Modern.az

Pərvin: “Braziliya serialları səviyyəsində sevişmə yazmaq mənlik deyil” - MÜSAHİBƏ

Pərvin: “Braziliya serialları səviyyəsində sevişmə yazmaq mənlik deyil” - MÜSAHİBƏ

10 Sentyabr 2019, 11:56

“Qadına insan yaratmaq istedadı verilib və əsas missiyası budur…”

“O kitabım “Qadın olmaq”  adlanır, amma kişilər üçündür…”


Modern.az
 saytında mədəniyyət, ədəbiyyat və incəsənətin təbliğinə doğru istiqamətlənmiş “Art Time” rubrikası davam edir. Budəfəki müsahibimiz gənc yazıçı, esseist Pərvin Nurəliyevadır.

- Sizə görə Pərvin Nurəliyeva bir yazıçı, bir qadın, yoxsa bir ana kimi daha xoşbəxdir?

- Şübhəsiz ana kimi. Təkcə elə oğlumun gülüşü içimi işıqla doldurur, gələcəyə aid ümidlərimi artırır, məni səfərbər edir. Amma əlbəttə Qadınlıq bunların təməlidir. Qadın olduğumu dərk və hiss edəndə yazmaq da, valideynlik də ayrı və üstün bir məna alır.


- Yazıçı olmaq üçün nədən başlamaq lazımdır?

- Yazıçı olmağımızı Allah bizdən əvvəl istəməyibsə, heç nədən. Yəni mən istedadın hardansa Yuxarıdan verildiyinə əminəm. Çalışmaqla, özündən sənətkar düzəltməklə deyil. Amma əgər o istedad varsa, daxili bir ehtiyac hiss edirsənsə, yazmasam yaşaya bilmərəm – deyirsənsə, onda oxumaqdan, mütaliədən başlamaq lazımdı. Ən azı ona görə ki öz yolunu müəyyənləşdirəsən… Səndən öncə nələrin necə yazıldığını biləsən.


- Sizə görə nə üçün qadınlar ədəbiyyatda adətən uğursuz olurlar?

- Bu haqda birmənalı hökm vermək olmaz. Əlbəttə dünyada Şekspir, Servantes, Tolstoy, yaxud Füzuli səviyyəsində qadın yazıçı, şair yoxdu. Amma bununla belə dünyanın gedişinə, inkişafına təsir etmiş qadın qələm adamları da az deyil. Elə Nobel mükafatçıları siyahısındakı qadınları sadalasaq, buna əmin olarıq. Bir də görünür təbiətin də rolu var bu məsələdə. Qadına insan yaratmaq istedadı verilib və əsas missiya budur…  


- 2015-ci ildə çap olunan “Qadın olmaq” kitabınızda dünyanın bir çox məşhur qadınlarının həyat hekayələri öz əksini tapıb. Bir qadını uğurlu və uğursuz edən nədir?


- Bu haqda resept verməkdə acizəm. Yüzlərlə səbəblər birləşib uğura, yaxud uğursuzluğa xidmət edir. Görünür hər şey ailədən başlayır…
Valideynlər qızların tərbiyəsinə, təhsilinə xüsusi fikir verməlidirlər. Təbiətin zərif olaraq yaratdığının zəif kimi böyüməsinə, formalaşmasına, özünü aciz hiss etməsinə imkan verməməlidirlər. Bu mənada özümü bəxti gətirmiş qadın hesab edirəm. Çünki uşaqlığımı yadıma salanda mənə elə gəlir ki, xüsusi proqramla böyüdüblər məni. Görünür sizin uğur adlandırdığınızın bir çox səbəbləri elə o proqramdan gəlir…


- “Qadın olmaq”kitabınızda həyat hekayələrini canlandırdığınız qadınlardan sizə ən yaxın olanı hansıdır və nə üçün?

- Ümumiyyətlə özümə yaxın bilmədiyim, hiss etmədiyim hansısa mövzuda yazmıram. Ona görə kimdən yazmışamsa, hansısa cəhəti, yaxud bioqrafiyasındakı, fəaliyyətindəki hansısa fakt təsirləndirib məni. “Qadın olmaq” kitabındakı qəhrəmanlarımın da hərəsi bir cəhəti ilə MƏNİMdir.
Jorj Sandın liman boyu qaçıb gəmiçilərdən xəstə Şopeni göyərtəyə götürmələrini yalvararaq istəməsi, fədakarlığı…
Yaxud Fridanın bütün fiziki və mənəvi əzablarına baxmayaraq təslim olmaması…
Diananın xeyirxahlığı, mərdliyi, Qreys Kellinin zövqü, zərifliyi, Aysedora Dunkanın cəsarəti və s. sadaladıqca sadalamaq olar…
Amma etiraf edim ki, yazdıqca bu qadınlara meydan oxumağım da, səhvlərini tapmağım da olub… Bu da görünür qadın xisləti, eqosudur.       


-  Məhz bu kitabınızın üz qabığında yazılıb ki, kitab insan münasibətlərinin gizlin alt qatlarını təhlil edir. Belə çıxır ki, kitab qadınlar haqqında yazılsa da, bütün insanlar ondan bəhrələnə bilər?

- “Bəhrələnmək” sözü bilmirəm nə dərəcədə uyğundur. Amma hər halda bu kitab haqqında hər zaman zarafatla dediyim bir söz var. “Qadın olmaq”  adlanır, amma kişilər üçündür… Görünür bu zarafatda ciddi məqam da var. Bəlkə ona görə ki, müxtəlif qadın xarakterlərini ardıcıl oxumağın o böyük suala – qadın nə istəyir – sualına cavab tapmaqda faydası ola bilər.


- Belə çıxır ki,  kitab əks cinsin nümayəndələrinə qadınları tanımaqda kömək edə bilər?

- Demək çətindir. Məncə qadınları anlamaq üçün onlar haqqında düşünmək lazımdı. Bəlkə də haqlısız ki, bu kitab qadınlar haqqında düşündürməklə onları anlada bilər …


- “Qadın olmaq” kitabı gözlədiyiniz nəticələri verdi?

- Doğrusu yazanda hansısa nəticəni gözləmirəm. Sadəcə, yazmaqdan, çalışmaqdan, düşündüklərimi ifadə etməkdən rahatlıq tapıram, hətta xoşbəxt də oluram… Kitabların isə sadəcə oxunmasını arzulayıram. 


- Elə yazıçılar var ki, illər keçdikcə, daha çox püxtələşir və öncəki illərdə yazdıqları əsərlərə tənqidi münasibət bəsləyirlər. Bəs sizdə bu kimi hallar olur?

- Nəinki illər öncə, dünən yazdığıma da tənqidi olur münasibətim. Həmişə daha yaxşı yazmağın mümkünlüyünə inanıram və öz üzərimdə fasiləsiz işləyirəm, daha ciddi və məsuliyyətli olmağa çalışıram.


- Ölkə Prezidentinin 2 Fevral Gənclər günündə mükafatlandırdığı yeganə  gənc yazıçısınız. Bu barədə fikirlərinizi öyrənmək istərdik…

- 29 yaşımda belə bir mükafata layiq görülmək mənim üçün çox böyük sevinc və məsuliyyət olub… Ondan bir il sonra da Mətbuat günündə ölkə Prezidentinin sərəncamı ilə Fəxri fərman almışam… Mükafatlar hər zaman stimuldu, amma onlara layiq olmaq və sayıqlığı itirməmək son dərəcə mühümdür. Çalışıram ki, öz işimlə məşğul olum…

- Yaradıcılığınız göründüyü qədər çoxşaxəlidir. Həm nəsr, həm də dram əsərləri yazırsınız. Sizcə hansı daha yaxşıdır? Nasir, yoxsa dramaturq?

- Bu, xeyli dərəcədə ovqatdan asılıdır. Həm də özümün özümə verdiyim sifarişdən. Yəni beynimi hansı istiqamətdə çalışdırmağımdan asılı olaraq, hansısa mövzular, yazılar ortaya çıxır... Son vaxtlarda ardıcıl pyeslər yazdım, amma həm də nəsr kitabımı çapa hazırladığım üçün yarımçıq hekayələrimi bitirmək niyyətim var. Bir sözlə vacib olan işləməkdi, janrın, növün bir fərqi yoxdur.


- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Yuğ Teatrında pyesləriniz tamaşaya qoyulub. Tamaşaya qoyulan bu pyeslər uğurlu hesab edirsiniz? Pyeslər nəyə hesablanmışdır?

- Pyeslər heç nəyə hesablanmayıb. Sadəcə teatrların, rejissorların tövsiyəsi və öz arzularım birləşib bu pyeslər yazılıb. Bir müddət teatrlarda uşaq pyesləri ilə bağlı boşluq vardı. O zaman rejissor Bəhram Osmanovun məsləhəti ilə bir neçə uşaq pyesi yazdım, bu gün də həmin tamaşalar teatrın repertuarındadır. Həmçinin, son vaxtlarda Puşkinin “Balıqçı və balığın nağılı” poemasının motivləri əsasında “Qızıl balıq”, ərəb xalq nağılları əsasında “Sindibadın sərgüzəştləri”ni yazmışam. Böyüklər üçün yazılan pyeslər də müxtəlif səbəblərdən yaranıb, səhnədə reallaşıb. Ümumiyyətlə isə tamaşa dramaturqun yox, rejissorun əsəridir. Ona görə özümü bu sarıdan bəxti gətirmiş adam hesab edirəm. Çalışdığım rejissorlar mətnlərin səhnə həllini çox uğurlu ediblər, ona görə tamaşalar da maraqla qarşılanıb.


- Bəhram Osmanov, Ramiz Həsənoğlu kimi məşhur  Azərbaycan rejissorları ilə işləmisiniz. Onlarla işləməkdən qazandığınız təcrübə sizə yazıçı kimi təsir edibmi?

- Əlbəttə, çox. Ən azı ona görə ki, bu sənətkarların mənim yaşımdan da artıq sənət təcrübələri var. Onlarla söhbətlərimdə, birgə işlərimizdə suallarıma cavab tapmağa, öyrənməyə çalışmışam. Eyni zamanda bu cür sənətkarlarla çalışmaq mənə uğur gətirib. Misal üçün elə təkcə Ramiz Həsənoğlunun quruluş verdiyi “Sonuncu” tamaşası yeni-yeni insanları, sənətsevərləri tanımağıma vasitəçi olub. Həm də sənətin müəyyən sirrlərini də iştirak etdiyim məşqlərdə, quruluş prosesində öyrənmişəm. Həmçinin Bəhram müəllimin quruluş verdiyi  “Nənələr ərə gedir” mənə çox böyük uğur gətirib. 


- Hansı daha çətindir - böyüklər üçün, yoxsa uşaqlar üçün əsər yaratmaq?

- Ümumiyyətlə, yaradıcılıq heç zaman sadə, asan ola bilməz. Uşaqların həssaslığı, kövrəkliyi hər zaman nəzərə alınmalıdır. Bunu uşaq pyeslərimdə həmişə düşünürəm. Uşağın qanını qaraltmaq olmaz. Həyatın hansısa çətin tərəflərini, amansızlıqlarını göstərmək tezdi hələ. Zamanı gələndə oxuduğu kitablardan da, şəxsi təcrübəsindən də bunları öyrənəcək. Ona görə uşaqları güldürmək, sevindirmək, əyləndirmək əsas şərtdir. Müasir texnika əsrinin uşaqları ilə isə bu sadə deyil. Böyüklər üçün yazanda isə daha az şərt qoyulur qarşıya… Orda daha sərbəst oluram…


- Bu yaxınlarda  Gənc Tamaşaçılar Teatrında Ayla Osmanovanın quruluş verdiyi “Mən öləndə ağlama” adlı pyesiniz səhnəyə qoyuldu. Özündə postmodern cizgiləri daşıyan bu pyes sizcə, Azərbaycan tamaşaçısının zövqündə yaranan boşluqu doldurdumu? Yoxsa daha mükəmməl bir əsər ortaya qoymaq niyyətindəsiniz?

- “Mən öləndə, ağlama” tamaşaçı üçün nə etdi, deyə bilmərəm. Hər halda hər tamaşadan sonra gələnlərin getmək istəməməsi, aktrisa Səbinə Məmmədovanı buraxmaması, dedikləri xoş sözlər sevindirir. Amma boşluq doldurmaq iddiamız olmayıb. Bəlkə əslində bu iş mənim həyatımdakı boşluğu doldurdu. Mən yaradıcılıqla-sənətlə həyatın birləşib insanı necə hallara saldığını, ona necə təsir etdiyini gördüm, anladım, yaşadım. Eyni zamanda bu tamaşa hər üç qadının – Mənim, Aylanın və Səbinənin fikrində, düşüncəsində növbəti mərhələ, pillə, mərtəbə oldu. Ona görə hesab edirəm ki, bu iş bizim üçün həyati əhəmiyyətli oldu. Mən hər zaman pozitiv olan və illər öncə “Dəcəl keçi” uşaq pyesimə çox oynaq, şıltaq bir quruluş verən Aylanın daxili aləmini anladım, gördüm, kəşf etdim özüm üçün. Həmçinin Leyli, Gövhərtac, elə Dəcəl keçi obrazları ilə sevdiyim Səbinə Məmmədova mənim aktrisamdan mənim ADAMıma çevrildi. Sualınızın digər hissəsinə isə cavab verib deyə bilərəm ki, yenə bu üçlük  - Pərvin, Ayla, Səbinə - yeni və daha qəliz əsər ortaya qoymaq istəyirik... Sevginin nifrətə, cəsarətin qorxaqlığa, xoşbəxtliyin qısqanclığa qarışdığı bir əsər olmalıdı... Bu lap serial reklamına bənzədi...(gülür)


- Bəs ölkə xaricində hər hansı bir teatrla əməkdaşlıq edirsiniz?

- Əməkdaşlıqlar üçün müxtəlif danışıqlar gedir. Əlbəttə öncə Türkiyə teatrları ilə əlaqələr yaratmağa çalışırıq.

-  “Qar yağacaq”, “Qadın olmaq”, “Səhnə” kitablarınız arasından sizə ən çox gəlir gətirən hansı oldu?


 - Söhbət maddi gəlirdən gedirsə, heç biri. Bizdə kitabların satışından əldə olunan gəlir haqda danışmaq gülməlidir. Ona görə bu mövzuda susmağa üstünlük verirəm… (gülür)


- Mütaliə ədəbiyyatın anası, ədəbiyyat isə həyatın özüdür. Əsərlərinizi incələdikdə dərin mütaliəyə malik olduğunuzu görürük. Bəs həyat özü sizi ədəbiyyata gətirdi yoxsa  mütaliə əzminiz?

 - Mütaliə etməklə yaxşı və intellektual oxucu olmaq mümkündü, yazıçı yox. Hardansa yuxarıdan deyilmişdi görünür. Həm də qarşıma çıxan yaxşı adamların da, ailəmin də, əzizlərimin də dəstəyi çox mühümdür.


- Eyni zamanda həm Azərbaycan Pedaqoji Universitetində müəllim, həm Gənc Tamaşaçılar Teatrında mətbuat katibi və həm də “525-ci qəzet”in yazarı olaraq çalışırsınız. Üç işdə çalışmaq sizin yaradıcı fəaliyyətinizə mane olmur ki?


- Bunların elə üçü də yaradıcılıq işi deyilmi… Əksinə, bir-birinə qida, mövzu verən sahələrdir. Həm də bunların üçü də məndən ötrü məktəbdir. Səhər tezdən evdən çıxıb universitetə gedirəm, dərsimi deyirəm, təkcə tələbə məndən yox, mən də ondan öyrənirəm. Sonra teatra gedib ordakı mətbuatla bağlı məsələləri yoluna qoyuram. Ordakı sənətkarlardan da öyrənirəm, məşq prosesslərini izlədikcə, reportajlar yazdıqca, tamaşanın necə söz-söz, cümlə-cümlə təhlil olunduğunu gördükcə, min bir ideya yaranır. Hələ üstəgəl axşam tamaşalara baxmaq, auditoriyanın reaksiyasını izləmək, sözə çevirmək, yazmaq bunlar haqda… Və nəhayət 525-ci qəzetə yazmaq. Bütün bunları iş kimi qəbul etsəm, çətin olar, amma mən bunların hər biri ilə yaşayıram…  


- Bəlkə bir neçə işdə çalışmanıza səbəb Azərbaycandakı əksər yazarların qarşılaşdığı maddiyyat problemidir?

- Bu məqamda mənəvi qazancın mühümlüyü haqda  istənilən pafoslu bəyanat gülməli görünər… Gənc ailə üçün maddiyyatın mənası var əlbəttə. Amma səmimi deyirəm ki, universitetdə dərs demək, yaxud yazı yazmaq və ya teatrda çalışmaq planlaşdıranda maddi tərəfi o qədər də düşünməmişəm… Sizə bir sirr açım ki, universitetdə dərs deməkdən ötrü çox uzun müddət aşağı maaşlı işdə səbrlə çalışmışam. Elə o vaxtlarda yaxınlıqdakı ofisdə daha yüksək məvacibli iş təklif olunmuşdu, amma bilirdim ki, universitetdən çıxsam, yenidən bu sahəyə qayıtmaq sadə olmayacaq. Ona görə heç hara tələsmədən gözləyirdim. Bir daha deyirəm ki, maddi tərəfin mənası var, amma hər şeydən vacib olan gördüyüm işdən zövq almağımdı.


- Xalq Yazıçısı Anarın əsərlərini uzun müddət tədqiq etmisiniz. Məhz Anarla bağlı müəllifi olduğunuz kitabları oxucu rəfinin bir küncünə, digərlərini isə əks küncünə yığsaq, sizcə hansı daha ağır gələr?

- Anar müəllimin məşhur qəhrəmanı “balıq Nadir” kimi kitabların çəkisini ölçmək təcrübəm yoxdu (gülür)… Amma deyə bilərəm ki, Anar yaradıcılığı ətrafında araşdırmalarım, “Anar dünyası” kitabım və yazıçının kitablarına yazdığım onlarla ön söz, resenziya mənə çox müsbət təsir edib. Anarın əsərləri ilə bir az daha böyümüşəm, özümü, sənəti  və Azərbaycanı daha yaxından anlamağa çalışmışam. 


- Bir çox gənclər var ki, əsərlərini erotika  üzərində qurmaqla gündəmə gəlirlər. Sizin əsərlərinizdə isə bu cür hallar yoxdur. Bu mental dəyərlərimizə olan sədaqətinizdən, yoxsa ucuz yolla gündəmi zəbt etmək istəməməyinizdən irəli gəlir?

- Hansısa məqamda “açıq danışmaq” süjetin tələbidirsə, yazmaq da olar əlbəttə. Amma hər zaman söyləyirəm ki, nə yazmaq yox, necə yazmaq əsas şərtdir. Sadəcə gündəmə gəlmək üçün bayağı və şit üslubda, Braziliya serialları səviyyəsində sevişmə yazmaq mənlik deyil… Gündəmi isə zəbt etmək istəyim heç zaman olmayıb…


- Hər bir müəllifi sevən və sevməyən oxucular olur. Bəzən yersiz tənqidlərə tuşlanan əsərlər,  ya da qısqanclıqla qınanılan müəlliflər olur. Bəs Pərvin Nurəliyevanın bu kimi hallara qarşı reaksiyası necə olur?

- Heç bir reaksiyam olmur. Ən gözəl reaksiya reaksiyasızlıqdır. Kiməsə nə isə sübut etmək lazımsız işdir. Sevmək, yaxud sevməmək, qəbul etmək ya da etməmək hər kəsin şəxsi işidir… Ona görə çox sakit baxıram bu məsələlərə. Əsas odur ki, təhqir, böhtan olmasın. Şükür ki, bu kimi hallarla qarşılaşmamışam.


- Nə üçün Pərvin xanım bu gün Azərbaycanın ən məşhur qadın yazarıdır? Əgər siz daha gənc nəsildən olan bir yazarda Pərvin olmaq iddiasını və ya həvəsini görsəniz, bunu necə qarşılayarsınız?

- Qətiyyən belə hesab etmirəm ki, ən məşhur qadın yazaram. Ümumiyyətlə belə ifadələr, məşhurluq ölçüləri filan çox qorxudur məni. Yaradıcılığa necə ziyan olduğunu bilirəm ona görə. Mən sadəcə sevdiyim işlə məşğul oluram və yazılarım hansısa əks-səda doğurursa, oxunursa, kimlərinsə diqqətin cəlb edirsə, bu bonusdu, əlavə xoşbəxtlikdi, vəssalam. O ki qaldı yeni gələn gənc xanımların siz dediyiniz kimi – Pərvin olmaq həvəsinə, bunu kimdə görsəm, yarızarafat, yarıciddi bircə cümlə deyərəm: Heç məsləhət deyil…


- Az qonarar, çox çalışmaq.. Yuxusuz gecələr.. Bəzən də tənqid…Göz yaşları..Yorğun təbəssüm... Bütün bunların sonunda əsərdən alına biləcək mənəvi zövq.... -Bir qadını bütün bunları yaşamağa nə sövq edə bilər?

- Yorğun təbəssümü yaxşı dediniz amma… Əsas odur ki, yorğun da olsa, təbəssüm var. Bəlkə elə həyatdan havayı alınan zövqlərin siyahısı qısaldıqca, yorğun təbəssümdən ötrü yuxusuz gecələr, göz yaşı xərcləməli oluruq…

 

- Yazarların bir çoxu peşənin çətinliyini bildikləri üçün övladlarını gələcəkdə bu peşəni seçməyə qoymurlar. Bəs siz yeganə övladınızın öz peşənizi seçməsini istərdinizmi?

- Mən nəyisə qadağan etməyin tərəfdarı deyiləm və bunu mənasız iş hesab edirəm. Oğlum süfrə dəsmalından gül düzəldəndə yaradıcı fantaziyasını hiss edirəm və bu haqda düşünürəm.
Əlbəttə,  istəməzdim yazıçı olsun, atasının yolu ilə gedib dəqiq elmlər sahəsini, kompüter texnologiyaları üzrə mütəxəssisliyi seçməsini istərdim. Amma bu mənim istəyimlə olan iş deyil… Söhbətimizi də elə bundan başlamışdıq ki, Allah istəməlidi hər şeydən əvvəl…


- Bəzən məişət qayğıları ya imkansızlıq ya da həyat yoldaşlarının qısqanclığı qadınlara yaradıcılıqda mane olur. Bəs bir qadın kimi sadalanan hallardan hansı biri sizə mane olur?

- Sadaladıqlarınızın hər biri. Mən də bu mühitdə yaşayıram, məişət qayğılarım da başımdan aşır, imkansızlığın da nə demək olduğun yaxşı bilirəm. Üstəgəl həyat yoldaşım da azərbaycanlıdır. Amma hansısa maneələrin ortaya çıxması yaradıcılıqdan imtina etməyə gətirib çıxarmamalıdır. Yəni sən olduğun yerdə, məqamda, ovqatda yazmağı öyrənməlisən… Təxminən nəfəs almaq kimi!


- Zirvənin yolları enişli və yoxuşlu olur. Əgər bu yollar hamardırsa, deməli sən zirvədə deyilsən. Sizi zirvəyə aparan yolda ən böyük çətinliyiniz nə olub?

 - Yenə mənim üçün çox qorxulu ifadələr işlədirsiz. Hansı zirvədən söhbət gedir? Məncə heç klassiklər də indi dirilib gəlib uğurlarına baxsalar, zirvə anlayışını qəbul etməzlər. Ümumiyyətlə sənət və həyat yolu heç zaman hamar ola bilməz. Hər kəsin özünə görə çətinlikləri, problemləri var. Mən də yaşaya-yaşaya hansısa çətinlikləri həll etməyə, dərdə, ağrıya çevirməməyə, bəzən də yazılarda ifadə edib azad olmağa çalışmışam. Və hələ bu, olduğum məqam yolun başlanğıcıdı… Yaşanmalı hisslər, hadisələr, görüləsi işlər hədsiz çoxdu…


- Hansı səmimi etirafınızı bizimlə paylaşmaq istərdiniz? Mümkünsə ilk dəfə səsləniləcək bir fikir olsun…

- Bütün suallarınıza səmimi cavab verdim... Bəlkə elə hər sualın cavabı öz-özlüyündə etirafdır...



Leyla ŞAH

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar