Modern.az

Azərbaycanlı filosof: “Allahın bütün kainatı idarə edə bilməsi mümkün deyil” - MÜSAHİBƏ

Azərbaycanlı filosof: “Allahın bütün kainatı idarə edə bilməsi mümkün deyil” - MÜSAHİBƏ

3 Sentyabr 2019, 11:03

Əlisa Nicat:  “Mircəfər Bağırov gedib Stalinə deyir ki, ermənilər “Arşın mal alan”ı özlərinə götürürlər, nə edə bilərik” 
 

Onun müasiri olmaqla necə şanslı olduğumuzun fərqində deyilik hələ. Əlisa Nicat bəlkə də bu gün İslam dünyasının yaşayan ən güclü filosoflarındandır.  80-ə yaxın kitab və tərcümənin,  1000-dən artıq publisistik məqalə və oçerkin, əvəzsiz tarixi romanların müəllifi, Azərbaycan ədəbiyyatında pritça janrının yaradıcısıdır.  Amma indiyə qədər bu  insanın  zəkasından bir ali məktəb də olsa yararlanmağa çalışmayıb. Əlisa Nicat fəlsəfə, filologiya, tarix fakültəsində də mühazirələr oxuyaraq, tələbələrə çox şey verə bilərdi. 20 ildən artıqdır  tanıdığım bu insanla hər görüşümüzdə yeni əsərlərindən, tərcümələrindən elə şövqlə, elə həvəslə danışır ki, lap yaradıcılığa yeni addım atan gənc kimi.  Bu yaxınlarda 83 yaşını tamamlayan filosof  şəhər mərkəzindən uzaqda həftəlik qəzetdən aldığı 150 manat məvacib  və 200 manat məbləğində pensiyasına qane olaraq sadə, sakit həyat tərzi yaşayır.  O, oxuduqları ilə, yazdıqları ilə xoşbəxt olur, oxuyanı çox olmasa da.

Modern.az saytı Əlisa Nicatla müsahibəni təqdim edir:


- Əlisa müəllim, xeyli müddətir səsiniz –sorağınız gəlmir, yaradıcılığınızla bağlı hər hansı yenilik xəbəri eşitmirik. Mənmi məlumatsızam, yoxsa yaradıcılığa heç vaxt ara verməyən Əlisa Nicat nəhayət istirahətəmi çəkilib?


- Məsələ bundadır ki, mənim gəncliyim 60 yaşdan sonra başlayıb. Adam yaşa dolduqca bildikləri, dünyagörüşü dəyişir. İnsan yaxşını, pisi, ədalətin, ədalətsizliyin nə olduğunu anlayır. Son illərdə 4 roman yazmışam. Onların hamısı tarixi – fəlsəfi əsərlərdir. Şərqdə, Asiyada bu cür romanların nümunələrini birinci mən yaradıram.  3-ü artıq çap olunub.  Tirajları azdır- 100 nüsxə. Onlar da abunəçilər üçün.  İndi əsərlərim 55 cilddə çap olunur.  10 cildi publisistikadır.  Gördüyünüz kimi, evə çəkilmişəm, yaradıcılığımla məşğul oluram. Heç bir siyasi partiyaya üzv deyiləm, heç bir siyasi prosesdə iştirak etmirəm, ancaq qəzetə yazılar yazıram.  150 manat qəzetdən verirlər, 200 manat da pensiya alıram.   Azərbaycanın üzdə olan, tanınmış insanları ilə bağlı tənqidi yazılar yazıram. Nə iş görürlər, nəylə məşğuldurlar, onları deyirəm. Məsələn, Anardır, Elçindir, Əkrəmdir… İnsafən deyim ki, tənqidi yazılar yazdıqlarımdan heç biri haradasa mənə cavab verməyib, etirazını bildirməyib. Çünki bilirlər ki, həqiqəti yazıram.

Əkrəmlə lap yaxın olmuşuq, bir sinifdə oxumuşuq. Amma o ki, ermənipərəst əsər yazdı… Axı hansı niyyətlə belə bir əsər yazıb? Əkrəm vaxtıilə yaxşı pul qazanıb, hər şeyi də var idi. Özü bilər, halal xoşu olsun. Bunlar bəsindir də. Bu əsər nəyə lazım idi axı?! Yer üzündə erməni kimi alçaq millət yoxdu axı. Dünyada elə bir millət yoxdur ki, erməninin etdiyi vəhşiliyi etsin, 50 uşağı borunun içərisinə yığıb bağlasın, sonra da boruya od vursun. Bu faktdır da, Ermənistanda olub. İndi sən dur belə bir əsər yaz ki, guya bizdə ermənilərə qarşı ədalətsizlik olub…


- Müasir yazarları oxuyursunuzmu? Bəyəndiyiniz, haqqında “bu adam gələcəkdə dünya şöhrətli bir yazar ola bilər” deyə düşündüyünüz biri varmı?

 
- Qeyri-rəsmi tələbələrim var. Vaxtilə universitet bitirən uşaqlardır. Əvvəllər çox tez-tez görüşürdük, sonra hərəsi evləndi, başları öz qayğılarına qarışdı. Onların içərisində bir Dilqəm var, Dilqəm Əhməd. Onun bir – iki kitabını oxumuşam. Maraqlıdır. Düzünü deyim, indiki zamanda mənim üçün oxumaq çox çətindir. Gərək necə güclü bir əsər olsun ki, məni cəlb etsin. Kanetti adlı bir filosof olub. Özü yəhudidir, Macarıstanda doğulub, Avstriyada yaşayıb, almanca yazıb. “Hakimiyyət və kütlə” adlı  nəhəng bir əsəri var. Həddən artıq maraqlıdır. 700 səhifəsini birnəfəsə  oxudum bu əsərin. Bu kitab çıxan kimi Nobel mükafatına layiq görülüb. Elə bir beyni təbiət min illərə hazırlayır.  

İndi nəhəng romanlar yazmağa ehtiyac yoxdur. Çünki oxumaq mümkün deyil. Hamı işləyir, hamı gərgindir, hamı internetdə. İnformasiya bolluğudur.  Ona görə də balaca romanlar yazmaq lazımdır. Mənim sonuncu romanlarım da 150-200 səhifədir.  


- İndiyə qədər təqribən nə qədər kitab oxumusunuz?

 
- Birinci sinifdə oxuyanda atam Lerikdə işləyirdi, Meşə idarəsinin direktoru idi. Orada balaca kitab mağazası vardı. Uşaq idim, mənə məktəbdə xərcləmək üçün pul verərdi. Mən də o pula həmişə kitab alardım.  Sonra  Lənkərana köçdük. Orada da kitabxanalarda oxumadığım kitab qalmamışdı.

 
- Türkiyə Cümhuriyyətinin qurucusunu xatırladım. Atatürk də xatirələrində deyirdi ki, “uşaqkən əlimdə iki quruşum olurdusa, bir quruşunu kitaba verirdim”.

 
- Bizim dövrümüzdə yaxşı kitablar rusca çıxırdı. Gedib mağazalardan rusca kitabları da alırdım. Orada cümlədəki 6-8 sözdən üçünü, dördünü   Amma buna baxmayaraq alıb oxuyurdum və bu cür oxumaq nəticəsində rus dilini də öyrəndim.  Bu gün də rus dilindən həddən çox tərcümə edirəm.  Sovet dövründə “Rusiyada çap olunmuş kitablar” adlı bir biblioqrafik kitab çapdan çıxmışdı. 1770-cu ildən 1960-cı ilə qədər olan dövrü əhatə edirdi. Onda baxdım ki, bu kitabların təqribən yarısından çoxunu oxumuşam.  Sovet dövründə rus dilində avropalıların nə qədər əsəri çıxıbsa hamısını oxumuşam.  


- Bilmirəm, yalnız mənəmi belə gəlir, yoxsa həqiqətənmi Rusiyanın nəşriyyatları ən maraqlı əsərləri tapıb çap edirlər. Moskvada kitab mağazasına girəndə adam bilmir hansı kitaba baxsın.

 
- Nə danışırsan, bilirsən kimləri çap edirlər?! 2-3 nəfəri çap etmirlər, onları da mən bilirəm. Birincisi Qobinodur, fransız dahisi. O özü İranda səfir olub. Azərbaycana da bələd olub. Azərbaycandan  bir povest  də yazıb – “Şamaxı qızı”.  Onu tərcümə etdim. Amma hələ çap olunmayıb. 


- Sizcə gənc nəsil niyə mütaliəyə həvəsli deyil? Bunun günahkarı kimdir? Siz də sosial şəbəkələrimi günahkar görürsünüz?

 

- Yox, sosial şəbəkələr hər yerdə var. Amma xaricdəkilər kitab oxuyur. Bizdə təbliğat yetərli deyil. İndi kitablar 200-300 tirajla çıxır. Heç yüz tirajla çıxan kitab belə satılmır. Bizdə kitab oxumaq ənənəsi yoxdur, olmayıb. Bizim tariximizdə nə var? Bir Babəkdir, tarixi şəxsiyyət olub, epos da “Koroğlu”dur, Nəbidir. Nəsiminin kimliyi bilinmir. Mən özüm də yazmışam, şamaxılı – filan. Amma bu qeyri-rəsmidir. 70 –ci illərdə türkmənlər Nəsimiyə sahib çıxmağa çalışırdılar. Buna görə Azərbaycanla Türkmənistan arasında bərk mübahisə də düşdü. Amma əsas Moskvanın mövqeyi idi. Onlar bizə verdilər. Türkmənlərdə bizə qarşı inanılmaz nifrət yaranmışdı.

 

- Əlisa müəllim, Siz tarixi romanlar ustasısınız. Əkrəm Əylislini ermənipərəst mövqeyinə görə tənqid edirsiniz.  Amma  ona cavabı Qarabağla bağlı sanballı bir  tarixi romanla verə bilərdiniz və bu işi ən yüksək səviyyədə görməyə həm intellektiniz, həm də qələminiz yetərlidir. Heç bu barədə düşünmüsünüzmü?

 

- Azədə, əzizim mən artıq o mərhələni keçmişəm. Qarabağla bağlı bir cildlik fəlsəfi esselər yazmışam. O, artıq mənim üçün həddən artıq kiçik məsələdir.


- Bəs hazırda hansı əsər üzərində çalışırsınız?

 
- Axırıncı düşündüyüm mövzu Allahın mövcudluğu məsələsidir. Bunu uzun illər çox düşündüm. Bu mövzuda çox mübahisələr gedib.  Kainatda 35 milyon qalaktika var.  Mümkün deyil ki, Allah otursun bu qalaktikaları idarə etsin. Ola bilsin ki, Allah fiziki olaraq mövcud deyil, ruhi bir varlıqdır. Quranda da o, işıq seli kimi təsvir olunur. Amma hər nə də olsa, onun bütün kainatı idarə edə bilməsi mümkün deyil.  Amma insanın quruluşu, bədəni elədir ki, onun öz-özünə yaranması real görünmür.   Bilirsən də dünyada birinci canlı necə əmələ gəlib.  İlk dəfə bir hüceyrə, mikroorqanizm  əmələ gəlib. Dəniz suyunda metallar əriyib, günəş şüası da düşüb su ilıqlaşıb, bir növ bulyon, mikroorqanizmlərin inkişafı üçün münbit şərait yaranıb. İlk canlı hüceyrə də bu mühitdə yaranıb.  Bioloqlar da süni yolla həmin mühiti yaradır, ilk hüceyrənin kimyəvi tərkibini də müəyyən edirlər.   O cür hüceyrənin süni quruluşunu da yaradırlar, o cür bulyona da buraxırlar. Hər cür şərait yaradırlar. Amma artıq 40-50 ildir nə edirlərsə  mümkün olmur ki, olmur, insan rüşeymi əmələ gəlmir. Cansız materiyanı canlıya çevirmək mümkün olmur. Elm bir təkcə buna nail ola bilmir, ilk hüceyrəni əmələ gətirə bilmirlər. Bu fakt Allahın varlığını sübutudur.


- Müsahibələrinizdən birində sevginin həyatınızdakı iki önəmli şeydən biri olduğunu demisiniz. Amma sevgilərinizin çoxu uğursuz olub. Yoxsa Siz də Çarlz Dikkens kimi uğursuz sevginin acısını ədəbiyyatla ovutmağa çalışarkən məşhur oldunuz?

 
- Mən 15-16 yaşlarımda astrofizika ilə çox marqlanırdım. Göydə bütün ulduzları əzbər bilirdim. Hətta gecələr görürdüm ki,  uçuram. O vaxtlar ölümü tanıdım,  həyatın mənasızlığını anladım. Sonra isə  həyatım sevgi ilə dəyişdi. Lənkəranın ən gözəl qızını sevirdim. Onun anası vəfat etdikdən sonra qohumları gəlib başqa şəhərə apardılar və biz ayrıldıq. Sevgimdə uğursuzluqdan sonra mən pessimizmə qapıldım, tamam ruhdan düşdüm. Ondan sonra özümü fəlsəfəyə həsr etdim, fəlsəfədə təsəlli tapdım.

 
- Yəni, Siz sevginizi itirdiniz, əvəzində Azərbaycan fəlsəfəsi qazandı.


- Bəli, Azərbaycan fəlsəfəsinə tövhə verməyə başladım


- Heminqueydən “ilk baxışdan məhəbbət mümkünmü?” deyə soruşurlar. O isə cavabında “başqa cür sevgi tanımıram” deyə cavab verib. Siz necə düşünürsünüz, ilk baxışdan sevgi varmı?

 
- Bəs necə... Mən sonra Bakıya gəldim, iki dəfə də burada məhəbbət əhvalatı baş verdi. Heç biriylə də baş tutmadı. Biriylə yoxsul olduğuma görə evliliyimiz alınmadı. O biri də çox yüksək təqbəqənin adamı, Bakının bir nömrəli gözləi idi. Aramızdakı sosial – maddi uçurum bu sevgini də yarımçıq qoydu. Sonradan onun haqqında bir hekayə yazdım.


- Musiqinin həyatınızın ayrılmaz hissəsi olduğunu deyirsiniz. Kimləri dinləyirsiniz?


- Ən çox Bethofeni. Hazırda “Bethofen” adlı fəlsəfi roman yazıram. Lirik – fəlsəfi- intellektual roman olacaq.  Allah Bethofenin simasında Yer üzünə gəlib ki, baxım görüm insanlar necə yaşayır.

 

- Amma Üzeyir Hacıbəyova da pərəstiş etdiyinizi bilirəm. Yanılmıramsa  oğlunuzun da adını onun şərəfinə Üzeyir qoymusunuz.


- Üzeyir bəy möcüzədir. Onun haqqında bir povest yazmışam, adını da qoymuşam “Xalqından böyük”. Üzeyir Hacıbəyov Azərbaycan xalqından çox böyükdür. 40-cı illərdə bir erməni  “Arşın mal alan”ı Amerikada  erməni operasının kraliçası deyə tanıdır və bütün Amerika şəhərlərində tamaşalarını təşkil edərək  yüz milyonlarla pul qazanır. Bunun sorağı gəlib Azərbaycana çatır. Mircəfə Bağırov gedib İosif Stalinə deyir ki,  ermənilər bu  Azərbaycan əsərini özlərinə götürürlər, nə edə bilərik.  1945-ci il idi, müharibə gedirdi. Stalin deyir ki, biz Amerikadan  bir şey tələb edə bilmərik, müttəfiqik, Almaniyaya qarşı vuruşuruq, məsələni kəskin qoya bilmərik.   Amma gedin film çəkin, bütün dünya da görsün ki, bu əsər sizindir. Ondan sonra gəlib təcili pul buraxırlar, “Arşın mal alan” filmi çəkilir.  Film Stalin mükafatını da çox çətinliklə alıb,  bəzi paxıl və qısqanclar  əsərə mükafat vermək istəmirmiş.  Mükafata layiq görülən əsərlərin siyahısı Stalinin qarşısına gətiriləndə o, “Arşın mal alan”ın adını axtarır. Filmin adını siyahıda görmədikdə onu təşkilat komitəsinin rəhbərinin üstünə atıb. Çünki özü filmə baxmışdı və çox bəyənmişdi. Ona gərə təşkilat komitəsinin sədri gecəliklə Üzeyir bəyə zəng vuraraq, filmin yaradıcılarının adlarını öyrənib siyahıya salıb.


- Publisist kimi necə, Üzeyir bəyi bəyənirsinizmi?

 

Çox. Üzeyir bəy haqqında təxminən 50 məqalə yazmışam. Bu yazılarımın toplandığı bir musiqi cildi olacaq. Orada Bethofenlə bağlı da yazılar var. Bethofenin 32 sonatası var, onların 16-sı haqqında ayrıca süjetli əsərlər, oçerklər yazmışam. Dünyada ilk dəfə onun 16 sonatası haqqında yazmışam. 55 cildliyin bir cildi ancaq musiqiyə aid olacaq.


- Bu yaxınlarda 83 yaşınız tamam oldu. Maşallah, yaxşı görünürsünüz. Reseptinizi bizə də deyə bilərdinizmi?

 

- Uzunömürlülük əsasən gendən, atadan asılıdır. Amma təbii ki, qidalanma da önəmlidir. Gündəlik spirtli içkilər qəbul edərsən, zəhərli yeməklər yeyərsən, onda təbii ki, uzunömürlü ola bilməzsən. 15 - 20 şərt var ki, onlara əməl etsən, 100 il sözsüz həll olunur. Amma bundan çox da ola bilər. Məsələn,  gündə iki litr su iç, vaxtında yatıb – durmağa vərdiş et. 11-də yat, 7-də dur. Beynin dincəlməsi vacib şərtdir.  Kərə yağından uzaq dur. Tam olaraq ondan imtina etmək lazımdır. Heç vaxt qənd yemə, ağ zəhərdir bu. Gündüzlər heç vaxt günün altında qalma. Bütün günü hərəkətdə ol. Ən əsası səhərlər qalxdığında eyvana çıx, dərindən nəfəs al. Burundan nəfəs alıb ağızdan buraxmaq lazımdır. Bunu etsən oksigen bütün hüceyrələrə gedir. Hazır fast – food məhsullarından mümkün qədər imtina edin.


- Ölüm haqqında düşünürsünüzmü? Axundova pərəstiş edən adamın özünün dini baxışları maraqlıdır.

 

- Ölüm haqqında düşünmürəm. Bizim iradəmizdən kənar bir şeydir. Biz düşünsək də, düşünməsək də, istəsək də, istəməsək də nə vaxtsa baş verəcək. Mən dinə inanmıram. Peyğəmbər böyük şəxsiyyət olub, ağıllı adam olub.  Quranı yazıb. Burada heç bir şey göydən – zaddan gəlməyib.  Allah göndərməyib. Allahın işi – gücü yoxdurmu?! Allah bəlkə də Yerin mövcudluğundan xəbərsizdir. Kainatda Yer kimi bir trilyon yer var. Bir trilyonun içində Allah birinə baxacaq, burada insan yaradacaq?  Allah ancaq Yerdə var. Mənim əqidəmə görə hansısa maddələrin birləşməsi, qeyri – adi mutasiya nəticəsində qeyri-adi Allah yaranıb və onun hər şey etməyə gücü, iradəsi çatırdı. Allah 50 milyon,  yüz milyon il əvvəl yaranıb. İşıq kimidir, onu tutmaq olmaz, vurmaq olmaz. İnsan təbiətin son sözü, son məhsuludur, zamanı yetişdiyində də əbədiyyətə qovuşur.



Azadə Balayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı