Modern.az

Füzulidən olan jurnalistlər: “Vəziyyəti görmək üçün ora getmək lazımdır”

Füzulidən olan jurnalistlər: “Vəziyyəti görmək üçün ora getmək lazımdır”

Reportaj

9 Fevral 2012, 16:15


Modern.az saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə layihəsini davam etdirir. Bu həftə Füzulidən olan jurnalistlər rayonun işğaldan azad olunmuş ərazisində əhalinin sosial-iqtisadi vəziyyəti, yaşayış tərzi, təhsil və səhiyyə sistemi barədə müşahidə etdiklərini danışıblar.

Qeyd edək ki, ərazisi 1386 kv.km, əhalisinin sayı 130 mindən çox olan Füzuli rayonunun sakinləri 17 ildir köçkünlük həyatı yaşayırlar. 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib. Füzulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün 15-ə yaxın qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.

"Bahar Muradova seçicilərlə mütəmadi görüşür"

APA-nın əməkdaşı Rəşad Süleymanovun fikrincə, Füzulini digər rayonlardan fərqləndirən cəhətlərdən birincisi rayonun cəbhə xəttində yerləşməsi, eyni zamanda rayon ərazisinin böyük bir hissəsinin, təxminən ¾-nün ermənilər tərəfindən işğal edilməsidir:
“Hazırda rayonda 22 yaşayış məntəqəsi və yeni salınan qəsəbələr mövcuddur ki, bildiyim qədər rayon ərazisində təxminən 70-80 min nəfər əhali yaşayır. Füzulinin yerdə qalan 40 min əhalisi isə məcburi köçkün olaraq başqa rayonlarda, o cümlədən Bakıda məskunlaşıb”.

R.Süleymanov hesab edir ki, son illər Füzuli rayonunda xeyli işlər görülüb. Onun sözlərinə görə, Horadiz qəsəbəsinə şəhər statusunun verilməsindən sonra bu yaşayış məntəqəsi tam olaraq yenidən qurulub, yeni obyektlər, Muğam Mərkəzi, İdman Kompleksi, Diaqnostika Mərkəzi tikilib, yeni binalar inşa olunub, yandırılıb-dağıdılmış yaşayış evləri bərpa olunub.

“Ümumiyyətlə, Füzulidə böyük işlər görülüb. Bir ay öncə rayonda olarkən Horadiz qəsəbəsini tanıya bilmədim, bura 6-7 ay öncə gördüyüm yerdən tam fərqlənirdi”.

Müsahibimiz eyni zamanda bildirib ki, işğaldan azad olunan rayon ərazisinin yaşayış məntəqələrində qazlaşma, telefonlaşma işləri aparılıb: “İşğaldan azad olunan yaşayış məntəqələrinin əhalisinin demək olar ki, hamısı geri qayıdıb”.

İş yerlərinin açılması ilə bağlı əvvəllər problemlər olduğunu deyən jurnalist hazırda tikinti işləri ilə əlaqədar insanların işlə təmin olunması məsələsinin həll olunduğunu qeyd edib: “Yəni müvəqqəti işlər olsa da, insanlar öz ərazilərində işlə təmin olunub. Bununla yanaşı, daimi iş yerlərinin açılması ilə də bağlı rayonda bir neçə proyekt həyata keçirirlər”.

Rəşad Süleymanov vurğulayıb ki, bu gün rayon camaatının əsas problemi ərazilərin böyük hissəsinin işğal altında olmasıdır: “İkinci problem müəyyən ərazilərdə mina və partlamamış sursatların qalmasıdır. Ümumilikdə isə Füzulinin ictimai-siyasi həyatında elə bir ciddi problemlər indiyə qədər rastlaşılmayıb, hansı ki digər rayonlarda bu problemlər diqqəti cəlb edir.

Digər özəl problemlər, xüsusilə təchizat məsələləri ilə bağlı problemlər təbii ki, mövcuddur”.

Həmsöhbətimizin fikrincə, son illər Füzulidə yolların təmir-bərpası aktual məsələyə çevrildiyi üçün bununla bağlı elə də problem yoxdur: “Belə ki, dövlət başçısının ayrdığı vəsait hesabına rayon ərazisinin əksər yollarında tikinti-təmir işləri aparılır.

Amma paytaxtdan məsafə uzaqlığı olması, eləcə də rayona gedən avtomobil magistralının digər rayonların ərazisindən keçən hissəsindəki bərbad vəziyyət füzulilərin paytaxtla sıx əlaqəsinə mane olur. Bu zaman da bütün ağırlıq əsasən dəmiryol nəqliyyatına verilir”.
Jurnalistin sözlərinə görə, Füzulinin elektrik enerjisi ilə fasiləsiz təhcizatının son 1-2 ildə tam həll olunması cəbhəyanı rayon üçün böyük uğur sayıla bilər: “Yaşayış məntəqələrinin, kəndlərin qazla təminatına da iki ilə yaxındır başlanılıb. Horadiz qəsəbəsi, yeni yaşayış massivləri qazla təmin olunub. Artıq digər böyük yaşayış məntəqələrinin də qazlaşdırılması prosesi aparılır. Məsələn, mənim doğulduğum Böyük Bəhmənli kəndinin böyük bir hissəsi qazlaşdırılıb, digər hissəsində də proses fikrimcə, bu illər tam başa çata biləcək. Ümumiyyətlə, cəbhəyanı rayon olmasına, müharibə təhlükəsinə baxmayaraq füzulidə müsbət mənada dəyişikliklər nəzərə çarpır”.

Rəşad Süleymanov bildirib ki, Füzuli əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik, maldarlıqla məşğul olur.

O, eyni zamanda Füzulidə təhsilin mövcud vəziyyəti barədə də məlumat verib. Rayonda tarixən təhsilin yaxşı olduğunu deyən həmkarımız qeyd edib ki, bunu Azərbaycanın tarixinə nəzər salmaqla Füzulinin nə qədər ziyalı yetişdiridiyi görmək olar: “Tarix boyu Füzuli rayonunda təhsil daha yüksək göstəriciyə malik olub. Bu da əhalinin oxumağa marağından irəli gəlir. İndi də pis deyil. Vaxt var idi ki, ermənilər tərəfindən yandırılan orta məktəblərdə döyüş gedə-gedə, hətta açıq havada yağışın altında belə dərs keçirdilər. Bu gün məktəblər bərpa olunub. Doğulduğum kəndlə bağlı apardığım müşahidələrim göstərir ki, rayonda təhsilin səviyyəsi getdikcə yüksəlir, yəni ali təhsil müəssilərinə daxil olanların sayı ilbəil artır”.

Səhiyyə sahəsində vəziyyətə gəlincə, jurnalist Füzulunin cəbhə rayonu olmasını əsas gətirərək bu barədə bir az ehtiyatlı davranmaq lazım olduğunu vurğulayıb. O bildirib ki, bura cəbhəyanı rayon olduğu üçün səhiyyə müəssiləri hərbiləşmiş rejimdə işləyir: “Yəni tam hazırlıqlı vəziyyətdə olurlar. Səhiyyə ilə bağlı rayonda yeni obyektlər, diaqnostika mərkəzi tikilib, bir il öncə istifadəyə verilib və artıq fəaliyyət göstərir. Yandırılıb dağıdılmış tibb məntəqələri bərpa olunub”.

Rəşad Süleymanov eyni zamanda qeyd edib ki, icra başçısı digər rayonlardan fərqli olaraq hər zaman əslən Füzulidən olan şəxslər təyin edilib: “Alı Alıyev yeni təyin olunub. Mütəmadi olaraq kəndlərə baş çəkir, kənd camaatı ilə görüşür, yaşayış məntəqələrində olur, işlərlə də bilavastiə özü maraqlanır. Mənim eşitdiyim və bildiyim qədər çox aktivdir və mütəmadi olaraq bütün tədbirlərdə yaxından iştirak edir.

Rayondan seçilən deputat Bahar Muradovanın, hörmətli vitse-spikerimizin mütəmadi olaraq əhali ilə görüşləri olur. Bu barədə məlumatı Modern.az saytında da izləmək olur. O, eyni zamanda rayonda keçirilən bütün tədbirlərə, açılışlara qatılır, seçiciləri ilə görüşür”.

"İstədiyim odur ki, bu səngər 1993-cü ildəki sərhəddə qurulsun..."

“Ədalət” qəzetinin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu da öncə rayonun böyük hissəsinin işğal altında olduğunu dilə gətirib. O qeyd edib ki, Füzuli özünün elə bir dövrünü yaşayır ki, o, dünyaya yenicə gələn uşağın həyat eşqinə oxşayır: “Çünki bu şəhər Horadizin timsalında yenidən qurulur, abadlaşır, yolları, işığı, suyu, qazı çəkilir, az da olsa iş yeri açılır. Füzuli təkcə füzululər üçün yox, işğal olunmuş ərazilərdən, məsələn, Laçın, Cəbrayil, Zəngilan, Qubadlıdan olan insanlar üçün də məskəndir. Bu mənada Füzuli özünün həyata ilk addımlarını atan bir dövrünü yaşayır və düşünürəm ki, səngər ona nə qədər yaxın olsa da, o, artıq səngərə öyrəşib. Sadəcə, mənim istədiyim odur ki, bu səngər 1993-cü ildəki sərhəddə qurulsun”.

Ə.Mədətoğlunun fikrincə, sərhəd bölgəsində yaşayan insanların yaşamı çox çətindir: “Bir adam ki, hər gün güllə səsi eşidə və o güllənin ona tuşlandığını bilə-bilə necə yaşaya bilər? Buna baxmayaraq bu insanlar o torpaqda yaşayırlar, həyətyanı təsərrüfatlarını yaradırlar, qururlar, heyvandarlıq, əkin-biçinlə məşğul olurlar ki, torpaq onları sonra qınamasın ki, “məni qoyub getdin”. Bu mənada Füzulidə həyat davam edir, həyat var və düşünürəm ki, daha gözəl olacaq”.

Həmkarımız qeyd eib ki, rayon insanlarının əsas dolanışıq mənbəyi kənd təsərrüfatı, heyvandarlıq və əkin-biçindir. O bildirib ki, Füzulidə sosial sahələr, sənaye sahələri o qədər də inkişaf etməyib: “Amma mən son dəfə Füzuliyə gedəndə öyrəndim ki, orada quşçuluq fabriki yaxın günlərdə fəaliyyətə başlayacaq. Artıq onun tender məsələsi həll olunub. Yeni qəsəbələrin salınması ilə bağlı tikinti bir az genişlənəcək”.

Əbülfət Mədətoğlu Füzulinin qaz, işıq, su ilə bağlı problemlərinin olub-olmamasından da danışıb: “Ölkə başçısının qayğısı nəticəsində düşmənlə üz-üzə olan bu yerdə işıq problemi yoxdur, qaz problemi artıq xeyli həll edilib və həll edilməkdə davam edir. Füzulinun su məsələləri də qaydasındadır. Amma bir az aran bölgələri, Harami düzü deyilən sahələrdə su ilə bağlı problemlər var, yəqin ki, o da zamanında həll olunacaq”.

Yollara gəlincə redaktor müavini bunu bir sözlə ifadə edib. O bildirib ki, Füzulinun yolları Bakının yollarından da yaxşıdır.

Təhsil barəsində Əbülfət Mədətoğlu ondan öncə danışan həmkarının fikirlərini təsdiqləyib. Belə ki, o da Füzulinin dədə-babadan ziyalı rayonu olduğunu qeyd edib: “Bu rayonun əgər ziyalılarını saymağa başlasaq, Cəmil Əlibəyovdan, Seyran Səxavətdən, Vaqif Bəhmənlidən və sənətkarlarından Dədə Süleymandan, İslam Rzayevdən ürəkdolusu danışmaq olar. Bu rayonda ziyalı mühiti həmişə böyük olub, bu  gün də belə davam edir. Ona görə də bildiyim qədər təhsildə problem yoxdur. Sadəcə, Füzuli təhsilinin yeganə problemi onun pərakəndə olmasıdır. Bütün respublikaya səpələnmiş füzulilər artıq əvvəlki doğmalığını, təhsilə olan sevgisini bərpa etmək üçün bir ünvana qayıtmalıdırlar. Düşünürəm ki, bu da olacaq”.

Həmsöhbətimiz rayonun səhiyyəsinin də yaxşı vəziyyətdə olduğunu vurğulayıb: “Füzulunin çox gözəl səhiyyə ocaqları var və bildiyimə görə, keçən il istifadəyə verilmiş yeni Diaqnostika Mərkəzindən, Zobucuq qəsəbəsində tikilən xəsətəxanadan tutmuş digər qəsəbələrdə, kəndlərdə bərpa olunan xəstəxanalara qədər hamısında şərait normaldır. Hətta orada özəl klinikada fəaliyyət göstərir”.

Müsahibizim sözlərinə görə, Füzuli icra başçısının ictimai təması hər zaman güclü olub: “Əvvəlki icra başçısı hörmətli Nəbi müəllimin, eyni zamanda indiki icra başçısı Alı Alıyevin vaxtında da əhali ilə birbaşa təmas Füzulidə hər zaman olub və bu gün də var. İnsanlarla üzbəüz danışmaqdan başçılar çəkinməyiblər.
Bu rayonun insanlarının bəxti onda gətirib ki, Bahar Muradova və Aqil Abbas kimi millət vəkili var. Bundan gözəl nə ola bilər ki? Biri vitse-spikerdir, digəri böyük yazar, tanınmış ziyalı və həmişə də qarabağlilarin içərisində olan insandır”.

"Bu gün Bakıda qaz problemi yaşanırsa, o zaman belə problem cəbhəyanı bölgədə necə olmaya bilər..?"

Füzulinin Qarabağın ən böyük rayonlarından biri olduğunu deyən “Yeni Musavat” qəzetinin əməkdaşı Məhəbbət Orucov qeyd edib ki, vaxtilə burada üzümçülük, şərabçılıq çox inkişaf edib və əhalinin sosial rifahı xeyli yaxşı olub:
“Lakin Qarabağ müharibəsi başlayandan sonra bu bölgənin təxminən 130 minlik əhalisi Azərbaycanın müxtəlif bölgələrinə səpələnib. Təkcə 52 rayonda hazırda Füzuli sakinləri məcburi köçkün kimi məskunlaşıb. Təbii ki, bu da istər-istəməz əhalinin sosial durumuna da təsir göstərir.

Füzuli ərazisinin demək olar ki, əksər hissəsi erməni işğalındadır. Hardasa 22 kiçikli-böyüklü təsərrüfat işğaldan azad olunmuş ərazidə yerləşir. Bu onu göstərir ki, heç də Füzuli camaatının vəziyyəti yaxşı deyil. Düzdür, işğaldan azad olunmuş ərazi, hardasa böyük ərazidə xeyli adam məskunlaşıb. Bəzi məlumatlara görə, orada 50-55 min sakin məskunlaşıb, yəni Saatlıda, Sabirabadda və digər bölgələrdə olan məcburi köçkünlər gedib Zobucuq, Qayıdış qəsəbələrinə və Füzlunun işğaldan azad olunmuş digər ərazilərinə. İndi orada heyvandarlıqla məşğul olurlar. SSRİ dövründə həmin ərazidə 18-22 min əhali yaşayırdı. Amma indi bu rəqəm 50-55 mindir. Bu özü orada problemlərdən xəbər verir”.

M.Orucovun sözlərinə görə, rayonda insanların təsərrüfat işləri ilə məşğul olması üçün torpaq sahələri azlıq təşkil edir.

O, eyni zamanda Bakıda məcburi köçkün həyatı sürən füzulililərin də sosial həyatının ağır olduğunu bildirib: “Onlar yataqxanalarda, şəraitsiz yerlərdə məskunlaşıblar. Çox güman ki, hökümət digər qaçqınlar kimi bunlara da ev verəcək”.

“Bu gün deyirlər ki, Füzulinun iqtisadiyyatı yaxşılaşır. Amma bu qaçqın rayonunda hansı yaxşı iqtisadiyyatdan danışmaq olar? Bu camaat vaxtilə yaxşı işləyən olub, buradan çoxlu Sosialist Əməyi Qəhrəmanı çıxıb. Amma indi Füzulunun əsas yaşayış məntəqələri erməni işğalı altında olduğundan bizim camaat lazımi səviyədə təsərrüfat işləri ilə məşğul ola bilmir” deyən həmkarımız vurğulayıb ki, füzulililərin ən böyük, ağrılı problemi məhz bundadır. O qeyd edib ki, rayon camaatının da arzusu odur ki, bu torpaqlar işğaldan azad olunsun və onlar yurdlarına qayıtsınlar.

Məhəbbət Orucov Füzuli əhalisinin sosial durumunun ürəkaçan olmadığını deyib. Onun sözlərinə görə, hər yerdə olduğu kimi, burada işsizlik problemi var: “İş yeri olmayan yerdə təbii ki, sosial durum da yaxşı ola bilməz”.

Kommunal problemlərə gəlincə, Məhəbbət Orucovun fikirləri həmkarlarından tamamilə fərlqənir. O qeyd edib ki, əgər bu gün Bakıda qaz peroblemi yaşanırsa, o zaman cəbhəyanı bölgədə niyə qaz problemi olmasın?

“Zobucuqda, Qayıdışda kifayət qədər qaz, işıq, yol problemi var. Zobucuq qəsəbəsindən Horadizə avtobus işləmir. Bunu başa düşmək olmur, insanlar 1 manat verib taksilə işə gəlirlər, 1 manat da verib qayıdırlar. Belə bir vəziyyətdə insanların hansı maddi durumundan danışmaq olar?

Düzdür yardımlar, çörəkpulları verilir, amma bu məsələni həll etmir. İnsanlar işlə təmin olunmalıdır, çalışmalıdırlar. Onların heyvan saxlamağı üçün şərait yaradılmalıdır.

Rayonda hazırda Əhmədbəyli kəndindən Kürdmahmudlu kəndinə yol çəkilib. Horadizə gedən yollar da normaldır. Amma digər kəndlərə və kəndin içərisinə gedən yollar bərbad vəziyyətdədir. Məsələn, Böyük Bəhmənli, Bala Bəhmənli kəndlərinin kəndarası yolları bərbad vəziyyətdədir. Bakının özündə yol problemi olduğu halda istər-istəməz orada vəziyyət yaxşı olmayacaq ki...”.

M.Orucov təhsil sahəsində də vəziyyətin ürəkaçan olmadığını qeyd edib. Təhsilin onların  yaralı yerli olduğunu deyən jurnalist bunun ali məktəblərə daxil olanların azlıq təşkil etməsində də göründüyünü söyləyib.

“Düzdür, binalar tikilib, məktəblər var, kompüterlərlə təmin olunub. Amma söhbət ondadır ki, məcburi köçkün olan rayonlardan ali məktəblərə daxil olanların sayı azdır. Xüsusən də Füzuli axırıncı yerlərdən birini tutur. Bu da böyük və çox ciddi problemdir. Bu onu göstərir ki, heç də təhsil yaxşı deyil”.

Məhəbbət Orucov səhiyyə sahəsində irəliləyişlərin olduğunu desə də, kadrla bağlı çatışmazlıqları qeyd edib: “O zonaya yaxşı bələd olduğum adam kimi deyə bilərəm ki, orada yaxşı Diaqnostika Mərkəzi tikilib. Qayıdış şəhərciyində, Zobucuqda tibb məntəqələri, xəstəxanalar var. Amma kadr problemi də mövcuddur. Ali təhsilli yaxşı həkim orada yaxşı şərait olmadığı üçün gedib işləyə bilmir. Eyni tendensiya təhsildə də müşahidə olunur. Cəbhə bölgəsi, təhlükəli olduğundan və lazımi şərait olmadığından ali savadlı həkim və müəllimlər Füzulidə işləməyə gəlməkdən çəkinirlər. Düzdür, əvvəllər işləyən həkimlər var, amma onlar da yaşlaşıblar, gənc kadrlar orada yoxdur”.

M.Orucov da Füzulinun icra başçısısı Alı Alıyevin buradan olması və insanlarla görüşməsindən, insanlara yaxın olmasından danışıb. Ancaq o qeyd edib ki, icra başçısının camaatla görüşməsi məsələni həll edə bilmir: “Yəni onun imkanları daxilində müəyən işlər yoluna qoyulur, amma ondan artığını edə bilmir. Məsələn, yeni müəssisə aça bilmir, təsərrüfatı genişləndirə bilmir. Elə məsələ var ki, icra başçısına aid deyil və hökumətlikdir.

Bizim rayondan iki deputat seçilib. Bahar Muradova və Aqil Abbas... Bahar Muradova məndə olan məlumata görə buradan olan məcburi köçkünlərin problemlərini həll etməyə çalışır, mümkün qədər kömək edir. Amma eşitməmişəm ki, Aqli Abbas bizim rayonda hansısa seçicisi ilə görüşsün. Bəzi məlumatlara görə burada hansısa məcburi köçkünlərin xeyir işində iştirak edib. Amma dəqiq bilmirəm ki, o öz seçiciləri ilə görüşürmü...? Çünki o həm Ağcəbədiyə baxır, həm Füzuliyə…».

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir