Modern.az

Din xadimindən təmtəraqlı ehsan verənlərə növbəti ÇAĞIRIŞ

Din xadimindən təmtəraqlı ehsan verənlərə növbəti ÇAĞIRIŞ

4 Sentyabr 2019, 10:11

Yas mərasimlərinin təmtəraqlı keçirilməsi uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Əksər hallarda ehsan adı ilə açılan süfrələr təmtərağı ilə heç də toy masasından seçilmir. Bəlkə də zamanında mərhum o cür təmtəraqlı süfrə görməyib.
Bir müddət əvvəl rəsmi qurumlar tərəfindən yas mərasimlərindəki təmtərağın yığışdırılması tövsiyə olundu, buna bəzi yerlərdə əməl edilsə də, sonradan hər şey unuduldu.

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a deyib ki, QMİ dəfələrlə tövsiyələrində  yas mərasimlərində ehsan süfrəsi açılarkən israfçılığa yol verməməyi bildirib:

“İsrafçılığı dinimiz də qadağan edir. Ehsan adı ilə israfçılıq etmək, təmtəraqlı süfrələr təşkil etmək qətiyyən düzgün deyil. Bu, ehsanın mahiyyətinə ziddir. Ehsan dünyadan köçmüş insana savab hədiyyə edilməsi üçündür. Ancaq bu bir rəqabət biznesinə çevrilib. İnsanlar bir-birinin bəhsinə girib, lüzumsuz israfçılığa yol verirlər. Fikirləşirlər ki, filankəsə halal olsun, yas mərasimində nə gözəl ehsan verdi. Sanki şan-şöhrət qazanmaq üçün təmtaraqlı süfrə təşkil edirlər. Fikirləşmirlər ki, belə etməklə  mərhuma heç nə qazandırmırlar. Əksinə,  israfçılıq edib, xoş olmayan əməl sahibi olurlar”.


Hacı Şahin qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışlarına əməl edənlər də var:

“Bu hal bizi sevindirir. Xeyli dərəcədə bu mövzuda irəlləyiş hiss olunur. Müəyyən bölgələr var ki, orda  insanlar könüllü şəkildə təmtəraqdan imtina edirlər. Bəzi yerlərin ağsaqqaları bir araya gəlib,  israfçılıq olmasın deyə ehsanların yığışdırılmasına nəzarət edirlər. Ancaq təmamilə ehsanı yığışdırın deyə bir qayda, əmr yoxdur. Sadəcə süfrədə çay, xurma, halva verilməsi daha məqsədəuyğun olar. Bu həm yas mərasimini keçirən şəxsə sərf edər, həm də mərhuma çəkilən xərclərin qarşılanmasına səbəb olar. Azərbaycan qanunvericiliyində ehsanı  qadağan edən bir müddəa yoxdur. Hər  bir halda bu məsələ insanların öz  ixtiyarına  buraxılsa da, dinin də göstərişlərini nəzərə almaq lazımdır. Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri tez-tez aparılsa,  daha yaxşı olardı. Çünki adam var kasıbdır, amma istəmir ki, qonşudan geri qalsın. Borc-xərc edib ehsan verir, gerisini düşünmür ki, bu pulu necə qaytaracaq. Ona görə tövsiyə edirik ki, fərqi yoxdur kasıb və ya varlı, hər kəs eyni qaydada sadə ehsan süfrəsi açsın. Burda rəqabət də olmaz, şan-şöhrət də”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?