Modern.az

Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR

Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR

Reportaj

20 Avqust 2019, 08:54

Tamaşaçılar onu həmişə istər filmlərdə, istərsə də tamaşalarda gülərüz görüblər. Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kübra Dadaşovanı deyirəm... 

“Cicixanım", “ Nazlı", “Gülgəz" kimi onlarca obraza həyat verən aktrisa...

Xeyli sayda teatr tamaşasında, 20-dən çox bədii filmdə rol almış sənətkar bu dünyadan nakam köçdü.


Modern.az
saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə Kübra Dadaşovaya həsr olunur.


Kübra Dadaşova 31 avqust 1957-ci  ildə aktyor ailəsində  doğulu. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb.
Kubra dadaşova 16 may 2006-cı ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Aktrisa 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. Aktrisa həmin tarixdən bir gün öncə 2 saylı Sumqayıt şəhər xəstəxanasında əməliyyat olunmuş, əməliyyatdan sonra komaya düşmüş və ayılmayaraq, dünyasını dəyişmişdi. Daha daha əvvəl bir neçə əməliyyat keçirən Kübra xanımın iki ayaq barmağı da amputasiya olunmuşdu.

Kübra Dadaşova ilə bağlı xatirələri Modern.az-a hamının aktrisanın qızı kimi tanıdığı, elə özü də aktrisa olan Təhminə Məmmədova danışıb.

 

“Uşaqla uşaq, böyüklə böyük idi”

“Aktyor Vüsal Mehrəliyev, Sevinc Mehrəliyeva, Nicat Kazımov və mən Kübra Dadaşovaya “mama” deyirdik.  Çox adam elə bilir ki, o, mənim həqiqi anamdır. Lakin onunla  tanışlığım uşaq yaşlarımda  gerçəkləşib. Yəni o, mənim mənəvi anamdır. Kiçik yaşlarımdan filmlərə çəkilirdim, tanışlıq elə beləcə başlamışdı. Kübra Dadaşovanın mənim anamla çox yaxşı münasibəti var idi.  Əslində fəxr hissi ilə deyə bilərəm ki, “Kübra Dadaşova mənim anamdır”, amma istəmirəm kimsə düşünsün ki, yalan danışıram. Düzdür, əvvəllər bir evdə yaşamırdıq, lakin  demək olar ki, vaxtımın çoxu onların evində keçirdi. Kübra xanımın qohumları, yaxınları arasında heç vaxt özümü yad biri kimi hiss etməmişəm, hiss etdirməyiblər”.



Təhminə Məmmədova deyir ki, Kübra Dadaşova İçərişəhərdə dünyaya gəlib. Özündən böyük 3  qardaşı olub:

“Onun dünyaya gəlişi bir qədər gec baş verib.  Atası Məmmədağa Dadaşov Gənc Tamaşaçılar Teatrını yaradan iki nəfərdən biridir. Anası Minəvvər  Dadaşova əvvələr aktrisa olub. Sonra səhhəti ilə əlaqədar olaraq  aktrisalıqdan imtina etməyə məcbur olub.

Yeri gəlmişkən deyim ki, Kübra xanım o vaxt mənim qızıma öz anasının adını vermək istəyirdi, dedim ikinici bir qız övladım olsa, mütləq onun adı Minəvvər olacaq.

Kübra Dadaşovanın qardaşları da incəsənətə bağlı adamlardır. Bir qardaşı Mədəniyyət və İncəsənət Universitetində fotoqraf ixtisasına yiyələnib, hazırda Moskvada yaşayır. İkinci  qardaşı Rauf Dadaşov  respublikanın Əməkdar rəssamıdır. O da uzun müddət kinostudiyada işləyib.
Lap kiçik qardaşı Namiq Dadaşov isə Gənc Tamaşaçılar Teatrında aktyor işləyib, elə orada aktrisa işləyən xanımlardan biri ilə ailə həyatı qurub.  Onun qardaşları mənə doğma dayım kimidir, qızım da onlara baba deyir.
Kübra Dadaşova demək olar ki, Gənc Tamaşaçılar Teatrında böyüyüb.  İstər-istəməz ata-ana aktyor olanda uşağın vaxtının çoxu da teatrda keçir. Elə bu səbəbdən Kübra Dadaşovada az yaşlarından etibarən teatra maraq yaranıb. O, uşaqla uşaq, böyüklə böyük idi. Hətta balaca uşaqlar sirlərini,  sözlərini gəlib ona deyirdilər. Çünki uşaqlarla dost olmağl bacarırdı. Lakin heyif ki, başı sənətinə çox qarşıdığından ailə qurmadı. Mənə deyirdi ki, “onsuz da sən övladım kimisən, qızın da nəvəm sayılır, daha  ailə qurmaq nəyimə lazımdır””.


“Çox yaxşı əl qabiliyyəti var idi”

“Onun bişirdiyi fisincan plovu heç yerdə yeməmişəm. Hər bayramda xüsusi olaraq mənim üçün plov bişirərdi. Bizim ev, yəni Kübra xanmın evi həmişə qonaq-qaralı olub. Elə ata-anası sağ olanda da evlərindən qonaq əskik olmazdı. Kubra xanım özü də süfrəsini dost-tanışa hər zaman açıq edərdi.  Onu da deyim ki, Kübra xanım ata evində qardaşı ilə qalırdı. Mən də tez-tez gedib onlarla qalırdım, ad günlərimin hamısı onlarda  keçib. Toy-bayramda da yaxşı iştirak edərdi, bir sözlə, məclis adamı idi. Məclisin başında Kübra xanım olurdu. Hamı istəyirdi ki, onunla bir stolda otursun. Oynamaqla da arası çox yaxşı idi, toylarda ortalıqdan çıxmazdı”.

Rayonlara gəzməyə gedəndə ona da deyirdim ki, mənimlə gəlsin. Çünki o qədər maraqlı adam idi ki, yanımdan ayırmaq istəmirdim. Dəniz həvəskarı idi, yığırdı hamımızı aparırdı dənizə. Gecə bir də gördün sənət dostlarını da çağırıb, samovar çayı dəmləyir. Bütün gecə danışmaq, gülmək... qonşular da yığışırdı bağa.Yəni belə qonaqpərvər, sevilən insan idi Kübra Dadaşova.

Özünü aktyorlara o qədər sevdirmişdi ki, hamı istəyirdi çıxış etdiyi səhnədə Kübra Dadaşova da oynasın. Hər tamaşanın ləzzəti, şirinliyi idi Kübra Dadaşova. Heç kimə paxıllıq etməzdi, hamı ilə yaxşı yola gedirdi. Xarakterik rollar oynayırdı adətən. Komik rolları daha çox idi, amma onu da deyim ki, drammatik rolları da pis canlandırmırdı.  Bir sözlə, işinə vurğun biri idi. Deyirdi ki, “əlimən başqa iş gəlsə, bu sahədə maaş azdır deyə, işimi buraxaram. Lakin  nə edim ki, əlimdən ancaq artistlik gəlir”. Ən sevdiyi rollar “Mahmud və Məryəm”, “Pirverdinin xoruzu” filmlərindəki obrazlar idi.  O rollarından tez-tez, həm də maraqla danışırdı”.

“Əməkdar artist adı alanda o qədər də sevinmədi...”

“İnsana gərək vaxtında ad verilə. Artıq bir müddətdən sonra yaşlananda Əməkdar artist adı almaq sıradan bir hal olur. Əməyə vaxtında qiymət vermək lazımdır. Xəstə vaxtlarında  Kübra Dadaşovaya Əməkdar artist adını verdilər.  Artıq ona sevinəcək gücü də qalmamışdı.  O  ad daha gənc yaşlarında verilməli idi, xəstələnib, yaşlananda yox.  Mənə deyirdi ki, “sən mənim kimi olma, tez ad al”. İstəyirdi ki, mənə verilən qiyməti görsün. Mənimlə, nəvəsi - yəni qızımla bağlı çoxlu arzuları var idi. Deyirdi ki, “sizi yüksəklərdə görmək istəyirəm, bacardıqaca qabağa gedin”.


“Ona söz verdim ki, sevdiyi şəxsin adını heç kimə deməyəcəm”

“Hamının həyatında böyük sevgi yaşanır. Kübra Dadaşova da vaxtında bir nəfəri çox sevib. Mən ona söz vermişdim ki, həmin şəxsin kimliyini heç kimə deməyəcəm. O adam da sənət adamı idi. Düzünü deyim, Kübra xanımın sevgisi qarşlıqsız deyildi. Həmin şəxs də onu çox sevirdi. Lakin həyat elə gətirdi ki, onlar bir araya gələ bilmədilər. İstəmirəm o məsələni açıq şəkildə danışım. Çünki kimlərsə onun adına ləkə gətirə bilər, başqa cür qabarda bilər sevgisini”.



Yaddaşlarda gözəl aktrisa kimi qalmaq istəyirdi...

“Mənfi cəhəti tez özündən çıxmağı idi. Tez əsəbləşirdi, lakin tez də sakitləşirdi . Ümumiyyətlə, ondan küsmək mümkün deyildi. Çox mehriban, həyat dolu insan idi.  Lakin təəssüf ki, şəkər xəstəliyi onu son vaxtlar pis vəziyyətə qoymuşdu, heç kimlə görüşmək istəmirdi, hər şeydən uzaqlaşmışdı. Jurnalistlər xəstə olandan sonra ondan müsahibə almaq, görüşmək isəyirdilər. Deyirdi “istəmirəm ki, insanlar bu halımı görsünlər, qoy yaddaşlarda necəyəmsə, əbədi olaraq da elə qalım”.

Televiziyada çalışan jurnalistlər dəfələrlə müraciət etdilər ki, sizin haqqınızda veriliş hazırlamaq istəyirik. Deyirdi ki, lazım deyil, çox əsəbləşirdi.  “İstəmirəm kimsə mənə görə pul yığsın, harasa müalicə üçün göndərsin. Əgər yaradıcılığım haqqında yazmaq istəyirlərsə yazsınlar, ancaq kömək lazım deyil” deyirdi. Açığı uzun müsahibə verəcək gücdə də deyildi, görüntü də istəmirdi. Sadəcə bəzən qısa açıqlamalar verə bilirdi”.


17 il ölümlə çarpışdı

Təhminə Məmmədova deyir ki, Kubra xanım şəkər xəstəliyinə  tutulanda ilk zamanlarda özünün xəbəri olmayıb:

“Yavaş-yavaş  gördü ki, gəzə bilmir, halı özündə deyil. Zamanla dərisində ləkələr əmələ gəlməyə başladı, deyim ki, özünə, səhhətinə qarşı çox etinasız idi. Bədənində ləkələr əmələ gəlirdi, deyirdi “heç nə olmaz, ötüb gedər”. Gördüm ki,artıq qanqrena yaranır, məcburən onu həkimə apara bildim. Xəstəxanaya gedəndə həkimlər dedi ki, “bir az da gec gəlsəydin, qanrena qanına keçib səni öldürə bilərdi”. Güc-bəla ilə onu ayağa qaldıra bildik. Onda şəkər o qədər yüksək həddə idi ki, aşağı salmaq mümkün deyildi. Xəstəlik onu o hala saldı ki, ayağı çürüməyə başladı.  Həkimə getməkdən çox qorxurdu, hər dəfə onu  xəstəxanaya zorla aparırdım. İstəmirdi, qəbul edə bilmirdi ki, xəstədir.
Son günlərində anladı ki, vəziyyəti ağırdır, onda razı oldu həkimə getməyə”.


“Xəstəliyinə görə ayağını kəsdilər”

“Əvvəllər qanqrena  ayaq barmaqlarında başladı.  Ayaq barmağının birində yaranada dedim ki, gedək bu barmağını kəssinlər, qanına yayılmasın. Etiraz edib dedi ki, “necə yəni, sən mənim ayağımı kəsdirmək istəyirsən?”. Xəstəlik yavaş-yavaş bir barmaqdan digərinə keçdi, sonra da artrıq dizlərinə qədər qaralma başladı.  Bütün bədənində tədricən ləkələr əmələ gəlirdi.  Məcbur şəkildə onu xəstəxanaya apara bildim. Həkimin yanına getdik dedilər ki, əməliyyat olunmalıdır, lakin  nəticənin yaxşı olması ehtimalı çox azdır. Şans az olsa da, Kubra xanım əməliyyata razı oldu”.

 

“Sonuncu əməliyyatdan öncə deyirdi ki, ölmək istəmir”
 

“Həkimlər müalicə olunmazsa, öləcəyini demişdilər. Ona görə Kübra xanım əməliyyata girməyə razı oldu. Əməliyyatdan bir gün əvvəl gecə mənə ağlayraq zəng vurdu ki, ölmək istəmir. Tez getdim xəstəxanaya - yanına, oturub ağlayırdı ki, əməliyyatdan çox qorxur. Dedim ki, qardaşına zəng edim, onunla danış. Dedi ki, “tək səni istəyirəm, sən ol yanımda”. Qardaşı ilə danışdırdım, səhəri elə o da gəldi, daha doğrusu Kübra xanım özü çağırdı telefonla danışanda.  Deyirdi ki, əməliyyat nə qədər riskli olsa da, ölmək yox, yaşamaq istəyir.
Əməliyyat sonrası gözlərini açanda çox sevinirdim. Evə gedib paltarımı dəyişdim, nahar etdim... Qəfil zəng gəldi ki, qayıt xəstəxanaya, halı pisdir. Həkimlər dedi ki, artıq beyni ölüb, onu aparatdan ayırmalıdırlar. Lakin icazə vermədim aparatdan ayırsınlar, vəziyyəti qəbul edə bilmirdim. Sonra Moskvadan dayım gəldi, onda aparatdan ayırdılar.  Heç əməliyyatından bir saat keçmədi ki, dünyadan köçdü.

Onun ölümü mənə çox zərbə vurdu, bir müddət hər şeydən uzaqlaşdım. Hələ də bəzən oturub düşünürəm ki, kaş Kübra xanım sağ olaydı, yenə nərd oynayıb söhbət edərdik, dərdləşərdik. Onun danışığının, səsinin həsrətindəyəm . Çox tez köçdü dünyadan.  Söz vermişdim ki, 60 illik yubileyini restoranda geniş qeyd edəcəm. Onun doğum günü avqustun 31-i idi, mənim doğum günüm də sentyabrın 13-ü. Deyirdim elə ikimizin də ad gününü birgə qeyd edərik. Deyirdi ki, bax söz verirsən ha, yadından çıxmasın. Lakin elə gətirdi ki, fevral ayında dünyadan köçdü, arzum ürəyimdə qaldı”.


Kübra Dadaşovanın sənət yoldaşı, aktyor-rejissor Nicat Kazımov deyir ki, uşaq vaxtlarından Kübra xanıma qarşı sevgisi olub.



“Mən Kübra xanımı hələ uşaq olandan tanıyırdım. Filmlərdəki rollarını sevə-sevə izləyirdim. Sözün açığı, o vaxtlar Kübra xanım və digər aktyorlar mənim üçün əlçatmaz görünürdü. Sonra elə alındı ki, 1991-ci ildə mən Gənc Tamaşaçılar Teatrına gəldim. O zamanlar mən Kübra xanımı teatrın səhnəsində ya səhnədən kənarda tez-tez görsəm də, eyni səhnəni bölüşmürdüm. Yəni yaxın ünsiyyətim yox idi, aramızda sadəcə “salam-sağ ol” var idi.  Sonra “O da mənəm, bu da” adlı tamaşada onunla ilk ünsiyyətimiz yarandı. Zaman keçdikcə, münasibət daha da möhkəmləndi. Elə oldu ki, mən rejissorluğa başladım. “Cənnətin üç alması” tamaşasını səhnələşdirəndə ona ortancıl qardaş rolunu verəcəyimi dedim. Həmin obraz da tənbəl, çox yeyən bir tip idi. Yalan olmasın, hardasa yarım saata kimi gülmək tutdu onu. Dedi ki, “Nicat, mən o rolu oynaya bilərəm ki?” Dedim ki, əlbəttə, istəsəniz bacararsınız”.


“Kübra xanım mənə qohumlarımın etmədiyi yaxşılıqları edib”

“İstər mənəvi, istər maddi cəhətdən o hər zaman yanımda olub. Hərdən düşünürəm ki, çox təəssüf ki, onun mənə etdiyi yaxşılıqların əvəzini qaytara bilməmişəm.  Demək olar ki, gecəmiz-gündüzümüz bir keçib. Ailəmdə olan hər söhbəti, hər şeyi yaxından bilirdi. Elə olurdu ki, əsəbləşirdim, həyat yoldaşıma zəng edib deyirdi ki, “Nicatı yola ver, bu günlük idarə elə”. Bir sözlə, mənə çox yaxından bələd idi. Ailəmin ən şad günlərində, övladlarımın ad günündə başda o oturardı”.

Gələcək planlar, rollar çox idi. Lakin Kübra aramızdan çox tez ayrıldı. Bəzən elə hal olub ki, ona rol vermişəm, məni çəkib kənara deyib ki, bu rolu filankəsə ver, o, daha yaxşı oynayar. İnanın, bunu heç bir aktrisa etiraf etməzdi, amma Kübra xanımın ürəyinin gözəlliyi, sadəliyi bu etirafı etməyə imkan verirdi. Bütün gənclərlə arası yaxşı idi, bacardıqca hamı ilə ünsiyyət qurub kömək edirdi”.


“Haqsızlığa dözə bilmirdi”

“Ev heyvanlarını xüsusi sevirdi. İtlərə,pişiklərə qayğı göstərirdi. Elə pişiklərlə yaxınlığı onda xəstəlik yaratdı. Pişik ayağını cızmışdı, fikir verməmişdi. Sonra yavaş-yavaş bu cızıq onda problemlər, xəstəlik yaratmağa başladı. İnanın, heç sonra da heyvan sevgisindən imtina etmədi. Sevdiyi şeyləri həqiqətən sevirdi çünki.

Bəzən rejisorlar deyirdi ki, “Kübra, səhnənin bu istiqamətində dayanm,  o yanda dur”. Deyirdi “Nöşün? İzah elə mənə". Yəni hər şeydə səbəb axtarırdı. Hə, bir də haqsızlığı heç götürməzdi. Onu ən çox kiməsə ya elə özünə edilən haqsızlıq əsəbləşdirərdi. Çox çılğın idi, heç nəyə sakit yanaşmazdı. Kimdənsə açığı gəlirdisə, bunu mütləq həmin adam bilərdi. Yəni hislərini, əsəbini, nifrətini gizləmirdi. İşinə qarşı çox məsuliyyətli idi, hələ görmədim ki, məşqə hazırlıqsız gəlsin. Ən adi detallara belə xüsusi yanaşırdı. İstedadı da, həvəsi də aydındır ki, ailəsindən gələn bir şey idi. Ata-anasının aktyor olması, elə uşaqlıqdan o mühitdə formalaşmağı onda aktrisa dəqiqliyini yaratmışdı”.
 


“Ad almaqda heç vaxt maraqlı olmayıb”


“Ona nə rol verilirdisə, etirazsız ifa edirdi. Baxmırdı ki, rol  böyükdür ya kiçik. Onda paxıllıq hissi olmayıb. İnanın səmimiyyətimə, elə vaxt olurdu ki, hamıya ad verilirdi. Lakin o müddətdə belə nə kefi qaçar, nə də kiməsə paxıllıq edərdi. Elə başını aşağı salıb işini görərdi. Mən onda çox pis olurdum ki, niyə də Kübra da ad almasın. “Əməkdar artist” adı alanda çox da sevinmədi, adi qarşıladı. Sözün düzü, o ad ona çox gec, “Xalq artisti" adına layiq görülməli olduğu vaxtlarında verildi. Bəlkə də buna görə ona qəribə gəlmirdi, sevinmirdi aldığı mükafata.

Həmişə  sözün düzünü deyərdi. Hətta mənə görə teatrda mübahisə etdiyi məqamlar da olub. Kişilərlə çox yaxşı yola gedirdi. Açığı kişilər də onunla dost olmağı sevirdi. Çünki dediyim kimi, paxıllıqdan  uzaq, dözümlü qadın idi. Onun içindəki o qadını  “Mahmud və Məryəm” tamaşasındakı obrazında görmək olardı. Həqiqətən o tamaşada “mamaça” obrazı ilə o şedevr yaratmışdı. Baxmayaraq ki, daha çox komik rolları canlandırıb,  lakin o cür vəhşi qadın obrazını ustalıqla yarada bilmişdi.

Bəzən məşqlərə görə xəstə olduğu müddətdə ona tez-tez baş çəkə bilmirdim. Baxmayaraq ki, yanına gec-gec gedirdim, amma heç bir gedişimdə soyuq davranmaz, küskünlüyünü hiss etdirməzdi.
Gəzməyi çox sevirdi. Elə olurdu ki, gecədən səhərədək bulvarda gəzirdik. Dənizi çox sevirdi, üzməyi də yaxşı bacarırdı. Maştağada atasının bağ evi var idi. Ona görə də uşaqlığından dənizlə arası yaxşı olub. Ev işlərini o qədər də sevməyib. Lakin bayramlarda, ad günlərində çox yaxşı süfrə açıb, bizi başına yığardı. Hər gün süfrə açsın, xüsusi nələrsə etsin, yox, elə evdarlığı olmayıb, nə yalan deyim. Bu da tənbəlliyindən irəli gəlirdi, yəni evdəki tənbəlliyindən, işinə qarşı belə deyildi. Amma yaxşı əl qabiliyyəti var idi. Rəsm çəkərdi, fiqurlar düzəldərdi. Onun ölümünə hələ də inana bilmirəm. Məzarını  ziyarətə gedəndə belə, sanki özü ilə qarşılaşıram, şəkli ilə yox...”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı