Modern.az

Sərbəst sözün işığı

Sərbəst sözün işığı

24 Avqust 2019, 22:37

Osman Fərmanoğlu poeziyasına nəzər...

"Bütün dinən ağızlardan bir hava çıxsa da, oynayanlar öz havasına oynayan bu zamanda" dağlar oğlu təkcə qoşma, gəraylı, təcnis, dodaqdəyməz, müxəmməs yazmırsa, "ağrılı şeirlər", "yetim şeirlər", "papaqsız şeirlər", "köhnə havalı şeirlər", "Tanrı divanisi", "müstəqillik şeiri" ilə yanaşı sərbəst vəzndə "ayaqlarının şeiri"ni, "şeir haqqında şeir"i, "papaqçının nağılı"nı, "Türkün nağılı"nı, "minacata oxşayan reportaj"ı da eyni ustalıqla qələmə almaq istedadına malikdirsə, deməli, onun poeziyası ilahi sözdən mayalanıb. Axı əsl söz sahibinin təbinin aranı, dağı, qışlağı, yaylağı olmur. Təb yüyənsiz, yəhərsiz, üzəngisiz kəhərdir, gəzməyə, süzməyə, şahə qalxmağa genişlik axtarır. Onun cilovunu çəkmək çətin məsələdir. Heç çəkmək də lazım deyil. Şair - pedaqoq dostumuz Osman Fərmanoğlu da söz kəhərini səllimi buraxıb. Şeirin hər janrında meydan sulayır bu kəhər. Ona görə də şair təkcə "Yadıma düşürsən Məmməd İsmayıl", "Nazim Hikmət nağılı"nı yazmır, həm də "Süleyman Abdullanın 51 - i"ni, "Musa Yaqubun payızı"nı, hətta "şər vaxtının duası"nı təxəyyülün süzgəcindən keçirir.

Əslində burada təəccüb doğuracaq bir şey görmürəm. Ana dilinin incəliklərini, folkloru, şairlərin söz mülkünü, etnoqrafiyamızı, təbiətin dilini - "yağış havası"nı, şimşəyin səmaya yazdıqlarını, "dərd ağacı"nın dərdini, "Türkün, papaqçının nağılı"nı bilən söz aşiqlərinin qarşısında mövzu, janr limiti, səddi niyə olmalıdır ki?..

O.Fərmanoğlu "ömrü Qazılıq dağında çənə burunən, qılıncı əlində qalan qanı qara Türkün" övladıdır. "Türkün nağılı" ilə əlahəzrət həqiqətləri açıb - ağardır. "İddiaamızın böyüklüyü"nün acı miraslarından - Əmir Teymurla İldırım Bəyazidin, Şah İsmayılla Sultan Səlimin "qabaq - qabağa oturub qardaş söhbəti edə bilməməsindən, onların gözlərini qan örtməsindən, duz - çörəyi tapdayıb qılıncı seçməsindən" yana - yana söhbət açır. Sonda Türkü Göy Tanrıya tapşırır:

Qılıncı korş, dili lalıq,
Sən başa düşərsən lalı.
Təkəm, əlac sənə qalıb, 
Tanrı, sən qoru Türkünü.
Hər yan araba izidi,
Ot - alaq basır, iz itir.
Gələn tarixin səsidi, 
Görüm, itməsin Türk ünü.

Bu yazıda Osman müəllimin sərbəst vəzndə yazdığı şeirlərin poetik məziyyətlərini onə çəkməyə çalşacağam. Amma başlanğıcda "Türkün nağılı"ndakı mətləblərdən yan keçə bilmədim.

Keçirəm əsas mətləbə...

Osman Fərmanoğlu "qara beretli, hərbi gödəkçəli" qazi eloğlusu,dörd il qanı - canı bahasına Vətənini qoruyan, bu gün də silahını qələmə dəyişdiyinə görə özünü qınayan, "qandaş"ları ilə birgə hər an qələbə soraqlı son hücuma hazır olan qələmdaşı Süleyman Abdullanın 51 illiyinə söz təbriki göndərir. "Külək ocaq qalayanlar təki qumları ətəkləyən" ömür səhrasının "qulaq batıran təkliyi"ndə iki qoca Dərviş görüşür:

...Saqqalından qum ələnən, 
qoca Dərviş, 
səni Tanrı yetirdi.
gəl, dərdləşək,
görək, hara gedir bu gərdiş
ömrün bu çağında,
yaşın əlli birində...
Sənə çox yaşa, demirəm,
mən kiməm ki?!.
Yaşa, qarının əli əlində
suyu buxarlandırana, 
saçın ağ yol tək ağarana qədər, 
balalarını işıqlığa
çıxarana qədər...

Osman müəllim işıq şairidir. Onun misralarından süzülüb gələn işıq "işığI sönmüş bir kəndi" eli -elatı nura qərq eləmək gücündədir. "Göylərdən ətək -ətək ulduz yığıb işığa bürünmək, özümüzü tapmaq", tanımaq, təsdiq etmək üçün Ağ yoldur bu msralar. Şairə görə işıq "Evarist Qaluanın sabahkı edamqabağı gördüyü mələkdir, işıq ölümdən qabaq verilən rüsxətdi şairə, son sözünü demək üçün"...

Nəsiminin heykəlinin yanında şəkili papaqçı kişi sevimli işi ilə məşğuldur. Papaqçı inanır ki, "Qarabağa bayrağı ilk sancan kişi" onu qürurla başında gəzdirəcək. Papaq Türkün qeyrət, namus, şərəf kriteriyalarından biridir. O.Fərmanoğlunun papaqçı qəhrəmanı da

Gözləyir hələ də; -
o papağın yiyəsi hansı səngərdəsə,
Qələbə bayrağını sancmağa 
hazırlaşan bir kişidi...

Osman Fərmanoğlunun gənclik çağlarında istedadlı şair rəhmətlik Hüseyn Əfəndi yazırdı: "Osmanın sərbəst şeirləri də heca şeiri kimi oxunur. Səbəb onların axıcılığı və sözlərin bir - birinə zərgər dəqiqliyi ilə cilalanmasıdır". Hüseyn Əfəndinin azı 30 il əvvəlki şeir duyumunu və uzaqgörənliyini Osman müəllim "Dağlar heeey..." şerində bir daha təsdiqləmişdir. Bu şeirdən bir "Sarıtel" nəfəsi gəlir. Amma şair bütün "qaydaları pozaraq" sözün cilovunu sərbəst buraxıb ki, həqiqi poeziyaya əngəl törətməsin. Bu nisgil dolu şeirdə "kənddən şəhərə ağ gün dalınca teylənən, şəhərdə çat - çat torpaq təki boğulan, iliyi sızlayan sümüyümüzün" son mənzilinə arxa çevirdiyimiz oylaqlara uzaqlardan baxan bizlərin həsrətinin müxtəlif çalarlarına tuş gələndə qəbimdən sızıltılı bir "ahhh" keçdi:

Bir damla sevincdən insan ömrü dadlanar, -
duzu az düşən xörəyə
bir çimdik duzdan dad düşən kimi,
buludlar çırpılar qarının yun çubuğu ilə,
damcılar sallanar,
qəmli gözdən yaş sürüşən kimi...
Dağlar heeey...
... Nə yeni kimi yeni gələr,
nə köhnə köhnə kimi qalar,
dönər dönəlgələr...
ah, yollar, yolağalar,
DAĞLAR HEEEY.

Ehh, dağlar oğlu, dərdərimiz də musiqidir, şəhərdəki "şadlıq evlərində oyun havalarını döyəcləyir" ağır batman dağ havasının gürşadı kimi...

Məni qınamayın, yurd yerlərimizi, Vətəni vəsf eləyən şeir yazmayan şair tanımıram. Varsa da təəccüblənmərəm. Beləsi varsa, onun ürəyi yoxdu yəqin. Osman müəllimin yurd sevgisi ana təbiət kimi səmimi, yurd həsrəti daha ağrılıdır. Özü özünü tanımayan manqurt xislətlilər yurdu "yeməli tikə bilib üstündəki əti sivirib, içindəki iliyi sümürüb itə atılan sümük sayağı" atanda şair ürəyi həzin - həzin hıçqırır:

Başdan ayağa şikəstəyik;
istər zildən, istər pəsdən oxunsun,
"Şirvan şikəstəsi"ndə də ağlayırıq,
"Qarabağ şikəstəsi"ndə də,
Hələ Qarabağı itirəndə də...
Təki ürəyimizin 
sarı siminə toxunsun.
Ürəyimiz atlanır "Sarı gəlin"ə,
Mədəmiz odlanır "gürcü xəngəli"nə,
özümüzün xəngəlimiz küt gedir,
könlümüz özgədədir...

"Sabirin qazanı" məni uzaqlara apardı.120 - 130 il əvəl də belə idiksə hanı bəs Sabirin, Üzeyir bəyin, Mirzə Cəlilin, Cavid əfəndinin, Hadinin bizim beynimizin qırışlarını qəflət yuxusundan oyatmaq üçün çabalarının nəticəsi? "Zülmətdə tapdığı işığa" güvənən Sabirin sabun bişirdiyi qazanı varlının adamı məst eləyən yemək qazanından fərqli olaraq insanlığa xidmət üçün qaynayır, təmizlik, sağlamlıq üçün:

Sabir qazan qaynadırdı;
Varlı qazanı qoxusu adamı məst eləyən yemək,
Sabirinki çörək gətirəsi sabun...
Nə demək, 
sakın,
sabun hələ çörək deyil,
sabun gərək pul ola,
sabun bişirən ocağına qul ola,
sabun bişirən gərək yol ala 
qaranlıqdan işığa.
Çirkdən, bitdən, üfunətdən 
keçib çıxa ağ yola...
Sabir qazan qaynadırdı,
sabun əmələ gəlmirdi,
Qazanda şeir qaynayırdı
sabun yerinə.
Sabir təmizlik tumu əkirdi
bitli, sirkəli avamların 
pas tutan beyinlərinə...

Söz bilicilərindən biri, şair - tənqidçi Zakir Məmməd Osman Fərmanoğlunun sərbəst şeirlərinin yaddaşlarda qalma səbəbini belə açıqlayır: "Osmanın sərbəst şeirlərini oxuyanda fikirləşirsən ki, o, sərbəstdə çox asan yazır, heç bir söz o birini incitmir". Zakir müəllimin bu fikrini Osman Fərmanoğlunun cəmi doqquz misralıq şeiri tam təsdiqləyir. Şair bir nisgilli gecə etüdü yaradır, həm rəssam, həm rejissor, həm də aktyor kimi. Pantomim teatrın bir səhnəsini xatırladan bu poetik etüd bir aktyorun teatrına bənzəyir. Amma bu səhnədə iki canlı var, şair və onun ruhu:

Yandırdım həyətin işığını,
Pəncərədən boylandım çölə.
Özüm boy - buxunda bir adam
baxırdı içəri - gözlərimə.
Ruhumdu, o dünyadan boy göstərirdi
bu dünyaya, demə...
Bir yalın pəncərə varmış
bu dünya ilə o dünya arasında -
Qalmışdım ömrümün yarısında...

"Yaza bilməyəndə içində ağrıya - ağrıya, ağlaya - ağlaya qalan sözlərə" acıyan, yaza bilməyəndə ölə də bilməyən, "ağ vərəqin qapısına - şah qapısına əl açan" şairin "sarıdimdik quş balalarına oxşayan şeirləri doğrudanda qaranlıqları "işıq - işıq böyüdür". Şeirlə yatıb - oyanan şair "tənha sərçə" kimi yaşayanda belə, "şeirlərindən öyrənir ayaqda qalmağı". O şeirlər "işıq - işıq böyüdür darısqal otağı, ürək - ürək isidir odsuz ocağı". Ona görə də şair heç vaxt tənha olmur, şeirləri onun əbədi həyanıdır. "Sabaha ümidlə baxan", o sabahın gələcəyinə inanan şair, "o sabahda doğulacaq" bir ər igidi gözləyir, onun gələcəyinə şübhə etmir. Sabahda gələcək oğlan "əvvəl Xuraman nənəsinin yaylığını qaldıracaq yerdən, sonra yaşıdlarını başına yığıb Qarabağı geri alacaq". Şair Tanrının elçisidir, onun inamına şübhə etməyin:

Maşın - maşın su daşıyıb
pak edəcək donuz ayağı 
dəyən yerləri.
Onda rahatlıq tapacaq
babaların, nənələrin,
o torpağa qurban gedən 
Şəhidlərin qəbirləri.
Sabaha ümidlə bax,
gələcək o sabah!

"Musa Yaqubun payızı"nda Osman müəllim ustad Musa Yaqub kimi təbiət abidəsi yaradır. "Ömrün səksənində, hər taqqıltıya səksənəndə canında gəzdirdiyi bir ovuc torpağın dağılacağından qorxan" Musa Yaqubun payızı Buynuzun torpağından, hər gün üzünü yuduğu Girdmançayın suyundan güc alır. "Evi qayalar arasında ada" olan, "ey qoca Musa Yaqub, belə payızlaşa bilməz hər adam!":

Yağan yağışların sel qorxusuna
uçrum kənarında qalan tək ağac
necə sığınırsa,
Yapışmağa torpaq tapmayan kökləri
qayanın çatına necə sıxılırsa,
elə sığınırsan payızın qoxusuna,
Belə payızlaşa bilməz hər adam.

"Adamların dinəndə nağara səsi çıxaran" bu günümüzdə təkcə adamların yox, "günlərimizin də içində viranə bağlar kimi yel vurub yengələr oynayır, bu boşluğu doldurmaq başa gələn deyil, and - qəsəmlə, duayla". Boşluq "ömrün yağı"na qənim kəsilib. "Veyil - veyil dolananlar boşluq sərxoş"larıdır. Musa Yaqubun sözünə qüvvət, bəlkə Vətənin borcundan çıxaq, işimizlə, əməlimizlə, heç olmasa öləndə bir ovuc torpaq olaq, Vətən torpağı artsın...

Ərəb şeyxlərinin Azərbaycanın hər guşəsində meydan sulayıb at oynatmaları, namusumuza, qeyrətimizə əl uzatmaq cəhdləri son vaxtlar adi hala çevrilib. Bundan çox yazlıb, deyilib. Nə fayda, mənəviyyatı eroziyaya uğramış "gözəl"lər öz işindədir, ana təbiətimizi qorumalı olanlar qəflət yuxusunda. "Yurdumuz yenidən ərəb gədələrinə imtahan verir". Yenə şeyx Nəsrullahlar "ölülər"i dirildir. Doqquz yaşlı Nazlıların naləsinə, ayıq düşüncəli Kefli İsgəndərlərin kinayəsinə qulaq asan yox. Təbiətin quşu, ağacı məhv edilib sərgiyə qoyulur:

Qanadları qırılmış qartala 
oxşayan xəritəmiz
"ərəb ovçuların" güllələrindən dəlmə - deşik,
Suçumuz nəymiş, Tanrı,
kimə neyləmişik...
Babəki asırmış kimi asırlar, 
qanı axan quşları, 
yerə çatmır ayağı...

Son zamanlar söz alverçiləri nəhəng bazar sahibləridir. Qafiyəbazlıq, sözbazlıq, plagiatlıq yaman dəbdədi. Osman Fərmanoğlu da bir şairciyəzin "bu istidə tər tökə - tökə yepyekə kitabını oxuyanda" çox təəssüflənir, onu "şair etmək istəyi" gözündə qalır. Tez - tez "işıqlı misralara tuş olanda, malını itirən adamlar kimi karıxır:

Özündən başqa hamını tanıyıram
yazdıqlarında,
Özgə başına qoyulan papaq kimi
kitaba böyük gəlir imzan...
Kimi aldadırsan, 
özünün olmayan şeirlərdə
xırdalanan insan.

"Türmə... Türmə..." şeirində şair qədim - qayım poeziyanın tarixinin müxtəlif dövrlərinə səyahət edir, sözün dünəni ilə bu gününü müqayisə edir, araşdırır. Gəldiyi nəticə də çox maraqlıdır:

Onda şair azdı,
şeir yazan çox olsa da,
onda azdan da az idi daş karxanaları,
Az idi türmələr,
təzə göyəridi otlar,
hələ yazdı...
ümidlərin soluxduğu
türmənin yanında.

İndi şair çoxdu,
şeir yazan az,
İndi daş karxanaları da 
başına götürüb ölkəni...
Daş karxanası çox olan yerdə
Türmə də çox olar...

Həqiqi poeziya cəmiyyətin barometridir., insan planetinin ən xəfif təlatümlərinin göstərisidir. Osman Fərmanoğlu "üzü bozarmış, dodağı göyərmiş sətirlərini" isitməyi bacarır. Onun şeirləri "qara xış yeridi, köynəyindən girib yaxasından keçir". Onun şeirlərinin "başında dərviş havası gəzir".Onun şeirlərini "könlünün istisi gətirir tama".

Könlünün istisi, sözünün tamı azalmasın, Osman Fərmanoğlu!

VAQİF OSMANOV.
avqust 2019.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?