Modern.az

“Binə” və “Sədərək”də ticarət niyə “ölür”... - SƏBƏBLƏR

“Binə” və “Sədərək”də ticarət niyə “ölür”... - SƏBƏBLƏR

27 Avqust 2019, 15:17

Bakının ən böyük ticarət mərkəzləri olan “Binə” və “Sədərək”də alıcılıq qabiliyyəti son zamanlar xeyli aşağı düşüb.  Belə ki, əvvəllər insanların alış-veriş üçün  kütləvi şəkildə axın etdiyi bu məkanları artıq şəhərdəki mağazalar əvəzləyir.

Bəs  marağın belə azalmasına və şəhərdəki mağazaların rəqabətdə önə keçməsinə səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a danışıb.

Natiq Cəfərli deyir ki, şəhərdə olan mağazalarla “Sədərək”, “Binə” qiymətləri arasında son vaxtlar xeyli azalma var.

“3-4 il əvvələdək “Sədərək”, “Binə” kimi ticarət mərkəzləri ilə şəhərdəki mağazalar arasında 30-40 faiz qiymət fərqi var idisə, indi bu rəqəmlər 5-10 faizədək düşüb. İnsanlar da elə böyük ticarət mərkəzlərindəki xaotik məqamları nəzərə alaraq, şəhərə üstünlük verirlər. Belə ki, “Binə”  və ya “Sədərək”də avtomobili saxlamaq üçün xeyli əziyyət çəkməli olursan. Üstəlik mağazalar həddən artıq isti, həm də sıx-sıx yerləşib. Bəzən araba daşıyan insanlar normal gəzməyə imkan vermir, problem yaradırlar. Buna görə də əhali çox vaxt 5-10 faiz itkini gözə alıb, “Sədərək” və ya “Binə”yə gedərək, bu qədər əziyyətə qatlanmaqdan imtina edir”.

Ekspertin sözlərinə görə, son zamanlarda insanlarda belə bir fikir formalaşıb ki, “Sədərək” və “Binə”dəki mallar şəhərdəkinə nisbətdə daha keyfiyyətsizdir. 

“Keyfiyyətli məhsulun şəhərdə olduğunu düşünən insanlar aradakı qiymət fərqinə əhəmiyyət vermədən “Binə” və “Sədərək”ə getmirlər. Lakin şəhərdə satılan malların çoxu elə topdansatış  şəklində “Sədərək” və “Binə”dən gətirilir.   Onu da deyim ki, axır vaxtlar  alıcılıq qabiliyyəti aşağı düşdüyünə  görə, şəhərdəki bəzi mağazalarda kampaniyalar təşkil olunur ki, bu da insanları daha çox cəlb edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi