Modern.az

“Mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan” - Eks-nazirdən TƏKLİF

“Mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan” - Eks-nazirdən TƏKLİF

Mədəni̇yyət

7 Sentyabr 2019, 21:12

“Çox dəyərli bir təşəbbüs - Bakıda məşhur xeyriyyəçi, "millət atası" Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması ilə bağlı təklif artıq gerçəkləşmək üzrədir.
Bu məsələ ilə bağlı çoxdan bəri üzərində düşündüyüm bir fikri bölüşmək istərdim:
Bəlkə Hacı Zeynalabdin Tağıyevə abidəsinin ümumxalq ianəsi ilə qoyulması ilə bağlı bir təşəbbüs qrupu yaradılsın?”.

Modern.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.


“Əlbəttə, dövlətimizin iqtisadi gücü, qüdrəti və xeyirxah iradəsi qat-qat böyük layihələri maliyyələşdirməyə imkan verir.
Lakin ümumxalq istəyi və ianəsi ilə görülən hər hansı bir iş insanların ürəyindəki minnətdarlıq duyğusunun ifadəsi, milli şüurun yetkinliyi baxımından son dərəcə önəmlidir.
Tarixdə belə nümunələr az deyil”,- Vilaqət Quliyev deyib.

Səfir xatırladıb ki, "Hophopnamə"nin 1914-cü ildə çıxan ilk nəşri xalqın qəpik-qəpik, manat-manat topladığı ianə hesabına çap olunmuşdu. Moskvadakı məşhur Minin və Pojarski abidəsi də ümumxalq ianəsi ilə qoyulub.

“Hazırda Macarıstanda ümumxalq ianəsi əsasında hunların əfsanəvi lideri Atillanın şərəfinə abidə kompleksinin tikilməsi ilə bağlı geniş ictimai müzakirələr aparılır.
Azərbaycanda belə ümumxalq sevgisinə layiq ictimai xadimlərin önündə heç şübhəsiz, Hacı Zeynalabdin gəlir.
Əlbəttə, mənə deyə bilərlər ki, “sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan. Amma camaatın vəziyyəti ağırdır” və s.
Vaxtı ilə Həsən bəy Zərdabi kəndbəkənd dolaşıb məktəb üçün vəsait toplayanda qoca bir suçu dolağını açıb oradan bir neçə şahı pul çıxarmış və utana-utana Həsən bəyə uzadaraq "Gümanım gələn budur"- demişdi.
Həsən bəy "Sənin boğazından kəsib verdiyin bu bir neçə şahı zənginlərin verəcəyi (əgər versələr!) yüz manatlardan daha dəyərlidir" -deyə qocanı sakitləşdirmişdi.
Yəni hərə öz imkanına, öz ürəyinə görə!
Məncə 10 milyonluq xalq (hələ xaricdəki millətsevər soydaşlarımızı demirəm) öz xeyirxahının xatirəsini bu şəkildə əbədiləşdirməyə qadir olmalıdır. Bunu bacarsaq, cəmiyyətimizi qurd kimi yeyən laqeydlik mikrobuna da ölümcül bir zərbə vurmuş olarıq”.


Tağıyevin heykəli üçün təqdim olunan maketə gəlincə Vilayət Quliyev “doğrusu, məni o qədər də açmadı. Məncə, məşhur rus rəssamı Brodskinin çar II Nikolay tərəfindən H.Z.Tağıyevə "həqiqi mülki müşavir" çini verilməsi münasibəti ilə çəkdiyi "paradnı portreti" mərmərə, yaxud gipsə köçürməyə lüzum yoxdur” deyib.

Onun fikrincə, böyük xeyriyyəçinin daha xəlqi, Azərbaycan insanının ürəyinə daha çox yatan bir obrazını yaratmaq üzərində düşünmək lazımdır.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir