Modern.az

Leyla Əliyeva Xəzəri xalqa qaytarır - Yeni çimərlikdən REPORTAJ+FOTOLAR

Leyla Əliyeva Xəzəri xalqa qaytarır - Yeni çimərlikdən REPORTAJ+FOTOLAR

Reportaj

15 Avqust 2019, 12:46

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakının bir neçə qəsəbəsində ictimai çimərliklər yaradılır. Paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq yeni ictimai çimərliklərin yaradılması əhalinin istək və arzusunun gerçəkləşdirilməsidir.Bu günlərdə Leyla xanımın təşəbbüsü ilə daha iki pulsuz  çimərlik  Buzovna və Goradil qəsəbələrində fəaliyyətə başlayıb.

Modern.az-ın əməkdaşları Novxanı və Fatmayi bağlarının yaxınlığında yerləşən Goradil qəsəbəsində yaradılan həmin çimərlikdə olublar.

Bəribaşdan qeyd edək ki, paytaxt sakinlərinin  çimərlik ərazisinə  rahat daxil olmaları üçün  qəsəbəyə böyük asfalt yol çəkilib. Həmçinin, vətəndaşların istirahətini təmin etmək üçün çimərlik ərazisinə xeyli  oturacaq və qamaykalar da yerləşdirilib .

Diqqət çəkən məqam isə çimərlikdə təmizliyinin qorunub  saxlanılması üçün ərazi boyunca zibil qutularının quraşdırılması idi. Necə deyərlər, bütün gözəlliklər təmizlikdən başlayır.

İstirahət məkanında vətəndaşların gündən qorunması üçün kölgəliklər də quraşdırılıb. Ərazidə soyunub-geyinmə kabinələri ( kişi və qadın üçün ayrı), duş, sanitariya qovşaqları da fəaliyyət göstərir.  Burada paytaxt sakinlərinin istirahətini nəzərə alaraq nahar etmələri üçün söhbətgahlar var idi. Futbol və voleybol meydançaları da pulsuz  xidmətə daxildir.


Yaradılan şərait çimərliyə gələnlərin ürəyibcə idi. Bunu onların özləri Modern.az əməkdaşları ilə söhbətdə vurğulayırdılar.


Çimərliyə gedən yolun asfaltlanmasında iştirak edən fəhlə  Qalib Qüdrətov ərazinin əvvəlki görüntüsündən danışdı:

“Onu deyim ki, bu çimərliyin vəziyyəti o qədər də yaxşı deyildi. Yollar çox pis durumda  idi. Demək olar ki, ərazidə əhalinin istirahətini təmin edəcək heç bir şey yox idi. Eşidəndə ki, ictimai çimərlik yaradılacaq, çox sevindim. Özüm şahidi oldum və yolların asfaltlanmasında birbaşa  iştirak etdim. İndi çox şükür rahat dincələ bilirik”.

Gülnar Hacıyeva da ailəsi ilə istirahətə gələnlər idi:

“Goradil çimərliyinə tez-tez gəlirik. Ona görə ki, buranın suyu daha təmizdir. Ancaq əvvəlki vəziyyətdən heç razı deyildim. Xidmət yox, elə bil ki, baxımsız bir ada idi. İndi şükür Allaha, bu abadlığı yaradanlar sağ olsunlar”.



78 yaşlı Nadir Axundov dedi ki, çimərlikdə yaradılan yeni şəraiti görüb  heç evə getmək istəmir:

“Həm rahat dincəlirəm, həm də dənizin suyu məni rahatlaşdırır. Pensioner adamam, çimərliyin  pulsuz olmağı da lap əladır. Mən elə bura yaxın ərazidə yaşayıram. Hər gün də yay vaxtı  gəlib günümü burda keçirirəm. Allah nə qədər ömür veribsə, o qədər də gələcəm. Leyla xanıma da təşəkkürümü bildirirəm ki, bizim kimi yaşlıları da nəzərə alır”.

Qeyd edək ki, yaxın günlərdə daha 4 qəsəbədə yeni ictimai çimərliklər istifadəyə veriləcək. Ümumilikdə isə paytaxt ərazisində 7  yerdə belə çimərliyin yaradılması nəzərdə tutulub.


Jalə Mehdi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir