Modern.az

Tramvay Bakıya dönə bilər? - Ekspert bir şərtlə mümkün sayır...

Tramvay Bakıya dönə bilər? - Ekspert bir şərtlə mümkün sayır...

4 Sentyabr 2019, 17:06

Dünyanın əksər ölkələrində tramvaylara rast gəlmək olur. Bu ictimai nəqliyyat vasitəsi həm rahat, həm də ekoloji baxımdan təmizdir. Bakıda da vaxtilə tramvaylar fasiləsiz olaraq işləyirdi. Ancaq SSRİ dağılandan sonra Bakı küçələrində tramvayların hərəkəti getdikcə məhdudlaşdırıldı. 2000-ci ildən başlayaraq Bakının mərkəzi küçələrindən, daha sonra kənar yollardakı tramvay xətlərini sökdülər.  “Bakı Tramvay Parkı” isə 2003-cü ilin noyabr ayında öz fəaliyyətini təmamilə dayandırdı.

Son zamanlar belə xəbərlər yayılır  ki, tramvaylar tezliklə yenidən Bakı küçələrində hərəkət edəcək. Bu, nə dərəcədə həqiqətdir? Bakıda tramvay xətlərini bərpa etmək mükündürmü?

 
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a deyib ki, Bakı şəhəri üçün çox vacibdir, ancaq:

“Müasir dünyada, inkişaf etmiş ölkələrdə deyərdim ki, ictimai nəqliyyatın ən gözəl növlərindən biri də tramvaydır. Həm ekoloji cəhətdən sərfəlidir, yəni elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur, yaxşı şəbəkəsi olarsa, sərnişindaşımada böyük rol oynayır. Bütün bu ehtimalları götürəndə düşünürəm ki, Bakı  şəhəri üçün çox vacibdir, hətta ehtiyac var. “Ancaq necə olacaq, Bakı küçələri tramvayın yenidən bərpa olunmasına hazırdırmı” sualına cavab vermək bir az çətinliklər yaradır”.

 
Ekspert Bakı küçələrinin tramvay üçün uyğun olduğunu bildirib:


“Əgər çəkə bilsək, niyə də olmasın? Dünyanın nəhəng şəhərlərinə səyahət edib görərsiniz ki, cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkiblər. Hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıblar. Məsələn, baxırsan ki, tramvay gedir, arxasınca da adi avtomobil hərəkət edir. Nəqliyyat vasitəsini idarə edən sürücü artıq bilir ki, tramvaya mane olmaq olmaz. Bütün bunları Bakı küçələrində tətbiq  etmək olar, ancaq işin texniki tərəfi də var. Hansı ki, tramvay xətti çəkilən küçəni təzədən gərək qazasan, dəmir yol xətti çəkilməlidir. Bildiyiniz kimi, tramvay elektrik enerjisi ilə işləyir, burda elektrik verilişi üçün xəttlər çəkilməlidir. Bütün bunlara isə külli miqdarda vəsait lazımdır. Həmin küçələrin tikinti vaxtı bağlanması, bilirsiniz nə qədər tıxaca, problemlərə, fəsadlara gətirib çıxarar?”.


Ərşad Hüseynov tək tramvay xəttini çəkməklə işlərin bitmədiyini də vurğulayıb:

“Tutaq ki, bu problemi həll edə bildik, bəs o maliyyə məsələsini həll edə biləcəyikmi? Gərək müasir tramvaylar alınsın, onların da birinin qiyməti milyon manata baha başa gəlir. Böyük, hətta deyərdim ki, şəhərin mərkəzində hektarlarla ərazini əhatə edən tramvay parkı yaradılmalıdır. Orda infrastruktur qurulmalıdır, işçi personalı olmalıdır və s.  Bu kimi problemləri həll edə bilsək, yəqin ki, əfsanəvi tramvaylar geri dönə bilər. Düşünürəm ki, şəhərin yeni küçələrində tramvay xəttini çəkmək olar və gözləyirik. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı ölkə əhalisinə xəbər verilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu