Modern.az

Bakıdakı taxta bazarında güclü yanğı - VİDEO + FOTOLAR - YENİLƏNİB

Bakıdakı taxta bazarında güclü yanğı - VİDEO + FOTOLAR - YENİLƏNİB

22 Avqust 2019, 21:20

Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü bəyan edib. Nazirlikdən Modern.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

***

Səhiyyə Nazirliyi bəyan edib ki, Nərimanov rayonunda taxta bazarının yanması ilə əlaqədar hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Hələlik Təcili yardıma iki nəfər FHN nin yanğınsöndürəni müraciət edib.

"Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə xəbər verəcəyik",-nazirlikdən Modern.az-a bildirilib.

Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, "Baksol yolu" adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkəti üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunur.


***

Nərmanov rayonu ərazisində, Dərnəgül yolunda yerləşən taxta bazarında yanğın hələ söndürülməyib. Modern.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib. Bundan başqa, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir.
Yanğının söndürülməsi davam edir...

***

Fövqəladə Hallar Nazirliyinin Modern.az-a verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

**

Bakıda taxta satılan bazada yanğın başlayıb.

Modern.az xəbər verir ki, hadisə Nərmanov rayonu ərazisində Dərnəgül yolunda yerləşən taxta bazarında baş verib. Alov bir neçə obyektə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadaları cəlb olunub. Hazırda alovun söndürülməsinə çalışılır.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir