Modern.az

“KQB” agentini Bakıdan Ramil Səfərovun məhkəməsinə göndərmişdilər - Vəkil daha bir sirrin üstünü AÇDI

“KQB” agentini Bakıdan Ramil Səfərovun məhkəməsinə göndərmişdilər - Vəkil daha bir sirrin üstünü AÇDI

15 Avqust 2019, 14:00

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.


Modern.az saytı vəkil Adil İsmayılovun yazısının ardını təqdim edir. 

(Yazının əvvəli burada)

 

ANAR ƏLİYEV NİYƏ MƏHKƏMƏYƏ GEDƏ BİLMƏDİ

- Digər zabitimiz Anar əliyevin Ramil Səfərovla birlikdə 2004-cü ilin yanvarında Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində ingilis dili kursuna göndərildiyini Ramil Səfərov olayını izləyənlər bilir. Həmin proqramda iki erməni zabiti mərhum Qurgen Markaryan və Hayk Makuçyan iştirak edirdilər. Anar Əliyev yüksək, Ramil Əliyev orta, iki erməni isə ingilis dilini bilmək göstəricilərinə görə aşağı səviyyə qrupuna düşmüşdülər.

Kursantların hamısı Hərbi Akademiyanın yataqxanasında müxtəlif otaqlarda qalırdı, əvvəlcədən eyni ölkədən olanların müxtəlif otaqlarda qalacağı planlaşdırılmışdı. Anar Əliyev hadisə baş verən gün öz otağında olaydan xəbərsiz olub, Erməni zabiti öldürdükdən sonra Səfərov onun otağına gəlib hadisə barəsində xəbər verib. Hadisədən dərhal sonra Anar Əliyev təşkilatçıların təşəbbüsü ilə kursu yarımçıq tərk edib, geri qayıtdı.

Hadisədən beş ay sonra Əliyev təlim zamanı paraşütlə vertolyotdan dənizə tullanarkən çox ağır xəsarət aldı, onun sağ qalması deyilənə görə möcüzə idi. Məhkəmə gedən müddətdə o, demək olar ki, hərəkətsiz idi. Mən Sumqayıta gedib onunla evlərində görüşdüm. Anarın məhkəməyə gəlməməsini erməni mətbuatı guya, Azərbaycan tərəfinin onu gizlətməsi kimi qələmə versə də,  əslində biz onun məhkəmədə iştirak etməsində maraqlı idik. Müdafiə Nazirliyi onun xəstəliyi barədə rəsmi arayış da təqdim etdi. Məhkəmənin diqqətinə çatdırıldı ki, Anar Əliyev 2006-cı ilin may ayında məhkəmədə iştirak edə bilər. Məhkəmə isə apreldə öz işini yekunlaşdırdı.

İNDİ İSƏ MƏHKƏMƏDƏ İŞTİRAK EDƏNLƏR BARƏSİNDƏ

Qeyd etdiyim kimi, məhkəmənin birinci iclasından başlayaraq səfirliyimizin əməkdaşları bütün məhkəmə prosesində iştirak etdilər. Ermənistanın Macarıstanda səfirliyi olmadığından məhkəməyə onların Avstriyadakı səfirliyinin nümayəndələri gəlirdi. Ermənistanlı vəkil Nazeli Vardanyan məhkəmədə zərərçəkənin nümayəndəsi qismində iştirak edirdi. Zərərçəkmiş tərəfin macar vəkili də vardı. Məhkəmənin gedişini hər iki tərəfin, eyni zamanda da Macarıstan KİV-lərinin nümayəndələri işıqlandırırdı.

Azərbaycan tərəfdən indi yoxluğu hiss edilən ANS televiziya kanalı xüsusi fərqlənirdi, hətta ANS-nin təsisçisi Vahid Mustafayev də məhkəməyə gəlirdi. Məhkəmənin gedişində bir neçə dəfə macar və bir dəfə erməni televiziyalarına müsahibə verdim. Mövqeyim belə idi ki, Ramil Səfərovun etdiyi əmələ Azərbaycan-Ermənistan müharibəsi kontekstində və xüsusən də Səfərovun şəxsiyyəti, onun hansı şəraitdə formalaşması prizmasından yanaşmaq lazımdı. 

Qayıdım məhkəmədə iştirak edənlərə. Bunlar adətən Macarıstanda təhsil alan azərbaycanlı tələbələr olurdu, açığı onların prosesə olan marağı məni çox sevindirirdi, bir neçə dəfə imkan tapıb onlarla görüşlər keçirib maraqlandıqları suallara cavab verməyə çalışmışdım. İndi yəqin ki, dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bir-ikisi ilə əlaqəm var, Pərvizi və dostum Raufun oğlu Çingizi nəzərdə tuturam. Yazılarımı izləyirlərsə, təəssüratlarını bölüşələr minnətdar olaram.

Ümumiyyətlə, prosesdə iştirak edən adını çəkdiyim, bu və ya digər səbəbdən çəkmədiyim hər kəsdən yazdıqlarıma Facebook-da münasibət bildirməsini xahiş edirəm. Bu hamımıza lazımdı. Məhkəmələrdə bu işlə əlaqədar olmayan səbəblərə görə yolu Budapeştə düşən və təsadüfən məhkəmə vaxtı orada olan vətəndaşlarımız da olurdu. Onlar həmyerlimizin çətin günündə məhkəməyə gəlib, ona dəstək olmağı özlərinə borc bilirdilər. Belələrindən biri Qubad İbadoğlu idi. Yadıma gəlir ki, Qubad məhkəmə iclasındakı fasilədə Ramil Səfərovla şəkil də çəkdirə bildi. 

Yadımda varkən, gördüklərimdən birini də xüsusi paylaşım. Məhkəmə iclaslarından birinə Azərbaycandan o vaxt bəzi əməllərinə görə gündəmdə olan “məşhur” jurnalist gəlmişdi. Son zamanlar onun KQB agenti olması barədə rəsmi sənədlər açıqlanıb. Onun adını bu yazıda çəkib şərəfləndirmək istəmirəm. Ağlınıza gələnlərin dairəsini daraltmaq üçün deyim ki, jurnalist qadın idi. O, məhkəmə zalında Azərbaycan bayrağına bürünüb rus, ingilis və qırıq Azərbaycan dilində bir neçə dəfə “Mən səni sevirəm, Ramil” qışqırdı. Onu məhkəməyə göndərənlərin və özünün məqsədi barədə mənə ancaq güman etmək qalır...

Bir az da səbr etsəniz son iki yazı ilə bu hekayəmi tamamlayacam.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir