Modern.az

“Sükanı buraxmayın!” - Mətbuat katiblərinin Modern.az-a MESAJLARI

“Sükanı buraxmayın!” - Mətbuat katiblərinin Modern.az-a MESAJLARI

Media

2 Sentyabr 2019, 08:14

Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olub. 

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

10 illik yubileylə bağlı təbriklərini, ürək sözlərini, bildirənlər arasında müxtəlif qurumların mətbuat katibləri də var.

Onların yubiley təbriklərini təqdim edirik:


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı:


“Tərcümə Mərkəzindəki darısqal otaq, bir-neçə nəfərdən ibarət əzmkar komanda, 120 aylıq dəyişməz, düz yol. Jurnalistika prinsiplərinə əməl edən və ictimai rəydə müsbət imicini qoruyub saxlamağı bacaran saytlardan olan MODERN.AZ-ın indiki və keçmiş əməkdaşlarını (başda Elşad və Əfqan olmaqla) təbrik edir, ən xoş arzularımı çatdırıram. 10 yaşınız tamam olub, çox şey arzu edə bilərəm, ümumiləşdirib belə yazıram - SÜKANI BELƏ SAXLAYIN və ya UĞUR HƏMİŞƏ SİZİNLƏ OLSUN...”


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova:


“Azərbaycanın media məkanında özünəməxsus yerə və geniş oxucu kütləsinə malik, fərqli təqdimatları, müxtəlif janrlı materialları ilə seçilən və mənim üçün ən yaxşılardan olan Modern.az saytını başda Elşad Eyvazlı olmaqla, peşəkar kollektivini 10 yaşı münasibətilə təbrik edirəm. Sizin ətraf mühitin mühafizəsi və ekologiya sahəsində məlumatları operativ surətdə ictimaiyyətə çatdırılması sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirirəm.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından Sizlərə müstəqil Azərbaycan dövlətinin tərəqqisi, xalqımızın rifahı, firavan həyatı, milli maraqlarının qorunması naminə səmərəli fəaliyyət, yeni-yeni nailiyyətlər arzulayıram”. 

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev:


“Əvvəla, 10 illik yubileyiniz münasibətilə yaradıcı kollektivinizi ürəkdən təbrik edirəm.

Hesab etmirəm ki, Modern.az-da çalışan peşəkar jurnalistlər hansısa sahəni və ya mövzunu nəzərdən qaçırıblar və ya diqqətdən kənarda saxlayıblar. Düşünürəm ki, ötən 10 il ərzində Siz üzərinizə götürdüyünüz missiyanı uğurla yerinə yetirə bilmisiniz və hər zaman hadisələrə çevik və operativ reaksiya verməklə ortaya qoyduğunuz fərqli yaşama və prinsipial mövqe ilə oxucuların inamını və rəğbətini qazanmısınız.

Təbii ki, gündəlik olaraq baxdığım Modern.az-a bir maliyyəçi gözü ilə baxıram və təmsil etdiyim nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan materiallar daha çox diqqətimi cəlb edir. Ona görə də Modern.az-da ölkəmizin iqtisadi və maliyyə həyatında baş verən yeniliklər, aparılan islahatlar haqqında peşəkar təhlilləri və analizləri daha çox görmək istərdim.

İnanıram ki, 10 yaşlı Modern.az bundan sonra da ölkəmizin maliyyə həyatında baş verən yeniliklərin ictimaiyyətə obyektiv, operativ və sistemli şəkildə çatdırılmasında yaxından iştirak edəcək, uğurlarımıza dəstək olacaq!

Bir daha bu əlamətdar gün münasibəti başda Elşad Eyvazlı olmaqla kollektivin bütün üzvlərini təbrik edirəm”.


Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov:


"Modern. az saytının kollektivinə!
Əziz dostlar! Ad gününüzü ürəkdən təbrik edirəm! Uğurlar Sizə, bütün kollektivinizə can sağlığı arzu edirəm! Əməkdaşlığımızın davam edəcəyinə, mədəniyyətimizi və mədəni sərvətlərimizi birgə təbliğ və mühafizə edəcəyimizə inanıram! Var olun!”.


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov:



“Modern.az xəbər portalının 10 illik yubileyi münasibəti ilə bütün kollektivini təbrik edirəm.

Mediaya ictimai tələbkarlığın getdikcə artdığı, mətbu orqanların sırasının genişləndiyi vaxtda milli mətbuat ənənələrinə sadiqliyini, eyni zamanda, yenilikçi ruhunu qoruyub saxlayaraq 10 illik yolu qət edən Modern.az bu gün öz populyarlığı ilə seçilən xəbər portalları sırasındadır. Bunun əsasında isə Modern.az-ın həmişə günün əsas informasiya axını ilə yanaşı addımlamağı bacarması, gündəmi dolğun şəkildə əhatə edə bilməsi, informasiya təminatında operativliyi və hər hansı məsələyə münasibətdə obyektiv yanaşmanı təmin etməsidir. Gündəlik xəbərlərin çatdırılması ilə bərabər, portal bir-birindən maraqlı və fərqli təqdmatları, layihələri, araşdırmaları ilə də izləyici auditoriyasını genişləndirməyi bacarır.

İstedadlı və öz peşəsini sevən, fəaliyyət sahəsinə həmişə yaradıcı münasibət göstərən jurnalistlərin çalışdığı Modern.az-ın kollektivini bir daha təbrik edir, kollektivin hər bir üzvünə fərəhli günlər, peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

İşiniz avand, ad gününüz mübarək olsun, dostlar!”.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev:


“Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, elektron medianın inkişafı üçün əlverişli şəraitin yaradılması cəmiyyəti tərəfsiz, qərəzsiz və operativ məlumat almaq imkanlarını genişləndirib. Bu imkanlardan milli mənafelərə xidmət naminə istifadə edilməsi nümunəsi kimi Modern.az informasiya agentliyinin fəaliyyəti böyük ictimai rəğbət doğurur. Ölkəmizin elektron media resursları arasında rəqabətin gücləndiyi bir şəraitdə Modern.az özünün yüksək peşəkarlıq xüsusiyyətləri ilə seçilir, milli jurnalistikamızın inkişafına mühüm töhfələr verir. Həm adi oxucu, həm də yaradıcı kollektivlə sıx əməkdaşlıq edən mərkəzi icra hakimiyyəti orqanının təmsilçisi kimi bu nüfuzlu informasiya portalının fəaliyyətini yüksək qiymətləndirirəm. Ümidvaram ki, 10 yaşlı Modern.az ölkəmizdə yeni medianın liderlərindən biri kimi bundan sonra da öz mövqeyini və simasını qoruyub saxlayacaq, yeni layihələri ilə daim oxucu məmnunluğu qazanacaqdır. Agentliyin peşəkar komandasını yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq nailiyyətləri, ölkəmizin və xalqımızın mənafeyi naminə uğurlu fəaliyyət arzulayıram!”.


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev:


“Qeyd etməliyəm ki, Modern.az ölkə mediası sırasında xüsusi çəkisi, özünəməxsus dəsti-xətti olan bir saytdır. Məsələn, cəmiyyərtin o qədər də tanımadığı bir adam hansısa vəzifəyə təyin olunur və onun kimliyi barədə məlumat almaq istəyən dərhal Modern.az saytını tıklayır. Məlumatı hardan alır, necə toplayır, bu saytın öz işidir, oxucunu maraqlandıran informasiyadır və bunu da sayt təmin edir. Başqa tərəfdən əlamətdar günlər, hansısa baş vermiş hadisənin ildönümü və bu kimi sonuncu dərəcəli mövzuları, məhz bu sayt gündəmə çevirə bilir. Mətbuat xidmətlərinin fəaliyyəti, onların rəhbərlərinin kimliyi hər zaman Modern.az saytının diqqət mərkəzində olur. Bir sözlə Modern.az  saytının başqa saytlardan fərqlənən özəllikləri çoxdur. Zənnimcə sükanı bu cür də saxlamaq lazımdır. Xülasə Modern.az  saytını onun oxucularını yubiley münasibəti iə təbrik edir 10 yaşındakı sıfırın sırasına daha bir sıfır əlavə olunmasını arzulayıram”.

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova:


“O, brendə ona görə çevrilə bildi ki:

- 10 ildə ancaq doğru olanları dedi;
- həqiqətləri yazdı; 
- hədəf auditoriyasını da məhz doğrunu qəbul edənlərdən formalaşdırdı; 
- özü auditoriyasına, auditoriyası da özünə bənzədi;
- keyfiyyət əsas xətti oldu; 
Məhz ona görə də:
- reportajları oxunaqlı;
- müsahibələri orijinal;
- xəbərləri yaddaqalan oldu.
Bütün bu uğurlara həm də güclü kadr potensialına görə nail oldu. 
Kadrlarını özü yetişdirdi, gənc jurnalistlərimizə ilk iş yeri olmaqdan qorxmadı, təcrübə tələb etmədi, özü təcrübələndirərək məktəb rolunu oynadı və mediamızda MODERN, daha doğrusu, Elşad Eyvazlı və Əfqan Qafarlı məktəbi yaratdı. 
Yolunuz açıq, uğurlarınız bol olsun, əziz həmkarlar. Növbəti 10-cu ilinizdə hər bir MODERNçini ailəsi ilə birlikdə sağlam, xoşbəxt görmək arzusu ilə...”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov:


"Modern.az saytının 10 illik yubiley münasibəti ilə bütün kollektivi, dostlarımız Elshad Eyvazlını, Əfqan Qafarlinı ürəkdən təbrik edir və yeni-yeni uğurlar diləyirəm!
Modern.az bu səviyyəyə gözümüzün qabağında addım-addım irəliləyərək, oxucuların etimadını, etibarını qazanaraq yüksəlib. Bu komanda peşəkarlıq nümayiş etdirib, ucuz reytinq ardınca qaçmayıb, nəticədə Modern.az ciddi mətbuat orqanı kimi internet media məkanının birincilərindən birinə çevrilib. Əlbəttə bunu bacarmaq asan məsələ deyil. Daha böyük uğurlara imza atmağınızı arzulayıram.
10 yaşınız mübarək!”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır