Modern.az

Müsəlmanların gücsüzlüyünün səbəbləri – II yazı

Müsəlmanların gücsüzlüyünün səbəbləri – II yazı

13 Fevral 2012, 15:58

Səxavət Əlisoy

Bu gün müsəlman dünyasının ən böyük və ciddi probleminin savadsızlıq olduğunu səmimi etiraf etmək gərəkdir. Biz, müsəlman olaraq, yalnız VIII-XIV əsrlərdə yaşayıb-yaratmış alimlərimizlə qürur duyuruq. Ancaq son altı əsrdə, xüsusən XIX-XX əsrlərdə xristian alimlərinin bizdən irəlidə olduğunu danmaq mümkün deyil. Dedik ki, bu geriliyimizin başında savadsızlığımız dayanır.

Faktlara müraciət edək.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Iqtisadi İnkişaf Fondunun açıqlamalarına görə xristian ölkələrində əhalinin oxuma-yazma səviyyəsi təxminən 90 faiz olduğu halda, müsəlman ölkələrində bu göstərici 40 faizdir. Dünyanın xristian çoxluğuna malik 15 ölkədə savad səviyyəsi 100 faizə çatıb. Acınacaqlı deyilmi ki, əhalisi 100 faiz oxuma-yazma bacaran bir müsəlman ölkəsi yoxdur.

Xristian dünyasında savadlıların 98 faizi orta təhsilə malikdir, onların da 40 faizi tələbə və universitet məzunudur. Müsəlman dünyasında bütün savadlların 50 faizi orta təhsillidir, onların da yalnız 2 faizi universitet məzunu və tələbəsidir. Müsəlman çoxluğuna malik ölkələrdə hər milyon nəfərə 230 elm adamı düşür. Amerika Birləşmiş Ştatlarında (ABŞ) hər milyon amerikalıya 4000, Yaponiyada 5000 elm adamı düşür.

Bütün bu rəqəmlər heç də quru, boş rəqəmlər deyil. Dövlətin elmə yanaşmasının, münasibətinin və verdiyi önəmin təzahü-rüdür. BMT-nin İqtisadi İnkişaf Fondunun açıqlamalarına yenidən nəzər salaq. Bütün müsəlman dünyası ümumi Daxili Məhsulun (üDM) yalnız 0,2 faizini elm üçün ayırır, xristian Qərb ölkələri isə ÜDM-nin 5 faizini elmi tədqiqatlara və araşdırmalara yönəldir. İbtidai savada malik olan hər kəs 0,2 faizlə 5 faizin fərqini götür-qoy edə bilər.

İslam Konfransı Təşkilatında (İKT) cəm olan 57 müsəlman ölkəsində birlikdə 500 universitet fəaliyyət göstərir. Orta hesabla hər üç milyon müsəlmana bir universitet düşür. Yalnız Hindistanda 8400, ABŞ-da 5758 universitet var. Müsəlman ölkəsinin bir universiteti belə dünyanın aparıcı elm müəssisələrinin siyahısında yer almır.

Dahi Nizami Gəncəvi "Qüvvət elmdədir, elmisiz bir kəs, kimsəyə üstünlük eləyə bilməz" deyib. Mövcud durum Nizaminin nə qədər müdrik olduğunu tam isbat edir. İslamın təşəkkül tapdığı ilk illərdə müsəlman alimləri Homerin, Aristotelin, Herodotun, Ptolemeyin, Arximedin və digər mütəfəkkirlərin əsərlərini ərəb dilinə tərcümə etdikdən sonra böyük vüsətlə elmin inkişifana təkan verməyə necə nail olmuşdularsa, XI-XIII əsrlərdə də xristian dünyası, xüsusən Ispaniya müsəlman alimlərinin traktatlarını öyrənərək, elmin daha da tərəqqisi üçün fəaliyyətə başladı.

Məhz müsəlman alimlərinin nailiyyətlərini mənimsədikdən sonra xristian dünyası təhsil sistemini dirçəldərək, Qərb sivilizasiyasına transfarmasiya etdi. Bu prosesə Qərbin İslamın yayılmasına qarşı müqaviməti və müsəlman birliyinin daxildən zəifləməsi də ciddi təkan verdi.

Qərbdə dövlətin xüsusi qayğısı sayəsində yeni texnologiyalar tətbiqi geniş vüsət aldığı zaman Şərqdə elm taxt-tac hərisi olan Sultanların və Xəlifələrin patronajlığında qalmaqda davam etdi.

Müsəlman hökmdarların elmə baxışında, yanaşmasında qüsurların, yanlışlıqların təzahür etməsi, İslam dinindən hakimiyyətlərin qorunub saxlanması üçün yararlanmaq istəyi elmin inkişafına mane oldu.

Müsəlman təəssübkeşliyinə arxalanıb, nostalji hisslərlə yaşayaraq, yuxarıda sadalanan faktlara- elmdə geriliyimizin əks olunduğu rəqəmlərə göz yummaq gələcəkdən biz müsəlmanlara heç də yaxşı bir şey vəd etmir.

Dünyada bir milyard yarım müsəlman, vur-tut 14 milyon yəhudi var. Ənənəvi olaraq bütün aspektlərdə müsəlman-yəhudi qarşıdurması davam etdiyindən onları misal gətirirəm. Müsəlmanlar elmdə inqilablar edəndə, müsəlman alimlərinin elmi kəşfləri bütün dünyünı heyrətləndirəndə yəhudilər meydanda görünmürdü. Bu gün az qala elmin bütün sahələrinə yəhudilər nəzarət edir. Bu gün 14 milyon yəhudi dünya elminin istiqamətlərini müəyyən edir.

Saya görə yəhudi-müsəlman nisbəti 1:110-dur. Di gəl ki, son 105 ildə fundamental elmlər sahəsində Nobel mükafatı alan yəhudilərin sayı iki yüzə yaxınlaşır. Bu mükafata layiq görülən müsəlman alimlərinin sayı isə cəmi üç nəfərdir. Səbəbi nədir?

Əhalisinin 40 faizi savada malik müsəlman dünyasından elmi ixtiralar, icadlar, nailiyyət gözləmək sadəlövhlük deyilmi? Elmin inkişafı üçün ÜDM-dən ayrılan 0,2 faiz vəsaitlə mükəmməl alim yetişdirmək olmaz. Bundan da ciddi səbəblər var. Buyurun, tanış olun.

ABŞ-ın iki aparıcı ictimai-siyasi institutu-“Amerikanın Sülh Fondu” (The Fund for Peace) və nüfuzlu "Foreigin Policy" jurnalı hər il uğursuz dövlətlərin reytinqini (Failed States Index) açıqlayır. Failed States Index ekspertləri bu reytinqi müəyyən etmək üçün bir il ərzində xüsusi metodlarla ayrı-ayrı ölkələri təhlil edirlər. Ekspertlər əsasən 12 kriteriya üzrə təhlil aparır. Bu kriteriyaılar aşağıdakılardır:

1. Yüksələn demoqrafik təzyiq;

2. Qaçqınların kütləvi miqrasiyası;

3. Narazı və qisasçılığa köklənmiş qrupların varlığı;

4. Əhalinin davamlı və permanent miqrasiyası;

5. Qeyri-düzgün iqtisadi inkişaf;

6. İqtisadiyyatın kəskin pisləşməsi;

7. Dövlətin kriminallaşması və qanunsuzluq;

8. Əhaliyə xidmət keyfiyyətinin pisləşməsi;

9. İnsan haqlarının pozulması;

10. Dövlət içində "dövlət" yaranması təhlükəsi;

11. Qrup və ya klan formasında elitanın güclənməsi;

12. Digər dövlətlərin və xarici "oyunçuların" müdaxiləsi.

Ekspertlər stabil ölkələrə sıfır (0), qeyri-stabillərə on (10) bal verməklə dünyanı  dörd rəng qrupuna bölüb:

1. Qırmızı rəng- risk səviyyəsi böhranlı olanlar- 90-120 bal;

2. Narıncı rəng- risk səviyyəsi təhlükəli olanlar- 60-89,9 bal;

3. Sarı rəng- stabil dövlətlər- 30-59,9 bal;

4. Yaşıl rəng- ən stabil dövlətlər- 29,9 bala qədər,

"Qırmızı qrupa" 114 balla (mütləq 120 balın astanasında) müsəlman ölkəsi Somali rəhbərlik edir. Somalidən başqa bu qrupda Əfqanıstan, Yəmən, Sudan, İraq, Özbəkistan, Suriya, Pakistan, Nigeriya, Kamerun yer alıb.

"Narıncı qrupa" Tacikistan, Azərbaycan, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Mavritaniya, Mərakeş, Türkiyə, Qazaxstan, İran və digər müsəlman dövlətləri daxildir.

"Sarı qrupa"- stabil dövlətlər qrupuna aid edilən 34 dövlətin yalnız dördü- Oman, Bəhreyn, Qatar və Birləşmiş Ərəb Əmirlikləri müsəlman ölkəsidir.

"Yaşıl qrupa"-ən stabil dövlətlər qrupuna layiq bilinən 15 ölkə arasında bir müsəlman ölkəsi belə yoxdur.

Müsəlman alimlərinin və ekspertlərinin bəziləri razılaşmasa da, ABŞ-ın bu iki siyasi institunun hər il hazırladığı reytinq cədvəli dövlətlərin gerçək durumuna güzgü tutur. Bu quru rəqəmlərin arxasında isə çox ciddi mətləblər gizlənir.

Heç kimə sirr deyil ki, elmin inkişafı üçün mütləq və mütləq münbit şəraitin olması vacibdir. "Münbit şərait" dedikdə nə başa düşülür? Təbii ki, ilk növbədə dövlətin elmin tərəqqisi üçün ayırdığı vəsait və ölkədə stabilliyin varlığı ağıla gəlir. Hələ də feodal qayda-qanunlarla yaşayan, dünyada, müsəlman aləmində varlığı o qədər də hiss olunmayan "cırtdan" dövlətləri- Omanı, Qatarı, Bəhreyni bə Birləşmiş Ərəb Əmirliklərini kənara qoysaq, bir samballı müsəlman dövlətinin adının stabil və ən stabil dövlətlər cərgəsində yer almamasının adı nədir?

Elm stabillikdə, demokratiyada doğulur. Bunu hər bir şüurlu bəşər övladı yaxşı dərk edir. Bu gün ABŞ başda olmaqla aparıcı Qərb dövlətlərinin demək olar ki, hamısında stabillik hökm sürdüyündən, demokratiya tam oturuşduğunda elmin inkişafı avtomatik olaraq zirvəyə doğru irəliləyir.

Bu gün müsəlman ölkələrinin əksəriyyətində demokratik dəyərlər məqbul sayılmadığından, stabillik bərqərar olmadığından elm sürətlə aşağıya yuvarlanır. Bu bir reallıqdır, daha doğrusu müsəlman dünyasının ən böyük problemlərindən biridir. Problemin aradan qaldırılması üçün böyük zəhmət tələb olunur. Min təəssüf ki, İslam Konfransı Təşkilatına (İKT) daxil olan dövlətlər savadsızlıq problemini həll etmək üçün effekli qərarlar qəbul etmir.

Çünki, bu dövlətlərin əksəriyyəti demokratiyanı sərhədlərinə yaxın buraxmağa belə maraqlı deyil. Hakimiyyət hərisliyi həm demokratiyanın, həm stabilliyin, eyni zamanda elmin bərqərar olmasına imkan vermir. İKT-yə daxil olan dövlətlərin siyahısına nəzər salanda demokratiya ilə yanaşı stabillik və elm də çox gözəl görünür.

Davamı olacaq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir