Modern.az

Bakıda anasının zəncirlədiyi uşağı kimsəsizlər evinə verdilər 

Bakıda anasının zəncirlədiyi uşağı kimsəsizlər evinə verdilər 

22 Avqust 2019, 14:06

Bakının Nəsimi rayonu Cavadxan küçəsi-56  ünvanındakı mənzildə kirayə yaşayan ananın nadinc hərəkətlər etdiyinə görə övladını ayağından zəncirlə bağlaması cəmiyyətdə rezonans doğurub.
Faktla əlaqədar Bakı şəhər prokurorluğunda 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı barəsində Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


Məsələyə
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə də münasibət bildirib. O, Modern.az-a açıqlamasında bunları deyib:


“Bu kimi hallar uşaqlara qarşı bir cinayətdir. İstər fiziki, istərsə də əqli qüsuru olan uşağa bu cür davranmaq, onu harasa zəncirləyərək sakitləşdirmək insanlığa yaraşmır. Mən həmin şəxsləri valideyn adlandırmıram, heyvan da balasını nələrdənsə qoruyur ki, birdən ona nəsə olar. Şüurlu bir insan bunu edirsə, sözün bitdiyi andır”.

Birlik sədrinin sözlərinə görə, artıq zəncirlənən uşaq Ömər Həsənli hüquq-mühafizə orqanlarının qərarına əsasən, uşaq müəssəsinə yerləşdirilib:

“Düşünürəm ki,  yerləşdirilmə ilə bağlı böyük  yalnışlığa yol verilib. Ona görə ki,  bu tip uşaqlar müəyyən  travma alır, onu da aparıb böyük bir kollektivə yerləşdirilər. Heç bir reablitasiya işi aparılmadan birbaşa uşaq müəssəsinə yerləşdirilməsi özü bir yalnışlıqdır. Ola bilsin ki, o uşağın səhhətində hansısa bir problem var. Görmüş olduğu şiddətdən uşaqda müəyyən bir aqressiya yaranır. Valideyn belə bir bəhanə gətirib ki, qoyacaq yer yox idi, həm də  çətin uşaq idi. Bu nə dərəcədə doğrudur?  Məgər hər çətin uşağı tərbiyələndirmək olmur? Düşünürəm ki,  bu kimi addımlar atan valideynlərə dövlət özü bir cəza tətbiq etsə, daha yaxşı olardı.  Ağılları başlarına gələr ki, uşaqla uşaq kimi davranmaq lazımdır. Əgər qoyacaq yeri yox idisə, qeydiyyatı üzrə  İcra hakimiyyətinə müraciət etməli idi. Heç  o, bunu da etməyib, çıxış yolunu isə uşağı zəncirləməkdə görüb. Uşağın aldığı travma ölənədək onun yadından çıxmayacaq. Nəticədə belə travma alan uşaq gələcəkdə də kimlərinsə üzərində bu cəzanı tətbiq edəcək”.

Kəmalə Ağazadə Azərbaycan Uşaqları İctimai Birliyinin yaratdığı sığınacağın vəziyyətindən də danışıb:

“Bizim sığınacaqda  hazırda 30-a yaxın uşaq, 5 nəfər də valideyn yaşayır. Hətta bir qadın da var ki, təkdir deyə bizim sığınacağa yerləşdirilib. Bilirsiniz ki, sığınacaqların vəziyyəti o qədər də ürəkaçan deyil. Yer baxımından imkan da yoxdur. Hazırda uşaqlardan 13-ü 1 saylı sometik sanatoriyada müalicə alır, digərləri isə yanımızdadır. Bir məqamı da bildirim ki, sığınacağa yerləşdirilən uşaqların əksəriyyəti zorakılığa məruz qalmış uşaqlardır. Biz o uşaqlarla reablitasiya aparırıq. Bitdikdən sonra ya ailəsinə təhvil veririk, ya da uşaq müəssələrinə göndəririk. Artıq reablitasiyası başa çatmış, cəmiyyət üçün zərər verməyəcək  uşaqlar  müəssəyə yerləşdirilir”.

 Jalə Mehdi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı