Modern.az

Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR

Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR

Mədəni̇yyət

26 Avqust 2019, 10:00

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin doğum günüdür. Şeyxülislamın 70 yaşı tamam olur.

İyriminci əsrin sonlarında başlanmış böyük siyasi dəyişikliklər epoxası  Azərbaycanda ateist sovet rejimi tərəfindən təqib edilmiş islam dininin dirçəlməsi üçün tarixi fürsət yaratdı.

SSRİ-nin mövcud olduğu 70 il ərzində dindar kəsim və ruhanilər bütün repressiya və təqiblərə baxmayaraq, xalqımızın milli şüurunun qorunmasında və formalaşmasında öz izini saxlaya bildilər. Savadlı ruhanilər sovet ateist sisteminin dini gözdən salmaq üçün istifadə etdiyi möhvumat və xürafata qarşı öz imkanları daxilində mövqe ortaya  qoyurdular.

Sovet İttifaqında  müsəlman ruhanilərin yeni nəslinin meydana çıxması və SSRİ-də başlanmış demokratik proseslərdə qorxmadan iştirakı dünyada böyük rezonans doğururdu.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Allahşükür Paşazadənin fəaliyyəti zənginliyi ilə diqqəti cəlb edir. Şeyxülislam seçildikdən sonrakı 40 ildə A.Paşazadə QMİ-nin statusunun müəyyən olunmasında müstəsna rol oynayıb. Qeyd edək ki, SSRİ zamanında müsəlmanlar üçün dörd belə idarə olsa da, onlardan yalnız biri - Qafqaz Müsəlmanları İdarəsi proseslərə təsir imkanlarını saxlamaqla Qafqaz müsəlmanlarının lider qurumu  kimi çıxış edə bildi.

Burada Allahşükür Paşazadənin bir ruhani rəhbər kimi Azərbaycanda və regionda baş verənlərə qarşı öz etiraz səsini qorxmadan ucaltması və qətiyyəti böyük rol oynayıb. Regionda baş vermiş mühüm proseslərdə - müharibələrdə, müstəqillik uğrunda gedən mübarizələrdə QMİ sədrinin birmənalı mövqeyi və dəstəyi A. Paşazadəni ictimai-siyasi proseslərin ayrılmaz hissəsinə çevirə bilmişdi.   

Bu fəallıq isə hələ SSRİ vaxtından özünü göstərmişdi. Gənc Şeyxülislamın təşkilatçılığı ilə sovet dövründə -1986-cı ildə Bakı şəhərində İslam Konfransı Təşkilatının himayəsi altında keçirilmiş “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans İslam dünyasında böyük rezonansa səbəb olmuşdu.  60 müsəlman ölkəsini təmsil edən 600 nümayəndənin iştirakı ilə 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrildi. Bu, həm də ölkənin tarixində sayına görə ən böyük nümayəndə heyəti idi. Məhz bu konfransla Şeyxülislam özünü SSRİ müsəlmanlarının yeni faktiki lideri kimi göstərə bildi.

Bakı konfransı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xüsusi hesabatının hazırlamasına səbəb olmuşdu. ABŞ Dövlət Departamentinin 1987-ci ildə hazırladığı sənəddə təəssüflə qeyd olunurdu ki, Bakıda Əfqanıstanla bağlı müsəlman ölkələrinin parçalanmış mövqeyinə nail ola bilmədilər.

 

Dövlət Departamenti QMİ sədri haqqında ayrıca təhlil xarakterli hesabat da hazırlamışdı. “Allahşükür Paşazadə digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqlənir. O, hazırkı postuna 29 yaşında gəlib. Bununla da sovet müsəlman icmalarını həddən artıq təəccübləndirib. Ənənəyə görə, bu vəzifəyə yaşlı adam seçilir.  A.Paşazadə öz fikirlərini fars, türk, rus, ərəb və ingilis dilində ifadə etməyi bacaran bacarıqlı dini şəxsdir.  Onun SSRİ-nin 4 müsəlman idarəsinin birinə rəhbəri seçilməsi Sovet İttifaqının xaricdə yaşayan müsəlmanlarla əlaqədə gənc və bacarıqlı şəxslərə üstünlük verməsini göstərir”, - deyə hesabatda vurğulanırdı.

 


1990-cı ilin 20 yanvar tarixi A.Paşazadənin ictimai fəaliyyətində ən ağır və parlaq səhifəsidir. Sovet ordusunun Bakıya yeridilməsinə sərt formada etiraz edən Şeyxülislam SSRİ-ni rəhbəri Mixail Qorbaçovu ittiham etdi və lənətlədi. Bu SSRİ tarixində din xadiminin dövlət başçısını ittiham edən ilk bəyanatı idi. BMT-nin baş katibi Pers de Kuelyara ünvanladğı məktubunda isə A.Paşazadə dünyanı Bakıda baş vermiş vəhşiliyə və qırğına biganə qalmamağa səsləmişdi.

1990-cı ilin mart ayında isə A.Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək, SSRİ xalq deputatı mandatından imtina etmişdi.

 

QMİ sədrinin həmin illərdə  atdığı daha bir addım Azərbaycanın müsəlman dünyası ilə əməkdaşlığı üçün ciddi vəsilə olub. Sovet İttifaqının mövcud olduğu bir zamanda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvlüyü məhz Şeyxülislamın təkidi və təşkilatçılığı ilə baş tutmuşdu. A.Paşazadə riskə gedərək, Azərbaycan prezidenti Ayaz Mütəllibovun əvəzinə üzvlük sənədinə qol çəkməli olmuşdu. Buna görə bəzi təhdidlər alan Şeyx hətta bir müddət ölkəyə dönə bilməmişdi.

 

Məhz belə fəal fəaliyyət dünya dövlətlərinin rəhbərlərinin nəzərindən qaçmayıb.

QMİ sədrinin fəaliyyəti ilk olaraq Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilib.

“Bizim doğma İslam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır”, -deyə, mərhum prezident Şeyxülislamın fəaliyyətini qiymətləndirib.


Prezident İlham Əliyevin dünyaya elan etdiyi tolerantlıq və mültkulturalizm siyasətinin əsas prinsiplərindən olan müxtəlif dinlərin birgə əməkdaşlığı QMİ-nin tam dəstəyi və avanqardlığı ilə təbliğ olunur. Dövlət başçısı öz çıxışlarında A.Paşazadənin fəaliyyətini təqdir etməklə bu siyasətin yürüdülməsində ona etibar etdiyini göstərir.  

“Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir... Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir.  Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər”.

 

Bütün Qafqazın Şeyxi 


A.Paşazadənin fəaliyyətinin spektri çoxşaxəlidir. Bununla da QMİ sədri  statusunu öz ölkəsi ilə məhdudlaşdırmayıb və regional səviyyəli liderə çevrilməklə böyük bir bölgəni – Qafqazdan ta MDB-nin digər respublikalarına qədər bir müstəvini təmsil  edə biləcək, sözü eşidiləcək şəxs kimi tanınır.

A.Paşazadənin əlaqələri bu böyük coğrafi məkanda Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır.  A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya müncər olunmasında töhfələrini verir və körpü rolunu oynayır.

MDB Dinlərarası Şuranın həmsədri kimi A.Paşazadənin fəaliyyəti postsovet məkanında əməkdaşlığın qorunmasına və inkişafına yönəlib. Rusiya prezidenti Vladimir Putin bu səyləri nəzərə alaraq QMİ sədrinin mövqeyini dəstəkləyib: “Şübhəsiz, Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani liderləri mühüm rol oynayırlar. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir”, -deyə Rusiya prezidenti vurğulayıb.


Bu yöndə fəaliyyət isə heç də hamar olmayıb. Qarmaqarışıq 90-larda Rusiyanın Çeçenistanda apardığı hərbi əməliyyatları qorxmadan pisləyən A.Paşazadə prezident Yeltsinə yazdığı bəyanatında çeçen xalqına qarşı aparılan bu kampaniyanı dərhal dayandırılmasını tələb etmişdi. Bu bəyanat o zaman Rusiya ictimai – siyasi dairələrində böyük rezonans doğurdu və QMİ sədrinə Qafqaz müsəlmanları arasında etimadı möhkəmlətdi.

Bu ilin əvvəlində Moskvada xarici qüvvələrin əli ilə çeçenlərlə azərbaycanlılar arasında münaqişə salmaq cəhdi iki dost xalq arasında nifaq yaratmağa hesablanmışdı. A.Paşazadənin bu münaqişənin həllində göstərdiyi yardım və problemin dərhal həll olunması Qafqazda dini rəhbərə olan etimadın bariz göstəricisi oldu.

Elə bü günlərdə Şeyxülislamın Çeçenistana səfəri zamanı onun böyük hörmətlə qarşılanması bu etimadın növbəti dəfə nümayiş etdirdi.

Şimali Qafqaz respublikalarının bütün rəhbərləri və nüfuzlu ruhaniləri daim QMİ sədrinin fəaliyyətini təqdir ediblər.

 “Çeçen və Azərbaycan xalqını təkcə tarixi əlaqələr yox, həm də dostluq birləşdirir. Hacı Allahşükür Paşazadə region üçün ən çətin və ağır vaxtlarda Çeçenistan rəhbərliyini dəstəkləyib. Bu dostluq mənim üçün çox qiymətlidir və böyük əhəmiyyət daşıyır”,- deyə Çeçenistanın başçısı Ramzan Kadırov çıxışlarının birində bunları xatırlayaraq demişdi.   

Dağıstan respublikasının rəhbəri olmuş Məhəmməd Məhəmmədov da QMİ sədrinin Qafqazdakı böhranlı vəziyyətlərdə tutduğu mövqeyi etiraf edib: “Tarixən müxtəlif millət və din nümayəndələrinin yan-yana yaşadığı Qafqazda münaqişəli vəziyyətlərin nizamlanması istiqamətində fəal sülhməramlı fəaliyyətiniz geniş ictimiayyətə məlumdur. Sizin müsəlmanları, ənənəvi konfessiyaların liderlərini birləşdirmək və vətəndaş həmrəyliyini təhdid edən şərə qarşı mübarizə aparamaq istiqamətində göstərdiyiniz səylər xüsusilə dəyərləndiririk”. 

Tatarıstan Respublikasının prezidenti Mintemir Şaymiyevin də QMİ sədrinin fəaliyyətinə münasibəti bu notlardadır: “Əsl islam təəssübkeşi kimi Siz sivil dinlərarası dialoqun və qardaşcasına əməkdaşlığın inkişafı işinə misilsiz xidmət göstərirsiniz. Qafqaz xalqlarının mənəvi dirçəlişinə yönəlmiş ruhani və maarifçi fəaliyyitniz sizə müsəlman dünyasında layiqli hörmət qazandırıb”.

 

Roma Papasının Şeyxdən dilədiyi dua

Qeyd edək ki, dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.  Azərbaycanın dünyaya təqdim etdiyi tolerantlıq dəyərlərinin təbliğində QMİ sədrinin töhfələri dünya dini liderləri tərəfindən tam dəstəklənib.  Roma Papası II İohan Pavelin  A.Paşazadənin fəaliyyətini izləyərək ona göndərdiyi məktubda bu mövqeyi təqdir edib: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”, - Papa yazmışdı.


Vatikan hələ sovet zamanında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin fəaliyyətindən xəbərdar idi.  1990-cı ilin yanvarında- qanlı qırğından cəmi bir neçə gün sonra İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro vacib missiya ilə Moskvaya ezam olunmuşdu. Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən, Etsio Mauro nəyin bahasına olursa-olsun Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratmalı, Bakıda baş verənləri ətraflı araşdırmalı idi. Çətinliklə olsa da italiyalı jurnalist Vatikan başçısının tapşırığını yerinə yetirir və Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Şeyxin çox ağır və mürəkkəb günlərdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə o zaman dünyanın diqqətini Azərbaycana yönəldə bildi, informasiya blokadasını yarmağa nail oldu.

Allahşükür Paşazadə  Vatikana dəvət almış ilk müsəlman din xadimidir.

Müxtəlif dinlərin birgə əməkdaşlığı üçün platformanın yaradılmasında A.Paşazadənin böyük xidməti var. Bu gün Azərbaycanda mövcud olan müxtəlif səmavi dinlərin ardıcılları məhz dövlətin bu siyasətinə söykənərək tolerantlıq ənənələrini yaşadırlar. QMİ bu siyasətin avanqardına çevrilməklə yürüdülən siyasətin fəal təbliğatıçısı kimi çıxış edir.

Təsadüfi deyil ki, bu mövqe müxtəlif dinlərin liderləri tərəfindən dəstəklənir. Rusiya Patriarxı 2-ci Aleksi A.Paşazadəyə ünvanladığı müraciətdə QMİ sədrini müasir dövrün ən ciddi problemərini aradan qaldırılmasına əhəmiyyətli yardım edə bilən ruhani adlandırıb: “Siz bu sahədə əlinizdən gələni edirsiniz və sülhsevər din xadimi kimi dünyada rəğbət 
qazanmısınız
”,-deyə Patriarx öz müraciətində yazmışdı.

Ümumgürcüstan Katolikos –Patriarxı 2-ci İlya da A.Paşazadənin xidmətini “gələcək nəsillər üçün gözəl örnək” kimi xarakerizə edib: “Sülh və xalqlar arasında ədalətli münasibətlər uğrunda mübariz kimi rolunuz Azərbaycanın hüdudlarını aşaraq Sizə beynəlxalq nüfuz və dünya çapında ehtiram qazanadırıb”.

Katolik Kilsəsinin Qafqazda həvari nunsisi Kladio Qucerotti isə Roma Papasının QMİ sədrinin bu fəaliyyətinə dərin məhəbbətini ifadə etdiyini vurğulamışdı: “Müqəddəs Ata inanır ki, zati-aliləriniz gələcəkdə də öz ölkəsinin və bütün Qafqaz bölgəsinin sabitliyi işinə əhəmiyyətli xidmət göstərəcəkdir”. 

Rusiyanın baş ravvini Berl Lazar isə məktubunda islamın tolerantlıq xəttini “mənəvi dirçəliş” adlandırıb: “İslamın tolerantlıq xətti btün ənənəvi dinlərin nümayəndələri, o cümlədən Azərbaycan, Qafqaz bölgəsi, Rusiya yəhudiləri tərəfindən rəğbətlə qarşılanır”.

 

Məzhəb davalarına qarşı Şeyxin Vəhdət demarşı

QMİ sədrinin İslamdakı vəhdət prinsipinin ardıcıl tərəfdarı kimi çıxış etməsi A.Paşazadəni müsəlman məzhəbləri arasında əməkdaşlıq platformasının lideri kimi tanıdıb.

Şeyxülislamın məzhəb intiriqalarını körükləyən xarici qüvvələrə qarşı müsəlmanların birlik modelini qoyması islam dünyası üçün mühüm mesajdır və etiqad qardaşlarını üz-üzə qoymaq istəyən mənfur güclərə güclü demraşdır. Bu fəaliyyət müsəlman dünyası tərəfindən rəğbətlə qarşılanır və Prezident İlham Əliyevin tolerantlıq siyasətinin əsas prioritetlərinin yürüdülməsinə kömək edir.

Bu siyasətə  müxtəlif məzhəblərin rəhbərlərinin münasibəti də birmənalıdır.

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyevin QMİ sədrinə ünvanladığı təbrikində qeyd edib ki, bölgənin ən çətin vaxtlarında Şeyxülislam həmişə onlarla olub: “Heç bir təhlükə onu dayandırmayıb. Biz onu ən çətin və faciəli hadisələrin qızğın yerində, kömək və dayağa ehtiyacı olanların yanında görmüşük”.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin də xalqlar arasında sülh və həmrəylik üçün apardığı işə görə təşəkkür edib: “Allah sizin Şimali və Cənubi Qafqazda münaqişələrin həlli yolunda səylərindən razı qalsın!”

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Absəttar Hacı Dərbisali,  Özbəkistan Müsəlmanları İdarəsinin sədri Əbdürəşid Kori Bəhromov, Dağıstanın Dini İşlər İdarəsinin rəisi mehriban qonşuluğun təntənəsi naminə öndə getməsinə, mənəvi dəyərlərin qorunmasına  görə ona təşəkkür edib. Tatarıstan Müsəlmanları Dini İdarəsinin sədri Osman İshakov təbrikində QMİ sədrinin hələ sovet vaxtından bütün manelərə baxmayaraq fəaliyyəti ilə fərqləndiyini önə çəkib: “Siz kommunist rejiminin hökm sürdüyü şəraitdə olmazın çətinliklərə və manelərə baxmayaraq, təhsil aldığımız vaxt bizim üçün örnək idiniz. Biz çox şeyi sizdən öyrənir və sizlərdən ibrət alırdıq!”.

Allahşükür Paşazadənin iştirakı ilə ötən il keçirilmiş beynəlxalq konfranslar və orada səslənən çağırışlar islam dünyasında nüfuz qazanmış Azərbaycana göstərilən etimadın təzahürü oldu. 

 

Elə QMİ sədrinin Qahirədə müsəlman dünyasındakı xidmətlərinə görə İslam Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülməsini də ciddi hadisə saymaq olar.  A.Paşazadə dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır

 

Azərbaycan dini modeli

QMİ sədri Azərbaycanın söykəndiyi tolerantlıq və multikulturalizm prinsiplərindən çıxış edərək, müstəqilliyin ilk illərindən bəri  dini ədavəti qızışdıran yad inanc və təriqətlərin ölkəmizə daxil olmasına qarşı ciddi mübarizə aparıb. Elə bu günlərdə QMİ sədrinin 70 illiyi ilə bağlı Bakıda keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə öz çıxışında toxunmuşdu:  “Şeyx həzrətləri Azərbaycanın mənəvi, mənəvi-dini həyatında, bizim mənəvi aləmimizdə məxsusi nümunələr yaradıb. O nümunələrdən biri də Azərbaycandakı bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, onları pozmaq olmaz və o normalar da olduğu kimi tətbiq olunmalıdır”.

 
Ə.Həsənov bildirib ki, Hacı Allahşükür Paşazadədən danışanda onun Şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verməliyik: “Azərbaycan müstəqillik əldə edərkən kifayət qədər kənar qüvvələr, maraqlı dairələr, qonşu və uzaq dövlətlər üçün, Azərbaycanda geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi. Belə bir şəraitdə Şeyxülislam Ümummilli liderin yürütdüyü müstəqil dövlətçilik siyasətinin yükünün arxasına öz çiynini də verərək, Azərbaycanı milli-mənəvi birlik modelini ortaya qoydu, onu kənar təsirlərdən qorudu və bugünkü mövcud Azərbaycan dini modeli yaradıldı. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanlarının sitayiş normaları, məscidlərdə davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə uyğundur ki, onun da təməlində məhz Şeyxülislam durur”.

Təntənəli tədbirdə çıxışı zamanı QMİ sədri bu yolu davam etdirəcəyini bəyan edib: “Mən düzgün yolu tutmuşam. Əgər Allah təala mənə ömür versə, bundan sonra da bu yolu davam etməliyəm. Allah insanlara yaxşılıq edən, onlara doğru yol göstərən adamları sevər. Mənim həyatım keşməkeşli dövrdən keçib. Mən oxuyanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Mən oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah təala da bunu mənə nəsib etdi. Ən əvvəl ailəm, xüsusən də anam mənə bu yolu göstərdi və mən gəlib bu ərsəyə çatmışam. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, bunu qiymətləndirir”.

Prezident İlham Əliyevin sərəncamı ilə  noyabrda ölkəmizdə “Dini liderlərin ikinci Bakı Sammiti” keçiriləcək.  QMİ sədrinin beynəlxalq sammitin təşkilatçıları sırasında olmaqla  dünya çapında qəbul olunan nufuzlu din xadimləri cərgəsində  yerini tutur.

Prezident İlham Əliyevin Şeyxülislamla bağlı imzaladığı sərəncamında da qeyd olunduğu kimi, bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərən Allahşükür Paşazadə həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.

 Yetmiş yaşını qeyd edən Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti  Azərbaycan xalqının yaddaşında öz unudulmaz izini qoyub.  


A.Səfərli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir