, Xalçalardakı svastikanın nədən xəbər verdiyindən, “Məlikməmməd”in Berlinə necə gedib çıxmasından agah olmaq istəyənlər də “Azərbaycan xalçaları” jurnalına üz tuta bilərlər.         

 “Yalta konfransında Bakı xalçası” adlı məqalə isə heç kəsi biganə qoymayacaq. Məqalədə II Dünya müharibəsi zamanı məşhur üçlüyün – F. Ruzvelt, İ.Stalin, U. Çörçilin Almaniyanın gələcək taleyini Bakı xalçası üzərində həll etməsindən danışılır.  

Jurnalın nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaqdır.

Rəngbərəng ilmələrdən toxunan zərif, əsrarəngiz, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan, sadəcə, gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi bir zərurət kimi meydana çıxıb.

Azərbaycan, rus və ingilis dillərində çıxan jurnal rübdə bir dəfə nəşr olunur.  Jurnalın baş redaktoru professor Vidadi Muradovdur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq