Modern.az

Musa Yaquba “Xalq şairi” fəxri adı təqdim olundu - FOTOLAR

Musa Yaquba “Xalq şairi” fəxri adı təqdim olundu - FOTOLAR

5 Sentyabr 2019, 13:18

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.

 

Modern.az xəbər verir ki, sentyabrın 5-də Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim etdi.

Nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirdi. Qeyd etdi ki, zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Musa Yaqubun xalqımızın milli ruhundan, minillik adət-ənənələrindən qaynaqlanan poeziyası vətənpərvərlik duyğuları ilə zəngindir.

 

Əbülfəs Qarayev onu diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.

“Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini dedi. Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər. Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirdi.

 

Nazir Əbülfəs Qarayev sonda bir daha Musa Yaqubu fəxri ad münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı və yeni-yeni əsərlərlə oxucularını sevindirməsini arzuladı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?