Modern.az

“Məqsədim özümün və atamın arzuların gerçəkləşdirməkdir” - Əməkdar jurnalistin Türkiyədə oxuyacaq qızı - MÜSAHİBƏ

“Məqsədim özümün və atamın arzuların gerçəkləşdirməkdir” - Əməkdar jurnalistin Türkiyədə oxuyacaq qızı - MÜSAHİBƏ

9 Sentyabr 2019, 08:58

Bu il  keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.


Modern.az
saytı ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə  müsahibələrə davam edir. Bu dəfəki həmsöhbətimiz Əməkdar jurnalist, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru  Nadir İsmayılovun qızı Şəmsiyə İsmayıllı oldu.


- Şəmsiyə, ilk olaraq səni tanıyaq?

- Mən, Şəmsiyə İsmayılllı 2002-ci il aprelin 10-da Ağdaşda anadan olmuşam. Orta məktəbə  2008-ci ildə Bakı Atatürk  Liseyində  getmişəm, 2019-cu ildə liseyi müvəffəqiyyətlə başa vurub, məzun olmuşam. Mənim uşaqlıqdan xəyalım o idi ki, türk məktəblərinin birində oxuyum. Bəlkə də Allahın bir qisməti oldu ki, orta məktəbi elə türk məktəbində oxudum. Bu il isə Türkiyənin Denizli şəhərində  yerləşən Pamukkale Universitetinin Psixologiya fakültəsinə yüksək balla  qəbul olundum. Bir məqamı da söyləyim ki, hər il Türkiyənin müxtəlif universitetlərinə qəbul olunmaq üçün Azərbaycanda imtahanlar keçirirlir. Mən özüm bu il  İstanbul, Akdeniz və Erciyez universitetlərini öz hesabıma qazanmışdım. Eyni zamanda,  Türkiyə Bursları proqramı  çərçivəsində tələb olunan mərhələləri keçərək və sonda imtahanları uğurla verərək, Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində psixoloji danışmanlıq və rəhbərlik ixtisası üzrə oxumaq şansı qazandım. Onu da deyim ki, bu il bizim məktəbdən  rekord sayda - 9 məzun Türkiyə bursu qazanıb. Fürsətdən istifadə edib bizə bu şansı verən Türkiyə dövlətinə, həmçinin bursu almaq üçün imtahanlara hazırlıq dövründə bizdən dəstəyini əsirgəməyən Türk  Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazqana və Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekinə özüm və sinif yoldaşlarım adından təşəkkür edirəm. Eyni zamanda, 7 yaşım olarkən görüşmək şansı qazandığım və həmin görüşdə “siz cocuqlar orta məktəbi yaxşı oxumalı, gedib Türkiyədə təhsil alıb, sonra Azərbaycana dönüb vətəninizə, Türk dünyasına xidmət etməlisiniz”- nəsihətini verən mərhum Turan Yazqan hocamızın və məni məktəb dəhlizlərində hər görəndə xəfif bir təbəssümlə “Şəmsiyə qızım, hər zaman özünə inan, daxilindəki gücünə inan”- deyən keçmiş mərhum müdirimiz Ali Devrim hocamızın xatirələrini ehramla anır, onlara Allahdan rəhmət diləyirəm.

Xatırladaq ki, Şəmsiyə Türkiyə Cümhuriyyətinin Xaricdəki Türklər və Əqraba İcamaları İdarəsinin (YTB) icrasına birbaşa nəzarət etdiyi, yəni ali məktəblərdə təhsil alan əcnəbi tələbələr üçün təqaüd proqramı çərçivəsində bu il  bakalavr dərəcəsi üzrə Türkiyə universitetlərində oxumaq şansı qazanan 162 azərbaycanlıdan biridir. Bu proqram çərçivəsində Türkiyə ali məktəblərində oxumaq şansı qazananlar təhsil haqqından azaddırlar. Türkiyə dövləti onları həm də pulsuz yurd (yataqxana) ilə də təmin edir.

 


-Nə üçün psixologiya ixtisasına yiyələnmək istəyirsən?


- Düşünürəm ki, Türkiyədə psixologiya üzrə universitet təhsili daha geniş və əhatəlidir. Orada  bu ixtisasa yiyələnmək   tələbələrə əlavə şanslar da yaradır. Həm magistratura, həm də xaricdə təhsil almaq üçün bir baza rolunu oynayır. Bu ixtisası mənə psixologiya müəllimim Tuğba Bıçakçı  daha da sevdirdi. Hətta deyərdim ki, bu ixtisası seçməyimdə onun böyük köməkliyi olub.  Məndə səkkizinci sinfə qədər ixtisas seçimində bir fikir ayrılığı vardı. Fikirləşirdim ki, görəsən həkim, yoxsa psixoloq olum? Lakin Tuğba hoca sinfə gəlib bizimlə söhbət edəndən  sonra  qəti şəkildə qərar verdim ki, psixoloq olacam. Çünki bu müəllim  bizə psixologiyanın bütün tərəflərini elə gözəl başa salırdı ki, mümkün deyildi ki, başqa ixtisas seçim. Hətta bir gün mənə dedi ki, “sənin iki ixtisas seçmək şansın var. Sən ya həkim, ya da bacarıqlı bir psixoloq olacaqsan. Hansını seçsən, o işdə uğur əldə edəcəksən”. Fikirləşdim ki, psixologiyanı seçməyə qərar verim. Eşidəndə ki, mən psixologiya ixtisasına qəbul olunmuşam, inanın ki, sevincindən ağladı. 

 

- Bildiyimiz qədər təhsil haqqın dövlət hesabına olacaq...

- Əslində təhsil ödənişlidir. Ancaq Türkiyə bursları proqramı çərçivəsində ali təhsil  almaq şansı əldə etdiyim üçün təhsil haqqını Türkiyə dövləti ödəyəcək. Üstəlik bu proqram çərçivəsində təhsil almaq şansı qazanan  tələbələr tələbə yataqxanasında yerləşdirilir, sağlıqla bağlı suğorta, o cümlədən  də aylıq təqaüdlə də  təmin edilirlər.

 

- Türkiyədə təhsil almaq haqqında qərarın şəxsi maraqla bağlıdır, yoxsa düşünürsən ki, xaricdə təhsil almaq daha perspektivlidir?

- Təbii ki, bizim ölkəmizdə də güclü ali təhsilə yiyələnmək mümkündür. Amma nədənsə Türkiyə təhsil sistemi məni özünə daha çox çəkir. Bəlkə də uşaqlıqdan bu istək yaranıb, ona görədir ki, ora daha çox meyl edirəm. Həm də psixologiya ixtisası üzrə təhsil almaq  üçün orada daha geniş imkanlar var. Niyə yalan deyim, şəxsi maraqlarım da var. Türkiyəni görmək, o abu-havada təhsil almaq barədə fikirləşdikcə, bu mənə sevinc gətirir. Bir sözlə, Azərbaycan qədər, Türkiyəni də çox sevirəm.


- Necə düşünürsən, xaricdə təhsil almaq tələbələrə nəyi  qazandırır?

- Fikirləşirəm ki, iş imkanlarını daha da artırır. Dünyaya baxış tərzləri dəyişir, daha geniş dünyagörüşünə  malik olurlar. Artıq danışıqlarından hiss olunur ki, bu insan xaricdə təhsil alıb. Dil səviyyələrinə gəldikdə isə ən azından bir xarici dil də olsa, öyrənmiş olurlar. Çünki ən tənbəl tələbə olsa belə, düşdüyü mühitin dilinə uyğunlaşır və o dildə danışmağı bacarır.


- Şəmsiyə, ən böyük məqsədin nədir?

- Ən böyük  məqsədim ilk növbədə  həm özümün, həm də atamın arzuların həyata keçirməkdir. Çünki  atam həmişə bizə deyərdi ki, “mənim bir arzum olub, o da Türkiyədə təhsil almaq. Lakin  xaricdə oxumaq üçün valideynlərimi  heç cürə razı sala bilmədim. Ona görə də siz gedib Türkiyədə oxuyun ki, sizinlə bərabər mənim də arzum reallaşmış olsun”.
Düşünürəm ki, mənim təhsildə qazanacağım hər bir uğur valideynlərimin uğuru deməkdir.
Bir məqsədim də var aldığım ixtisası dərindən bilmək və məşhur, bacarıqlı bir psixoloq kimi yetişməkdir. Təbii ki, universiteti bitirəndən sonra vətənimə dönüb burada işləyəcəm. Vətən övladıyamsa, vətənimə xidmət etməyi özümə bir borc bilirəm. Eyni zamanda, istəyirəm ki, təhsil aldığım müddətdə ölkəmiz haqqında həqiqətlərin təbliğində yaxından iştirak edim. Yəni bu vaxta kimi düşmənlərimiz tərəfindən başımıza gətirilmiş faciələr haqqında məlumat verim, universitetdə anım günləri təşkil edib, bu həqiqətləri ordakı tələbələrə və müəllimlərə çatdırım. Eyni zamanda, xalqımızın milli bayramlarının, xüsusilə Novruz bayramının orada da keçirilməsi üçün əlimdən gələni edəcəm.

 


Nadir İsmayılov qızı haqqında:

- İndi Şəmsiyənin boynuna iki yük düşür. Həm öz arzuların reallaşdırmalıdır, həm də mənim istəklərimi yerinə yetirməlidir. Şəmsiyyə  məktəb illərindən fəal olub, həm də yaxşı gitara da çala bilir. Hətta sosial layihələrin fəal iştirakçısı olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı “Fyüzat” jurnalının keçirdiyi yazı müsabiqəsində 2-ci yerə layiq görülüb. Həmçinin, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin qurucusu mərhum Turan Yazqanla görüş xatirələrindən bəhs edən “Mən Turanı necə gördüm” adlı məqaləsi də var. Bir ata kimi məsləhətim həmişə o olub ki, harda olursa-olsun,  vətənini, millətini, bayrağını heç zaman unutmasın. Bir valideyn kimi istəyim odur ki, başımızı ucaldacaq hərəkətlər etsin. Qızım gələcəkdə Amerikada da oxuya bilər, mən heç zaman məhdudiyyət qoymaram. Əsas odur ki, millətinə, bizə layiqli övlad olsun.


Əməkdar jurnalistin təbrik mesajı:


- Sonda bu günlərdə 10 illik yubleyini qeyd edən Modern.az saytını həm öz adımdan, həm də qızımın adından ürəkdən təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayırıq, həmişə belə zirvədə olasınız.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı