Modern.az

İraqın Bakıdakı səfiri: “Azərbaycan qızları İraq ailələrinin gəlini olurlar” - MÜSAHİBƏ

İraqın Bakıdakı səfiri: “Azərbaycan qızları İraq ailələrinin gəlini olurlar” - MÜSAHİBƏ

Müsahibə

30 Avqust 2019, 08:33

Fadil Al-Şuveyli: “Mənə Ermənistana səfir getmək təklif olundu, imtina etdim”  


“İlham Əliyevə həm dövlətim, həm millətim, həm də öz adımdan təşəkkür edirəm”


Modern.
az saytının müsahibi İraq Respublikasının Azərbaycandakı səfiri, siyasi elmlər doktoru, professor Fadil Al-Şuveylidir.

 

- Cənab səfir, üç ildən artıqdır ki, Azərbaycanda çalışırsınız. Öncə ölkəmiz və paytaxtımız haqqında təəssüratlarınızı öyrənmək istərdik..

 
- Məmuniyyətlə söyləyə bilərəm ki, Azərbaycan qonaqpərvər xalqa sahib olan tolerant  respublikadır. Azərbaycanın idarəçilik sistemi ən yüksək səviyyədədir. Bunun üçün ən böyük təşəkkür əlbəttə ki, Azərbaycan Respublikasının prezidenti,  zati-aliləri İlham Əliyevə düşür. Fürsətdən isifadə edərək İraqla Azərbaycan arasında bütün istiqamətlər üzrə əlaqələrin gücləndirilməsindəki xidmətlərinə görə,cənab İlham Əliyevə həm dövlətim, həm millətim, həm də öz adımdan təşəkkür edirəm.

Bakı haqqında isə demək istərdim ki, dünyanın ən gözəl və inkişaf etməkdə olan şəhərlərindən biridir. Bakı sabitliyin hökm sürdüyü sakit bir şəhərdir. Şəhərin turizm imkanları da günü-gündən artmaqdadır və bu inkişaf dinamikası bizi də çox sevindirir. Mən Azərbaycanda yaşadığım müddətdə özümü başqa bir ölkədə deyil, sanki öz evimdə hiss edirəm.


- Azərbaycan mədəniyyəti və mətbəxi haqqında nə demək istərdiniz?

-
Azərbaycan mədəniyyəti qədim, zəngin və çoxşaxəlidir. Mətbəxiniz mənsub olduğum ölkənin mədəniyyətinə çox yaxındır. Mən ilk dəfə sizin mətbəxinizlə tanış olduğum zaman çox təəccübləndim. Çünki sizin yeməklərin bir çoxu bizdə də var. Ən çox bəyəndiyim Azərbaycan yeməyi isə dolmadır.


- Azərbaycan Şərq və Qərb mədəniyyətinin qovuşduğu bir ölkədir. Bir Şərq ölkəsinin vətəndaşı kimi bu haqda nə deyə bilərsiniz?

- Azərbaycan Şərqlə Qərbin arasında bir qapıdır. Azərbaycanda hər iki mədəniyyətin təzahürlərini görmək olar. Amma düşünürəm ki, Şərq mədəniyyətinin təsiri Azərbaycana zamanla daha çox olub. Azərbaycanda əsas dini inanc İslamdır. Düşünürəm ki, Şərq mədəniyyətinin üstünlük təşkil etməsinə əsas səbəb burada zamanla İslam dininin bərqərar olmasıdır.


- Azərbaycan və İraq mədəniyyəti arasında hansı yaxınlıqları hiss edirsiniz?


-
Ölkələrimiz arasında məsafələr uzaq olsa da, mədəniyyətlərimiz həqiqi mənada çox yaxındır və bu fikrimi Azərbaycana səfər edib, buradakı mədəniyyəti görən hər bir İraq vətəndaşı təsdiqləyə bilər. İraq vətəndaşlarını Azərbaycana gətirən əsas səbəblərdən biri ölkənizin bugünkü inkişafı və turizm imkanlarıdırsa, digər səbəb dövlətlər arasında olan  yaxın mədəniyyətdir. İraq-Azərbaycan əlaqələri gündən-günə genişlənir. Digər sevindirici hal ondan ibarətdir ki, bu əlaqələr qohumluq şəklində də təzahür edir. İraq və Azərbaycan vətəndaşları nikaha daxil olurlar. Azərbaycan qızları İraq ailələrinin gəlini olurlar və belə hallar son illər artmaqdadır. Mən düşünürəm ki, bu cür evlilik hallarının son illərdə artması hər iki ölkə adına çox sevindiricidir.



- İl ərzində İraqdan Azərbaycana təxminən nə qədər insan gəlir? İraq vətəndaşları Azərbaycanda hansısa problemlə qarşılaşanda, sizə müraciət edirlərmi?


-
2019-cu ildə İraqdan Azərbaycana təxminən 100 min turist gəlib və bu say ildən-ilə artmaqdadır. İraq xalqı Azərbaycan xalqını çox sevir. Həmçinin, yuxarıda vurğuladığım kimi, ortaq mədəniyyətlərimiz bizi xeyli yaxınlaşdırır. Digər tərəfdən isə İraqda xeyli sayda türkman yaşayır və onların danışdıqları dil Azərbaycan dilinə çox  yaxındır. İraqdan Azərbaycana gələn turistlər arasında xeyli sayda türkman da var.

Hər bir millətdə yaxşı insanlar olduğu kimi, müəyyən qədər də pislər də olur. Ümumiyyətlə, problemsiz cəmiyyət olmur. İraqdan Azərbaycana gələn əksər turistlər razılıq etsələr də, bəzən kiçik problemlərlə qarşılaşıb səfirliyə müraciət edənlər də olur. Bu problemlər böyük məsələlər olmayıb. Əsas odur ki, Azərbaycan dövləti ölkəyə gələn turistlərin təhlükəsizliyini ən mükəmməl səviyyədə təmin edir. Biz səfirlik adından nə zaman  İraq vətəndaşlarının problemləriylə bağlı Azərbaycan hökümətinə müraciət etmişiksə, ən qısa zamanda o problemlər həll olunub.


- İraq və Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində səfir olaraq nə kimi işlər görmüsünüz?


-
Mənim səfir olaraq qarşımda duran əsas məsələlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın İraqda təbliği olub. Azərbaycanı və onun turizm imkanlarını İraqda ən yüksək səviyyədə təbliğ etməyə çalışdım və bu təbliğat İraqda Azərbaycana qarşı xeyli maraq doğurdu. Bu işdə mənim İraqda tanınan bir jurnalist olmağım da  kömək etdi. Məhz mənim səfir olduğum üç il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı xeyli artdı.  Bu mənim bir səfir kimi ən böyük uğurumdur. İraq vətəndaşlarının rahat şəkildə Azərbaycana gəlməsi üçün əlimdən gələni edirəm. Siz əvvəlki illərdə İraqdan Azərbaycana gələn turist sayına nəzər salsanız görərsiniz ki, bu say son üç il ərzində 100 dəfə artıb. Həmçinin, Azərbaycan universitetlərinin İraqda tanıtımını həyata keçirdim və bu sahədə də uğurlu nəticələrimiz oldu. Mən Azərbaycanı çox sevirəm və bir səfir olaraq usanmadan Azərbaycan üçün çalışır, onun İraqda qazanacağı uğurlarında payımın olmasından çox böyük zövq alıram. Əminəm ki, Azərbaycan dövləti İraqı çox sevir və ölkəmin mövqeyini həmişə dəstəkləyir. Bu yaxınlarda İraq  Respublikası İŞID  terror qruplaşması üzərində qələbə çaldı və bizi ilk təbrik edən dövlətlərdən biri də məhz Azərbaycan oldu.


- 2003-cü ildə başlayan İraq-Amerika müharibəsi ölkənizin iqtisadiyyatına çox sarsıdıcı zərbə vurdu. Bir müharibə jurnalisti kimi o acı illərin sizdə hansı xatirələri yaşayır?


-
İraq dünyada ən çox neft ehtiyatlarına malik olan müsəlman ölkəsidir. Zamanla neftimiz bir çox dünya ölkələrinin İraqa olan maddi marağını artırıb. Təbii ki bu maraqlar bəzən toqquşub və ölkəmizə fəlakət gətirib. Mən o illərdə - müharibə dövründə hərbi jurnalist kimi fəaliyyət göstərirdim. Məqsədim təbii ki, torpaqlarımızın bütövlüyünü və bölünməzliyini qorumaq idi. O zaman Mosulda olan hadisələri ilk dəfə olaraq dünya ictimayyətinə bizim qəzetimiz çatdırıb. Həmin vaxt Mosul hadisələrini heç kim çəkə bilmirdi. Mən ilk dəfə helikopterlə həmin əraziyə uçaraq, çəkilişlər apardım və onları dünya ictimayyətinə çatdırdım. Həmin kadrlar hal-hazırda Youtube və bir çox sosial şəbəkələrdə yayımlanmaqdadır.


- Müharibədən sonra Amerika əleyhinə etiraz olaraq İraqda terror halları artmağa başladı və İraq bu zaman xeyli itkilərlə üzləşdi. Bu da İraqa turist axınını xeyli azaltdı. Bəs indi necə, İraqda terror halları çoxmu yaşanır?


-
İraq bütün dünyanın gözü önündə ən böyük terror qruplaşması olan İŞID-lə mübarizə apardı və qalib gəlməyi bacardı. Burada əsas amil İraq vətəndaşının qərarlılığı və dözümlülüyüdür. Bir müddət öncə bəzi ərəb ölkələrində “ərəb baharı” yaşandı. Nümayişlər  sonda qarşıdurmalara və terrorlara səbəb oldu. Suriyada indi də qarşıdurmalar yaşanmaqdadır. İraqın digər ölkələrdən ən böyük üstünlüyü o oldu ki, vətəndaşlar müharibə zamanı ölkəni tərk etmədilər. İraqda qalaraq mübarizəni seçdilər. Torpağı vətənə çevirən oradakı insanların mübarizliyidir. Ölkədə qalıb mübarizə aparmaq qələbəyə ümid etməkdir. Ölkəni tərk etmək isə artıq məğlubiyyətlə barışmaq deməkdir. Mən bu baxımdan İraq vətəndaşlarının ölümün gözünə dik baxaraq, apardıqları mübarizə əzmini alqışlayıram. Biz məhz bu amili əsas tutaraq İŞID üzərində qələbə çaldıq. Hazırda İraqda təhlükəsizlik ən yüksək səviyyədədir.


- Bu yaxınlarda İraqda baş verən bir hadisə dünya ictimayyətini silkələdi. İraqda yeni bir dövlətin- Kürdüstanın yaranmasıyla bağlı referendum keçirildi. Sizdən bu hadisəylə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.


-
İraq dövləti tək və bölünməzdir. Kənardan olan müdaxilələrə baxmayaraq, öz bölünməzliyini qoruyub saxlaya bilir. Bu hadisədə də İraq bütün dünyaya sübut etdi ki, onun ərazisində başqa bir dövlət yaradıla bilməz. İraq təkmillətli deyil, çoxmillətli dövlətdir. Burada bütün İraq vətəndaşlarına bərabər hüquqlar verilir. Ölkə ərazisində tarix boyu ərəblər, kürdlər, türklər, türkmanlar  və başqa millətlər bərabər hüquqlara malik şəkildə yaşayıblar.

 

- İraqda yaşayıb-yaratmış dahi azərbaycanlı şair Məhəmməd Füzulinin poeziyasını Azərbaycanda və dünyanın bir çox ölkələrində sevərək oxuyurlar. Bəs İraqda necə, Füzulini  oxuyanlar və onun əslən azərbaycanlı olduğunu bilənlər çoxdurmu?

- Dahi Füzulinin Azərbaycanda olduğu kimi, İraqda da çox böyük dəyəri var. İraq xalqı onun şeirlərini çox sevir və xatirəsinə böyük hörmətlə yanaşır. Füzuli poeziyası Azərbaycan və İraq ədəbiyyatının ortaq dəyəridir, hər iki xalq bu böyük poeziyanın gücü ilə bir-birinə yaxınlaşır. Eyni zamanda, bəzi dərsliklərimizdə də Füzulinin şeirləri yayımlanır. Onun əsərləri bütün dövrlərdə oxunulacaq və yayımlanacaq gücdədir. Füzulu ərəb və türk dünyasının ən böyük şairlərindən biridir.   
Mən özüm şəxsən Füzuli poeziyasını bu gün də sevərək oxuyuram. Füzulinin Kərbəla şəhərində olan qəbrini dəfələrlə ziyarət etmişəm.

 

- İllər boyu Azərbaycandan İraqdakı müqəddəs torpaqlara ziyarətə gedənlər olub. Hazırda il ərzində nə qədər insan müqəddəs torpaqlara ziyarətə gedir və bu say sizi qane edirmi?

 
-
Azərbaycan vətəndaşları uzun illər İraqa gələrək, müqəddəs torpaqları ziyarət ediblər. Yenə də qeyd edim ki, məsafələr uzaq olsa da, ortaq ənənələrimiz və inanclarımız çox yaxındır. Azərbaycandan İraqa ziyarətə gedən müsəlmanların sayı il ərzində 15 min nəfərdən 20 minə kimi dəyişir.


- İraqa getmək üçün vizaların alınması hansı prinsiplər üzrə həyata keçirilir? Viza ilə əlaqədar problemlə üzləşən Azərbaycan vətəndaşları nə etməlidirlər?


-
Biz Azərbaycandan İraqa getmək istəyən vətəndaşlara çox asan yolla viza veririk. Səfirliyimiz adına deyə bilərəm ki, buraya viza almaq üçün gələn Azərbaycan vətəndaşları heç bir çətinliklə üzləşmirlər. Mənim bu fikrimi səfirliyə gəlmiş bütün vətəndaşlar təsdiqləyə bilərlər. Bu iş mənim şəxsi nəzarətimdədir. Mənim fəaliyyətimin özəyini məhz iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələsi tutur və baxımdan İraq səfirliyinə müraciət edən hər bir Azərbaycan vətəndaşının bizim göstərdiyimiz xidmətdən razı qalması mütləqdir. Mən bunun üçün əlimdən gələni edirəm. İraq Respublikasının rəhbərliyi də hal-hazırda bütün istiqamətlərdə Azərbaycanla olan əməkdaşlığını gücləndirmək niyyətindədir.

 

- Azərbaycan universitetlərinin diplomları İraqda tanınırmı? İraqdan ildə Azərbaycana təhsil almaq üçün nə qədər tələbə gəlir?


-
Mən səfir olduğum müddətdə İraqdan Azərbaycana təhsil almaq üçün il ərzində təxminən 450-500 tələbə gəlir. Bu isə öncəki illərlə müqayisədə rekord göstəricidir. İraqlı tələbələrin Azərbaycan universitetlərinə qəbulunu xüsusi şirkətlər həyata keçirirdilər. Bu isə tələbələrdə müəyyən narazılıqlara səbəb olur, çünki şirkətlər universitetlərə qəbulla bağlı həddindən artıq çox məbləğ tələb edirlər.
Bu yaxınlarda Bakıda  yaşayan bir İraq vətəndaşı təhsil almaq istəyən digər iraqlıları aldadaraq, Azərbaycan Tibb Universitetinə qəbul üçün xeyli pul toplamış və heç bir iş görməmişdi. Biz bununla bağlı Azərbaycan hökümətinə müraciət etdik və həmin vətəndaş Azərbaycandan deportasiya olundu. Təhsil millətin gələcək inkişafı üçün çox vacibdir. Biz istəməzdik ki, təhsillə bağlı bu tip problemlərlə qarşılaşaq. Onun üçün də, bu yaxınlarda Azərbyacan Respublikasının Təhsil Nazirliyi ilə görüş keçirdik və bu görüşdə iraqlı tələbələrin Azərbaycan universitetlərinə “onlayn imtahan” verərək qəbul olunması məsələsi müzakirə edildi. Bu barədə danışıqlarımız davam edir. Mən arzu edərdim ki, iraqlı tələbələrin Azərbaycan universitetlərində distant təhsil almaq imkanı olsun. Yəni tələbə öz evində oturaraq, “onlayn təhsil” alsın. Bu vaxta kimi İraq Təhsil Nazirliyi bütün Azərbaycan universitetlərinin diplomunu tanıyırdı. Lakin bu ildən etibarən rəsmi olaraq tanınmada fasilə elan etdi. Bir daha qeyd etmək istərdim ki, bu, tələbələrin qəbuluyla bağlı olan problemlərdən irəli gəldi. Vasitəçi şirkətlər bəzən tələbələrə vəd etdikləri öhdəlikləri yerinə yetirmirdi. Bu da iraqlı tələbələrə müəyyən qədər problemlər yaradırdı. Ona görə də İraq Respublikasının Təhsil Nazirliyi bu məsələyə birbaşa olaraq müdaxilə etdi. Hər iki dövlətin Təhsil nazirlikləri arasında danışıqlar aparılır. Qəbulla bağlı ortaq qərar qəbul olunduqdan sonra yenidən Azərbaycan universitetlərinin diplomları İraqda rəsmi olaraq tanınmağa başlayacaq.


- İraqlı tələbələrin xarici dövlətlərdə təhsil alması qədim tarixi olan ölkənizin təhsil sisteminin müharibə illərində zərər çəkməsindən irəli gəlir?


- Sizin də vurğuladığınız kimi, İraq təhsil sisteminin çox qədim tarixi var. Bu gün bizim təhsil sistemimiz çiçəklənmə dövrünü yaşayır. İraq universitetlərində  tibb, mühəndislik, hüquq və başqa sahələr ən mükəmməl səviyyədə tədris olunmaqdadır. Müharibə ölkədə olan bütün sahələrə mənfi təsirini göstərir. Lakin mən deməzdim ki, müharibə illərində İraqın təhsil sistemi iflic vəziyyətinə düşdü. Məhz həmin illərdə təhsilimizdə yaranan boşluqlar bu gün tamamilə aradan qaldırılıb. İraqlı tələbə xarici ölkədə təhsil almaq istəyirsə, bu, sadəcə onun şəxsi istəyindən irəli gəlir.  Bu hal əsla İraqın təhsil sistemində olan geriliklə əlaqədar deyil.  İraq dövləti öz hesabına bir çox gəncləri xarici dövlətlərdə təhsil almağa göndərərkən, həmin tələbələrə müəyyən qədər imtiyazlar verir və təhsil müddətinin sonunda  savadlı mütəxəsis kimi ölkəyə qayıdan gənclərin digər dövlətlərdə qazandığı bilik və bacarıqlarındam istifadə edir.


- Azərbaycan Respublikası qonşu Ermənistan dövləti ilə 20 ildən artıqdır ki, müharibə şəraitindədir və torpaqlarının 20 faizi işğal olunmaqla yanaşı, 1 miyon insanı qaçqın və məcburi köçkün düşüb. Münaqişə barədə İraq dövlətinin mövqeyini öyrənmək istərdik.


Mən səfir olaraq Azərbaycana gəlməzdən öncə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıydım. Azərbaycana münaqişənin həllində uğurlar arzu edirəm və haqlı mövqeyini dəstəkləyirəm. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə çalışır və bu, alqışlanılacaq bir haldır.  İraq Respublikası bütün ölkələrin dəyərlərinə hörmətlə yanaşır və bütün müharibələrin sülh yolu ilə həllinin tərəfdarıdır.

 
- Gələk sizin həyatınıza... İraqda çox tanınan jurnalistsiniz. Bu barədə sizdən daha ətraflı məlumat almaq istərdik...


-
Mənim doğulduğum ailədə jurnalistlik ənənələri olub. Yəni ixtisas seçmək lazım gəldiyi zaman artıq mən ailə  ənənələrimə sadiq qalaraq, jurnalist olacağımı yəqin etmişdim. Uzun illərdir jurnalistikayla məşğulam. Bu fəaliyyətimin çox uzun bir tarixi var. Bilirsiniz ki, jurnalist peşəsi şərəfli olduğu qədər də məşəqqətlidir. Bu peşə insanı dözümlü olmağa öyrədir. Mən hazırda Beynəlxalq Jurnalistlər Konfederasiyasının və Ərəb Jurnalistlər Birliyinin üzvüyəm.


- Sizin baş redaktoru olduğunuz və xeyli oxucu kütləsinə malik “Kul Al-Akhbar” qəzetinin fəaliyyəti hansı istiqamətlərdədir? Qəzet təxminən nə qədər tirajla çap olunur?

- Qəzetimiz gündəlik yayımlanır və oxucu sayı gün ərzində 10 mini keçir. “Kul Al-Akhbar” bütün istiqamətlərdə fəaliyyət göstərən bir qəzetdir. Qəzetdə İraqla yanaşı, dünyada baş verən ictimai- siyasi, iqtisadi yeniliklər, elmi-ixtiralar və s. öz əksini tapmaqdadır. Qəzetdə paylaşılan yazılar eyni zamanda maarifləndirici funksiyanı yerinə yetirir. Qəzet təkcə informativ deyil. Əgər qəzetimiz oxucunu yaxşı mənada düşündürə bilirsə, bu, artıq bizim uğurumuzdur. Qəzetimizin eyni adlı saytı da fəaliyyət göstərir.


- Qəzetinizdə Azərbaycan haqqında da məlumatlar dərc olunurmu?


-
Əlbəttə, qəzetimizdə Azərbaycan haqqında mütəmadi olaraq məlumatlar yayımlanmaqdadır. Bu təbliğat bizim dostluq əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan xalqı bugün ölkə rəhbərliyinin fəaliyyətini bütün istiqmətlərdə dəstəkləyir. Yuxarıda qeyd etdiyim kimi, mən səfir olduqdan sonra Azərbaycandakı inkişafı yaxından hiss etdim və ölkədə olan bütün imkanları qəzetimizdə nümayiş etdirdim. Bu da Azərbaycan turiziminə və iqtisadiyyatına İraqdan gələn turistlərin hesabına müəyyən qədər müsbət təsir göstərdi.


-  Bəs necə oldu ki, jurnalistikadan uzaqlaşaraq, diplomatiya sahəsində fəaliyyətə başladınız?


-
Mən jurnalistikadan uzaqlaşmamışam. İndinin özündə belə bir çox publisistik məqalələrim və araşdırmalarımla İraq mediasında çıxış edirəm. Səfirlik fəaliyyətimə gəldikdə isə öncə mənə səfir olaraq Ermənistana getmək təklif olundu, lakin bundan imtina etdim. Daha sonra Azərbaycana səfir olaraq gəlmək təklif olunduqda, həmən qəbul etdim.  Azərbaycan mənim İraq  Respublikasının səfiri olduğum ilk ölkədir. Azərbaycan haqqında buraya gəlməzdən öncə məlumatlıydım. Onun geostrateji baxımdan çox əlverişli bir zonada yerləşdiyini bilirdim.    Qonaqpərvər və ənənələrə sadiq Azərbaycan xalqını isə burada yaşadığım müddətcə tanımağa başladım. Azərbaycana gəldiyim ilk günlərdən İraqda ölkənizin təbliğinə başladım. Qısa müddətdə səfir olaraq gördüyüm işlər hamını müsbət mənada təəccübləndirdi. İndiyə qədər heç bir səfir Azərbaycanı İraqda bu qədər uğurlu şəkildə təbliğ etməmişdi.


- Son olaraq Azərbaycan xalqına nə arzu edərdiniz?


-
Azərbaycan xalqına firavan və xoşbəxt yaşam diləyirəm. Bu gün Azərbaycanın qədəm qoyduğu uğurlu  inkişafı gələcəkdə də davam etdirməsini arzu edərdim. Ulu Tanrının nəzər və diqqəti heç zaman bu xalqın üzərinddən əskik olmasın. Hər açılan sabah özü ilə bu xalqa sağlam və xoşbəxt günlər nəsib etsin. Azərbaycan hər zaman mənim xoş xatirələrimdə yaşayacaq.



Leyla ŞAH

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi