Modern.az

AZAL menyusu ilə 111 aviaşirkət arasında 2-ci oldu

AZAL menyusu ilə 111 aviaşirkət arasında 2-ci oldu

9 Sentyabr 2019, 16:27

Təyyarə göyərtəsində təklif olunan xüsusi menyuların çeşidinə görə hava yolları şirkətlərinin reytinqi tərtib olunub.

 

Mütəxəssislər Rusiyadan uçan 111 aviaşirkətin menyusunu araşdıraraq bu sıralamanı hazırlayıblar.  Aviaşirkətlər arasında 25 Rusiya hava yolu şirkəti də olub. Modern.az Rusiya mətbuatına istinadən məlumat verir ki, hava yolları şirkətləri hər xüsusi yemək seçimi üçün bir xal alıblar. Mümkün olan ən yüksək xal  isə 27 olub.

 

Bu göstəriciyə ən yaxın aviaşirkət olaraq Sinqapur Hava Yolları seçilib. Sözügedən aviaşirkət sərnişinlərə 26 çeşiddə xüsusi menyu təklif etdiyinə görə siyahıda 1-ci olub. İkincilik isə Azərbaycan Hava Yollarına (AZAL)  verilib. AZAL 25 çeşiddə xüsusi menyu təklif edir.

 

İlk üçlükdə 23 xüsusi menyu seçimi olan JAL (Yaponiya) yer alıb. İlk beşliyə Çin Hava Yolları və Korean Air (22 çeşid) də daxil edilib.

 Qeyd edək ki, xüsusi menyular üçün bu cür seçimlər Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən müəyyənləşdirilib. “Aeroflot” isə göyərtəsində olan xüsusi yemək seçimlərinə görə beynəlxalq reytinqdə 20-ci yeri, Rusiya aviaşirkətləri arasında isə birinci yeri tutub.

 

Ümumilikdə Rusiyadan yola çıxan sərnişinlər 71 aviaşirkətdə xüsusi menyu sifariş edə bilərlər. Bu növlərə uşaq, vegetarian, pəhriz, dini və s. xüsusi yemək menyuları daxildir. 71 aviaşirkətin 15-də belə menyuları yalnız pulla almaq və ya biznes-sinif uçuşlarında sifariş etmək olar.

 

Xüsusi menyunun ən geniş yayılmış növü vegetarian qidalar seçimidir ki, bunu da  58 aviaşirkət təklif edir.

 

Rusiyadan uçan aviaşirkətlərin yarıdan çoxu sərnişinlərinin sağlamlıq vəziyyətlərini nəzərə alaraq xüsusi diyet əsasında hazırlanan və ya allergen olmayan menyu seçimi təklif edirlər. Sərnişinlər həmin aviaşirkətlərdən tərkibində laktoza, qlüten, yağ və ya duz olmayan yeməkləri sifariş edə bilərlər.

 

Rəna KƏRİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir