Modern.az

Allahın sevimli bəndəsi

Allahın sevimli bəndəsi

Ədəbi̇yyat

21 Avqust 2019, 10:56

Fikrət Şiriyev

Son onilliklərdə çap edilən ən dəyərli nəşrlərdən  biri olan “Şeyxülislamlığın tarixi” kitabını diqqətlə oxuyanda hər bir Şeyxülislamın din və dövlətçilik tarixindəki böyük rolunu, missiyasını görmək olur.

 

Bu nadir şəxsiyyətlərin hər biri öz dövrünün nüfuzlu xadimi kimi fəaliyyət göstərib, milli şüurun inkişafında, Azərbaycan dövlətçiliyinin yaranmasında böyük işlər görüblər. Onların arasında kimisə seçmək, fərqləndirmək çətin olsa da, bugünkü şeyximiz, beynəlxalq aləmdə öz nüfuzu ilə ölkəmizə böyük hörmət qazandıran qüdrətli şəxsiyyət Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərini xüsusi qeyd etmək lazımdır. Bu 12 nəfər müqəddəsin arasında yalnız iki nəfər –Azərbaycan Xalq Cümhuriyyətinin ilk şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadə və Hacı Allahşükür Paşazadə iki siyasi quruluşda- çox fərqli və mürəkkəb dövrlərdə missiyalarını yerinə yetirmişlər. Fikrimcə, Allahşükür Paşazadənin boynuna düşən vəzifələr daha mürəkkəb və məsuliyyətli olmuşdur. Bəs bu missiyanı dəyərli edən mürəkkəblik nədədir? İlk növbədə çox gənc yaşlarında- cəmi 31 yaşında Şeyxülislam titulu almaq və ağsaqqal, artıq özünü təsdiq etmiş, bir qədər də iddialı olan din xadimlərinə rəhbərlik etmək; Dinin yasaq edildiyi, ateizm təbliğatının tüğyan etdiyi dövrdə dövlətlə balanslı münasibət qurmaq, dini dəyərlərin qorunub saxlanılmasına nail olmaq; Sovet dönəmində xalqda yaradılan “əcaib” din xadimi sterotipini dəyişmək; Müqəddəs ocaqların, məscidlərin, pirlərin mühafizəsini təşkil etmək və s. Bu, Şeyxülislamın Sovet dövründə etdiklərinin az bir qismidir. Bugünkü nəsil həmin missiyaları sadə bir iş kimi dəyərləndirə bilər, ancaq o dövrü yaşayanlar yaxşı xatırlayırlar ki, müqəddəs dəyərlər naminə atılan hər bir addım amansız müqavimətlərlə rastlaşırdı və çox çətinliklərlə reallaşırdı. Bu işləri həyata keçirmək üçün böyük əzmkarlıq və inadkarlıq, tükənməz iradə və yorulmazlıq, dərin təfəkkür və məntiq, ən başlıcası isə vətənpərvərlik, milli təəssübkeşlik, xalqa səmimi bağlılıq lazım idi- həyat göstərdi ki, bu keyfiyyətləri də allah-taala Şeyx həzrətlərinə səxavətlə ərmağan edib. Bu ali keyfiyyətlər olmasaydı, Hacı Allahşükür Paşazadə 20 yanvar mitinqində belə rəşadətlə çıxış edə bilməzdi, onun adını xəlvətdə çəkməyə cəsarət etməyən məddahlardan fərqli olaraq Qorbaçovu tribunadan sərt ittiham etməzdi, onu “əli xalqımızın günahsız qanına batmış” adlandırmazdı,  Şeyxin "Azərbaycan xalqı ilə silah gücünə danışmaq olmaz!” kəlamı el dilində zərbi-məsələ çevrilməzdi. Şeyxülislam belə zəngin mənəviyyata malik insan olduğu üçün Boris Yeltsinin siyasi hakimiyyətinin  pik dövründə- 1999-cu ildə Rusiya Federasiyasının Prezidentinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərdi, onu islam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə etməkdən çəkinməyə çağırdı.

 


Bölgənin  ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Şeyxin Rusiya ərazisində- Çeçenistan və İnquşetiyada, Dağıstanda   və digər yerlərdə baş verən hadisələrə həssaslıqla yanaşması, bunula bağlı beynəlxalq səviyyədə səsini qaldırması,  dövlət başçılarına müraciətləri  onun  cəsarətinin, humanizminin, həm də beynəlxalq səviyyəli  ictimai xadim olmasının göstəricisidir. O, bu  missiyanı bu gün də şərəflə yerinə yetirməkdədir və "Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərir.  Böyük şəxsiyyət Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Çeçenistan Respublikasının "Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı”, Gürcüstanın "Şərəf", Serbiyanın "İmperator Böyük Konstantinin" ,   Misirin  I dərəcəli  "Əl-elm və əməl" və sair orden və medallara gördüyü nəhəng işlərin müqabilində layiq görülmüşdür.Hər bir Azərbaycanlı üçün qürurdur ki,  İslam tarixində müsəlman din xadimləri arasından  ilk dəfə Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma papası II İohan Pavel tərəfindən Vatikana dəvət edilmiş, fəaliyyəti "Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirilmişdir.


Ölkə ərazisində onlarla məscidin istifadəyə verilməsində, Bakıda Heydər məscidinin tikilməsində, Təzəpir, Bibiheybət, Hacı Cavad, Cümə və digər məscidlərin, Gəncədə İmamzadə kompeksinin əsaslı şəkildə yenidən qurulmasında  möhtərəm Şeyximizin müstəsna xidmətləri vardır. Ancaq bunlar da onun şərəfli ömür missiyasının tam siyahısı deyil, olsa da bəzi səhifələridir. Bir insan ömrünə sığışa biləndən xeyli artığını yerinə yetirmiş Şeyxülislamın həyat tarixində  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun erməni işğalçılarında qalmış nəşinin doğmalarına qaytarılması, 1991-ci ildə Dakarda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi,  Əfqanıstan müharibəsi illəsində Hikmətyarla şəxsi münasibətlər hesabına 300 müsəlman gəncinin ölümün pəncəsindən analarına təhvil verilməsi, Bakı İslam Universitetinin təsis edilməsi  və digər onlarla belə rəngarəng, qiyməti  ölçüyə gəlməyən hadisələr var.

 

Yüzlərlə ailənin xeyir-şərində səmimiyyətlə iştirak edən bu böyük miqyaslı şəxsiyyəti oğlumun toyuna iki ay əvvəldən dəvət etmişdim.  Düşünürdüm ki, yadından çıxmışam, bu qədər nəhəng işlərin qabağında kiminsə toyuna getməsə kim qınacaq ki?! Toya iki gün qalmış zəng elədi:”Hardasan? Bir mənə dəy.” Təəccübümlə birgə getdim. Demə yadından çıxmayıbmış. Xeyir-dua verdi, xoş sözlər dedi, xəbərdar elədi ki, birdən gələ bilməsəm, qabaqcadan deyəcəyəm, ancaq çalışacağam mütləq gəlim. Sonra da, məni utandıra-utandıra toy hədiyyəsi verdi, almaq istəməsəm də, “Sizi görmək, ziyarət etmək ən böyük hədiyyədir”, desəm də, faydası olmadı... Toy günü özüm öz yadımdan çıxmışdım, amma onun yadındaymışam. Toyun başlamağına yarım saat qalmış zəng elədi:” Ay Fikrət müəllim, bilirəm, başın qarışıqdır, ancaq məni üzürlü hesab elə, ölkəmizə çox yüksək səviyyəli qonaq gəlir, onu qarşılamağa hava limanına getməli oldum, gələ bilməyəcəyəm.” İnsanın böyüklüyünə, alicənablığına, kübarlığına heyrət edib, bu fenomenal şəxsiyyətə rəğbətdən başqa heç nə düşünə bilmədim. Məni unutmamışdı. Bu dünyanın hər yerində tanınan, Qafqazın ağsaqqalı, Müsəlman dünyasının ən nüfuzlu 500 nəfərindən biri,    bir çox ölkələrin fəxri vətəndaşı, ləyaqəti, mənəviyyatı ilə xalqımızın sevimlisi  bu nadir İnsan zəngin həyatı üçün epizodik olan bir hadisəni unutmamışdı...Allah onu unutmasın!!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi