Modern.az

Nazirlik açıqlama verdi: “Səyyar sığınacaqlara 105 nəfər sığınıb” - FOTOLAR

Nazirlik açıqlama verdi: “Səyyar sığınacaqlara 105 nəfər sığınıb” - FOTOLAR

13 Fevral 2012, 17:43

Məlum olduğu kimi, respublika ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 10-dan etibarən Bakı şəhərinin Nərimanov, Nəsimi, Xətai, Xəzər və Nizami rayonlarında səyyar sığınacaqlar yaradılıb.

Kəskin hava şəraiti səbəbindən yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlara gələrək 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin edilirlər.

Paytaxtın bu və ya digər yerində olmasından asılı olmayaraq, ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142 nömrəli “Qaynar xətt”  vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunur və onlar qısa müddət ərzində sığınacaqlara gətirilir, onlara qeyd olunan xidmətlər göstərilir. 

“Məlumat üçün bildirək ki, sığınacaqlar Bakının Nərimanov rayonunda, Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11, Nəsimi rayonunda Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69, Xətai rayonunda Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20, Xəzər rayonunda Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18 və Nizami rayonunda Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118 ünvanlarında yerləşir.
13 fevral 2012-ci il tarixədək sığınacaqlarda ümumilikdə 105 nəfər şəxs isti qidalarla, istiliklə, lazım olduqda tibbi xidmətlə təmin olunub. Onlardan 34 nəfər, o cümlədən 25 nəfər yaşayış və ya gecələmək üçün yeri olmayan şəxs (bomj)  sığınacaqlarda gecələyib. 
"142-Qaynar xətt" vasitəsilə olduqları yer haqqında məlumat alınmaqla gətirilib sığınacaqlarda yerləşdirilənlərin sayı 11 nəfər təşkil edib”-deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirlib.





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir