Modern.az

Zirə məktəbliləri üçün “Robototexnika” kursları təşkil olunacaq

Zirə məktəbliləri üçün “Robototexnika” kursları təşkil olunacaq

16 Avqust 2019, 21:59

Son illər müasir informasiya kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi nəticəsində ciddi nailiyyətlər əldə olunub. Təhsil sisteminin informasiyalaşdırılmasının  əsas məqsədlərdən biri  müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır. Həmçinin, təhsil sistemi işçilərinin İKT sahəsində bilik və vərdişlərinin təkmilləşdirilməsi  üçün  ciddi addımlar atılıb. Bu il Azərbaycan ilk dəfə  Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edib. Azərbaycanın 25 dəfə təmsil olunduğu bu nüfuzlu elm yarışına 60-a yaxın məktəblimiz qatılıb. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək 1-i gümüş, 4-ü bürünc olmaqla beş medal qazanıblar. Bütün bu tədbirlər məktəblilərin informatika və robototexnikaya marağının artmasına stimul verir.

 

Modern.az xəbər verir ki, Zirə qəsəbəsi N.Yaqubov adına 120 saylı tam orta məktəbin müəllimi Gülnaz Zeynalovanın Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində icra etdiyi “Robototexnika” laboratoriyasının yaradılması” layihəsi də  şagirdlərə bu sahədə dəstək verməyi hədəfləyir.

 

Layihə rəhbəri Gülnaz Zeynalovanın sözlərinə görə, icra etdikləri layihə 4 ay davam edəcək: "Şəhərətrafı qəsəbələrdə yaşadığından robototexnikaya marağı olan istedadlı şagirdlər xeyli əziyyət çəkirdi. Onlar müvafiq bilgilər əldə etmək üçün həftədə azı 2-3 dəfə paytaxtın mərkəzində bununla bağlı təşkil olunan kurslara qatılırdı. Bu isə şagirdlərin əlavə maddi xərc çəkməsi ilə yanaşı, həm də gün ərzində azı 3-4 saat yolda vaxt itirmələrinə səbəb olurdu. Zirə qəsəbəsi N.Yaqubov adına 120 saylı tam orta məktəbdə “Robototexnika”  laboratoriyasının yaradılması və pulsuz kursların keçirilməsi bu sahədə şagirdlərə dəstək olacaq. Hazırda hazırlıq mərhələsi icra olunan layihə çərçivəsində “Robototexnika”  laboratoriyasının yaradılması ilə yanaşı şagirdlərə ödənişsiz kurslar da keçiriləcək. İndiyədək məktəbdə “Robototexnika”  laboratoriyasının qurulması üçün ayrılan otaq təmir edilərək bu sahəyə uyğunlaşdırılıb. Legoların alınması üçün ixtisaslaşmış şirkətlə danışıqlar aparılıb və yaxın günlərdə legolar məktəbə gətirilərək təhvil veriləcək.  Həmçinin, kurslarda iştirak etmək istəyən şagirdlərdən istək məktubları toplanılır. İstək məktublarının alınmasında məqsəd şagirdlərin bu sahəyə nə dərəcədə maraqlı olduqlarını və gələcəkdə özlərini bu sahədə necə reallaşdırmaq istədikləri ilə bağlı onlar barədə ilkin təəssürata malik olmaqdır. Daha sonra müraciət edənlər arasından 24 nəfər istedadlı şagird seçiləcək. Növbəti mərhələdə informatikaya, robototexnikaya marağı olan şagirdlər üçün məşğələlərə  başlanılacaq. Kurslar hər biri 12 nəfər olmaqla iki qrupda (Cəmi 24 nəfər) aparılacaq.  Dərslər həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək".
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir