Modern.az

Jurnalistlər Səbinə Babayevanın “Eurovision-2012”yə seçilməsinə qiymət verdilər

Jurnalistlər Səbinə Babayevanın “Eurovision-2012”yə seçilməsinə qiymət verdilər

13 Fevral 2012, 16:24

Azərbaycanı  “Eurovision-2012” də təmsil edəcək finalçı fevral ayının 12-də Heydər Əliyev adına sarayda müəyyən edildi. Azərbaycanı bu mötəbər yarışmada Səbinə Babayeva təmsil edəcək.

Qeyd edək ki, finalda “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə apardılar. 

S. Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf  Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə  Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda  “Gran Pri” mükafatına layiq görülüb.

Bəs Azərbaycanın mədəniyyət yazarları müsabiqənin nəticəsindən razı qaldılarmı?

Bu barədə Modern.az saytına danışan “Mərkəz” qəzetinin əməkdaşı Cəvahir  Səlimqızı nəticələrdən razı qaldığını bildirdi.

“Səbinə həm istedadlı, həm də vizual baxımdan cazibədar xanımdır. Bu da “Eurovision” müsabiqəsinin kriteriyalarına uyğun gəlir. Mən hesab edirəm ki, onun səs tembri, səs effekti, ifa manerası çox güclüdür. Digər iştirakçılardan istedadına görə heç də geri qalmır.  Finalçıların hamısı istedadlı, yaxşı gənclər idi. Səbinə də layiqli təmsilçidir, həm də o musiqi təhsili görüb, sıradan biri deyil. İnanıram ki, “Eurovision” müsabiqəsində Azərbaycanı layiqincə təmsil edəcək. Kimliyindən asılı olmayaraq, bizdən ancaq uğur diləmək qalır”.

Milli.az saytının əməkdaşı Şahin Cavadsoy:  “Biz Səbinənin “Eurovision” müsabiqəsində iştirakını çoxdan gözləyirdik. Dünən də onun performansına çox həvəslə baxdım. “Şüştər” təsnifini çox gözəl oxudu, o həm Azərbaycan, həm də xarici mahnıları çox gözəl ifa edir, fərqli ifaçıdır. Məncə finalçıların arasında Səbinə daha da istedadlıdır. Ümid edirəm ki, may ayına qədər peşəkar komandayla daha yaxşı hazırlaşar, gözəl çıxış edər. Mən çox istərdim ki, “Eurovision-2012”nin adı Səbinə Babayevanın adı ilə bağlansın. Yenidən Azərbaycana qələbə gətirsin, ölkəmiz üçün qələbə sevinci yenidən təkrar olunsun”.
 
Milli Seçimdə Münsiflər Heyətinin üzvü, bəstəkar Faiq Sücəddinov Modern.az saytına  Səbinənin seçimindən razı qaldığını bildirib.
“Bizim hamımız Səbinəyə səs verdik. Və inşallah 2012-ci ildə təmsilçimiz olacaq”.  

F.Sücəddinov əvvəlki illərlə müqayisədə bu ilin hazırlıq proseslərində fərqlərin olduğunu bildirib. Bəstəkar əvvəlki illərdə müsabiqəyə qatılmaq istəyənlərin daha yaxşı səsləri olduğunu deyir:
“Amma şükürlər olsun ki, seçimimiz düzgün oldu, məncə Səbinə müsabiqədə çox gözəl çıxış edəcək”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır