Modern.az

Körpəyə qıyan hər şeyə qıyar…

Körpəyə qıyan hər şeyə qıyar…

Aktual

7 Fevral 2012, 15:34

1992-ci il, fevralın 25-dən 26-na keçən gecə.

O gecə dünyanın vicdanı sınağa çəkildi.

Yalnız o gecə deyil, üzərindən keçən 20 ilin hər saniyəsində bu sınaq davam etdi.

Ancaq dünya bu sınaqdan uğurla çıxa bilmədi.

Göz gördü, qulaq eşitdi, ancaq dil susdu.

Bəlkə də vicdan susdu.

Dünya gözlərini haqqa qapadı.

Dünya ədalətsizdir, haqsızlığa göz yumandır.

ABŞ-ın, İngiltərənin, Fransanın, Rusiyanın jurnalistləri də yazdılar, göstərdilər.

Ancaq nə fayda?!..

Xocalı soyqırımı dünyanın haqq-ədalət maskası altında gizlənmiş qüvvələrinin əsl simasını üzə çıxardı.

Bu qüvvələr haqq deyəndə yalnız özlərinin haqlarını başa düşürlər.

Onlar üçün başqalarının haqqı yoxdur.

Bu gün haqdan, ədalətdən danışanlar yarası qaysaqlanmayan Xocalıya baxsınlar.

Baxsınlar və anlasınlar.

“Erməni soyqırımı olub” deyənlər, uydurma iddianın inkarını cinayət sayanlar, haqqın səsini qulaqardına vuranlar, haqsızlıq qarşısında susanlar, hakimiyyət üçün diz çökənlər, mənfəətə qul olanlar…

Xocalılı ananın fəryadını dinləyin.

Bu fəryad bir ananın körpəsinə çaldığı əbədiyyət laylasıdır.

O layladan qan damır, hüzün axır, kədər fışqırır…

***

Şahidlərin ifadələrini oxumaq çox ağırdır:

“Ağzımızdakı qızıl dişləri kəlbətinlə sökürdülər”...

“Kolluqda gizlənmiş 70 yaşlı qocalara od vurdular”...

“Hamilə qadının qarnını yarıb uşağı çıxardılar, əvəzinə ərinin başını kəsib qoydular”...

“İtin diri insanı necə parçalamasını seyr edirdilər”...

“Avtomatın qundağı ilə öldürdükləri adamın başını əzirdilər”...

“Kəndirdən sallanan əli-ayağı kəsilmiş cəsədlər gördüm”...

“Onun ürəyi erməninin əlində idi, ancaq bədəni hələ də tərpənirdi”...

Vəhşiliyin hədd tanımazlığıdır bu...

Bu, cümlələrə, kitablara sığmayan dəhşətdir...

Bütövlükdə bir millətin – erməniçiliyin xəstə təfəkkürünün nəticəsidir bu...

***

Xocalı 613 nəfərin Haqqa yürüməsidir…

Xocalı 106 qadının - ananın fəryadıdır…

Xocalı 83 uşağın qətlə yetirilmiş gələcəyidir…

Xocalı yer üzündən silinmiş 8 ailənin məzarıdır…

Xocalı 476 nəfərin şikəst edildiyi yerdir…

Xocalı 1275 girovun ünvanıdır…

Xocalı yalnız rəqəmlərdən ibarət deyil.

O, rəqəmlərə sığmayan qanlı tarixdir.

Xocalı toxunduğumuz tarixdir.

Xocalıda zərərçəkənlər bu gün bizim aramızdadırlar.

Onlar da yaşayırlar.

Ancaq böyük bir ağrı ilə: Xocalı ağrısı ilə...

Xocalı bir dağdır.

Həm ağırlığı, həm də ağrısı ilə...

Bəşəriyyətin sinəsinin tən ortasında çalın-çarpaz bir Xocalı dağı var.

Bu dağ həm də hər birimizin sinəsindədir.

***

Xocalı, şübhəsiz soyqırımıdır.

Bu, həm bir soya, həm də insanlığın vicdanında mövcud olan ümid toxumlarına qarşı törədilmiş qətliamdır.

Erməni xisləti və məkri insana və insanlığa olan ümidləri baltalayır.

“İnsan bunları da edərmiş, İlahi” dedirtəcək qədər vəhşətdir bu…

***

Vəhşilik bir insana qarşı çevrilmir.

O, bütövlükdə insanlığı hədəfə götürür.

Bir körpəyə qıymağın bütün bəşəriyyəti qırmaqdan fərqi yoxdur.

Körpəyə qıyan hər şeyə qıyar… 

 

Natiq Pənahlı

Yazı Azərbaycan Mətbuat Şurası və “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının

birgə təşkil etdikləri müsabiqəyə təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?