Modern.az

Aprel xofu, Ermənistanın “Talış şou”su - Ermənilər bu kəndə gəlməkdən qorxur

Aprel xofu, Ermənistanın “Talış şou”su - Ermənilər bu kəndə gəlməkdən qorxur

23 Avqust 2019, 00:17

Tərtər rayonunu Talış kəndi 1994-cü il aprelin 14-də, Qarabağ müharibəsinin son fazasında düşmən tərəfindən işğal oluub.

2016-cı ilin aprel döyüşlərinin önəmli uğurlarından biri Azərbaycan Ordusunun strateji önəmə malik Talış yüksəkliyini düşməndən azad etməsi oldu. Bu yüksəklik düşmən postlarını, bu postlara aparan yolları və kəndi nəzarət altında saxlamağa imkan verir. Faktiki olaraq, Talış kəndi Azəbaycan ordusunun nəzarəti altına keçib və bu, kəndin 80%-ni əhatə edən hissədə yaşayışı qeyri-mümkün etdi.

Kənd hələ aprelin 2-də boşaldılsa da, cəbhədə atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyi və qondarma rejimin rəsmiləri Talışda məskunlaşdırdıqları ermənilərin yenidən bura qayıdacaqlarını elan etdilər.
O zaman Ermənistan hakimiyyəti uğradıqları acı məğlubiyyətin miqyasını kiçiltmək üçün kənddə yaşayışın təhlükəsiz olması barədə yalan məlumatlar yayırdı. Ölkə ictimaiyyətini buna inandırmaq üçün isə Talış kəndinin giriş hissəsindən reportajlar hazırlayırdılar. Halbuki, bu zaman kənddə məskunlaşdırılan ermənilər real vəziyyəti görərək, hətta keçmiş Ağdərə rayonunda da qalmadlar.

Yerli sakinlər də bunu anlayırdılar. Hələ 2016-cı il aprelin 5-də Xankədinə köçən Talışın 60 yaşlı sakini Elmira Baqiryan kəndə daha dönməyəcəklərini demişdi.

“3 gün 5 ailə üzvü bunkerdə qaldıq. Talışı tərk etmişəm. Bütün əmlakımı da Xankəndinə köçürmüşəm. Mən sülhün davamlılığına inanmıram və ona görə Talışa dönməyəcəm”.



Ermənilərin məğlubiyyət simvoluna çevrilən Talış kəndi Serj Sarkisyan və ondan sonra hakimiyyətə gələn Nikol Paşinyan hökumətləri üçün gözdağına çevrilib və onlar təbliğat vasitəsilə Talışı əvvəlki görkəminə salmaq istəyiblər. Sırf reytinq xatirinə, aprel məğlubiyyətini həzm edə bilmədikləri üçün onlar Talışda məskunlaşdırılan ermənilər üçün təhlükəsiz ərazidə yeni yaşayış evləri və inzibati obyektlər salınacağına söz vermişdilər.

2016-cı ilin yayından Ermənistan hakimiyyəti erməniləri Talışa geri qaytarmaq üçün proqrama başladılar. Proqram çərçivəsində Azərbaycan Ordusunun azad etdiyi təpəlikdən görünən məktəb, uşaq bağçası, kənd administrasiyasının binası, xəstəxana, şadlıq evi, onlarla yaşayış binasının əvəzinə kəndin Madagiz tərəfdə yerləşən giriş hissəsində həmin obyektlərin yenidən inşasına başlanıldı.

Ərazidə hər birinin bunkeri olan 52 yaşayış evi də istifadəyə verildi. Burada "Talış şousu" üçün Erməniastan büdcəsi və diaspor ermənilərindən ianə şəklində toplanan 30 milyon dollar vəsait xərcləndi.


Kəndin icra nümayəndəsi Vilen Petrosyan hələ 2017-ci ildə kənddə yaşayışın bərpa olunacağına ümid ifadə edirdi.
“2018-ci ilin yazında kəndə geri qayıtmağa ümidliyik. Döyüşlərin nəticələrinin tam aradan qaldırılmasına inanırıq. Talışda yaşamaq təhlükəsiz olacaq”.

Sonradan, Qarabağdakı separatçı qurum rəsmiləri açılış mərasimini 2018-ci ilin 1 sentybarına təxirə saldılar. Növbəti günlərdə “Talışa qayıdış” adını almış propqramın fərqli tarixləri açıqlansa da, aprel döyüşlərinin üzərindən keçən 3 il 5 ay müddətində kəndə tikinti üçün fəhlə kimi işləmək istəyən 20 sakindən başqa, heç kim dönməyib.
Bu, erməni tərəfinin məlumatıdır.

Rəsmi məlumatlar da bunu sübut edir. 2016-cı ilin aprel döyüşlərinə qədər rəsmi mənbələr kənddə 600 nəfərin, yaxud 140 ailənin yaşadığını açıqlamışdı. Bu rəqəmə hərbçi ailələri və müvəqqəti qeydiyyata düşənlər daxil edilməmişdi.

Maraqlıdır ki, 2019-cu ilin avqust ayı üçün verilən statistikada Talış kəndindən olan qeydiyyatdakı ailələrin sayının 86 olduğu vurğulandı. Həmin ailələrin 51-i Alaşan kəndində, qalanları isə Qarabağın başqa-başqa kəndlərində məskunlaşıb.


Beləliklə, rəsmi informasiyalardan da aydın olur ki, 2016-cı ildə kəndi tərk edən ailələrin 54-ü nəinki Talış kəndini, Qarabağı tərk edib. Onlar Ermənistanın Çarentsavan, Abovyan və s. rayonlarına köç ediblər və geri qayıtmaq fikirləri yoxdur.

Hazırda Alaşan kəndində yaşayan Mareta Abelyan yalnız təhlükəsizlik təminatı verildikdən sonra Talış kəndənə dönəcəyini deyir:

“Aprel döyüşlərindən sonra kəndi tərk etdik. Hökumət yeni ev tiksə də, kəndə dönmək istəmirəm. Xüsusən də uşaqları ora aparmağa qorxuram”.

Alaşanda hərbi hazırlıq fənnindən dərs keçən Fedya Apresyan isə ailələrin Talışa dönməyəcəyini deyib.

“Onlar artıq Alaşanda təsərrüfat qurublar. Məhsul toplamağı gözləyirlər. Xüsusən su problemi və əkin üçün torpaqlar olsa, kəndə dönmək barədə düşünmək olar”.


Ermənistan hökumətinin xərclədiyi milyonlarla dollar pula, sakinlərə vəd etdiyi təminat və imtiyazlara baxmayaraq, bu müddət ərzində ermənilərin Talışa dönməməsi, həmin sakinlərin həm hökumətə etibar etməməsi, həm də Qarabağda yaşamaq perspektivini görməmələri ilə bağlıdır. Hətta mahiyyət etibarilə populist olan Nikol Paşinyanın vədləri belə reallığı görən erməniləri kəndə qayıtmağa sövq edə bilmədi.

Təbii ki, ermənilərin Talış kəndini yenidən məskunlaşdırmaq cəhdləri Azəbaycan ordusunun işğaldan azad etdiyi və qısa müddətdə 1500-ə qədər sakinini geri döndüyü Cəbrayıl rayonunu Cocuq Mərcanlı kəndindəki situasiya ilə kəskin ziddiyyət təşkil edir. Təhlükəsizlikləri tam təmin olunan Cocuq mərcanlılar Talış sakinlərindən fərqli olaraq, gələcəklərini məhz Qarabağda, öz doğma hesab etdikləri torpaqda görürlər.
Və şübhə yoxdur ki, Talışda vaxtilə məskunlaşdırılan ermənilər yaxşı anlayırlar ki, Talış kimi Azərbaycanın işğal edilmiş digər yaşayış məntəqələri onlar üçün ölüm yeridir. 2016-cı il aprel hadisələri göstərdi ki, azərbaycanlılar öz doğma yerlərinə qayıdacaqlar.


Demək olar ki, Talış kəndi Ermənistan üçün məğlubiyyət məntəqəsinə çevrilib. Ermənistan rəhbərliyinin mütəmadi olaraq bu kəndə səfər etməsi də heç nəyi dəyişə bilmədi. Talış qorxusu digər kəndələrdə məskunlaşdırılan ermənilərdə ciddi xof yaradıb. Hərbi ekspertlər bunu Talışda Azərbaycan Ordusunun Ermənistana vurduğu zərbənin miqyası ilə bağlayırlar. Kənddəki məğlubiyyəti Ermənistan uzun zaman gizləməyə çalışsa da, buna nail ola bilmədi. Bir sözlə, obrazlı ifadə etsək, Talış kəndı Ermənistan üçün göz dağına çevrilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir