Modern.az

Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ

Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ

21 Avqust 2019, 08:48

Bu ilin ortalarına yaxın, çimərlik mövsümü başlayandan dənizdə boğulanların sayı xeyli artıb. Az qala hər gün mətbuatda və televiziyalarda, hətta sosial şəbəkələrdə boğulma, batma hadisələri barədə xəbər izləyirik. Ölüm hallarının əsasən nəzarətsiz çimərliklərdə qeydə alınması isə çimməyin qadağan olunduğu yerlərlə bağlı qaydaların daha da sərtləşdirilməsini labüd edir. Artıq qonşu İranda bu məqsədlə yeni bir addım atılıb. İranın şimalındakı Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox adam boğulub. Odur ki, təhlükəli ərazilərdə insanları çimməkdən çəkindirmək üçün qara bayraq asılıb.

Dənizdə və su hövzələrində bədbəxt hadisələrin daha çox çimmək qadağan olunan, nəzarətsiz hissələrdə baş verməsi insanların öz həyatlarına qarşı məsuliyyətsizliyini sübut edir. Bu barədə Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də boğulma hallarının artmasının səbəbini məsuliyyətsizlikdə görür. O deyib ki, insanlar sərinləmək və xoş vaxt keçirmək üçün çimərliklərdən istifadə etməlidirlər:

“Bəs, onda niyə küləkli havada , dənizdə dalğanın bir neçə metr olduğu vaxt insanlar çimərliyə gedir və çimmək istəyir? Axı hava onsuz da küləklidir, sərinləməyə ehtiyac yoxdur, ikincisi isə o küləkli havada dənizin sahilində xoş vaxtda keçirmək olmur. Demək, insanlar çimərliyə gedərkən öz istirahətlərini necə keçirməyi planlaşdırdığı kimi, öz təhlükəsizliklərini də düşünməlidirlər. Başa düşməlidirlər ki, ani bir məsuliyyətsizlik bədbəxt hadisəyə gətirib çıxarar”.

Ekspert nəzarətsiz çimərliklər probleminə də toxunub:

“Kim deyə bilər ki, belə yerlərə ancaq kasıb, yaxud aşağı təbəqənin nümayəndələri gedir. Qeyri-çimərliklərdə hətta dəyəri yüz min manatdan yuxarı olan avtomobillə gələnlər var. Bilirsiniz, illərdir dədə-babadan insanlar çimərliyə ora gediblər. Xarici ölkələrə gedib, orada qeyri-çimərlik görmürlər və burda da eyni şeyi edirlər. Hesab edirəm ki nəzarətsiz çimərlik  - qeyri-çimərliklər ləğv edilməlidir. Əgər insanlar  açıq girişi olan çimərliyə gedirlərsə, ya oranı bağlamaq lazımdır, ya da lazımi təhlükəsizlik tədbirlərini təşkil etməklə istifadəyə imkan yaratmaq olar. İnsanların nəzarətsiz çimərliklərə getməsini önləmək üçün həmin çimərliklərdə DİN-nin müvafiq bölməsinin polis naryadının köməkliyindən də istifadə etmək olar. Ancaq hesab edirəm ki, nəzarətsiz çimərliklərin hamısının nəzarətə götürülməyi lazımdır. Orada təhlükəsizlik tədbirləri görülməli, FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri və əməkdaşları orada xidmət aparmalı və təhlükəsizlik qaydalarını pozanlar barədə inzibati cəza yaxud cərimə sanksiyaları olması təmin edilməlidir ki, boğulma hallarının qarşısı alınsın”.


E.Nurəliyev xüsusilə vurğulayıb, insanlar bir şeyi dərk etməlidir: küləkli havada suya girmək olmaz:

“Hətta bu gün hava küləkli olubsa, sabah eyni çimərlikdə suyun dibinin fiziki olaraq, quruluşu dəyişə, yarğanlar əmələ gələ, su axınları yarana bilər,  suyun dibində daş-kəsək parçaları ola bilər. Bu isə sizin üçün gözlənilməz olar və çox pis nəticələnə bilər. Baxın, yay gələndən FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları olan çimərlikdə bir nəfərin boğulması baş verməyib. Demək, bu məntəqələrin və əməkdaşların sayı artırılsa , nəzarətsiz çimərliklər də nəzarətə götürülsə, boğulma halları da azalar. Ümumiyyətlə, tez-tez şahidi olduğumuz hadisələrdən biri də FHN-in əməkdaşlarına qayda pozan şəxslərin kobud davranışı və hətta xilasediciyə fiziki müqavimət göstərməsi olur. Ancaq başa düşmür ki, o xilasedici sənə iradı sənin həyatın üçün təhlükə olmasın deyə söyləyir. Təəssüflər olsun, bu cür hallar var və qarşısı ancaq inzibati cəza yaxud cərimə ilə alına bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir