Modern.az

Saytların kölgəsində qalan bloqlar...

Saytların kölgəsində qalan bloqlar...

10 Sentyabr 2019, 15:06

Hazırda dünyada 1.6 milyarddan artıq sayt var. Lakin bu saytların dəqiq neçə faizinin işlək olduğunu təyin etmək mümkün deyil. Bu saytlar arasında bloqlar da xüsusi çəkiyə sahibdir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün dünyada sosial şəbəkə elementləri daşıyan platformalarda təxminən 500 milyondan çox bloq mövcuddur. Bunlardan 440 milyonu ən böyük mikrobloq xidməti olan “Tumblr”, 60 milyonu “WordPress”, 2.5 milyonu isə digər şəbəkələrin payına düşür.

 

Nazirlikdən bildirilib ki, Azərbaycanda isə bloqların rəsmi statistikası aparılmır.

Amma maraqlıdır ki, son zamanlar həm xarici ölkələrdə, həm də Azərbaycanda “WordPress” şəbəkəsinə daxil olan şəxsi bloqların sayı çoxalır. İnsanlar öz bloqunu yaradaraq, orada müxtəlif mövzularda məqalələr, informasiyalar, fotoşəkillər və s. paylaşırlar. Bu bloqların izləyiciləri də kifayət qədər çoxdur.

Daha çox bir istiqamət, konkret mövzu üzərində qurulmuş fəaliyyəti əks etdirən bloq yazarları bundan pul da qazana bilirlər. Siyasət, sosial, incəsənət, İT mövzularına həsr edilmiş ayrı-ayrı bloqlara daha çox rast gəlmək mümkündür.

 

Bloqlar haqqında ətraflı məlumat almaq üçün ən aktiv azərbaycanlı bloq yazarlarına müraciət etdik. Xaricdə yaşayan jurnalist Vahid Qazi bloqunu 2011-ci ildə yaradıb:

“Bloqu Şəbnəm adlı bir gənc dostum yaratdı, yazıları yerləşdirməyin qaydalarını öyrətdi. Dizaynı da elə ilk vaxtdan qalandır. Əsas məqsədim yazılarımı, məqalələrimi arxivləşdirmək, bir yerə cəmləmək idi. Təzə yazılarla yanaşı, köhnə yazıları, aldığım və verdiyim müsahibələri, kitablarımı, foto-reportajlarımı və s. orada topladım. Oxuculara təqdim etmək həvəsi tədricən yarandı. Sonra yazıları qruplaşdırdım və beləcə “Adamlar və kitablar”, “Azadlıq və insan haqları”, “Qarabağ”, “Səyahət yazıları” da daxil olmaqla 20 bölmədə yer aldılar. Bloqda yazılar 4 dildədir: Azərbaycan, rus, ingilis və isveç.

 

İndiyədək ən çox oxunan “Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov” yazısı olub. Onu 2013-cü ilin 31 dekabr günü dərc etmişdim. Onda 2 mindən çox adam oxumuşdu. Sonradan “Azadlıq” radiosu qarışıq 10-a qədər sayt dərc etdi. Rus dilində isə ən çox bu ilin yanvarında “Пазл-мозаика сломанных судеб. О Светлане Алексиевич и ее книге “Время секонд хэнд” məqaləsi oxunub. “Svoboda” radiosunda Svetlana Aleksiyeviçin kitabları müzakirə olunurdu. Mən də bu məqalə ilə qoşulmuşdum. Statistikaya yenicə baxdım. 99 ölkədən giriş olub. Oxucu sayı 60 minə çatmaqdadır. Ən çox oxucu,təbii ki, Azərbaycandandır. Sonra İsveç, ABŞ, Rusiya, Almaniya, Ukrayna və s. gəlir. Rusca yazılar dərc edən gün rus dilinin dominant olduğu coğrafiyadan giriş sayı çoxalır”.

Həmsöhbətimiz bizimlə maraqlı bir müşahidəsini də bölüşüb:

“Qarabağ mövzusunda hər yazı dərc edəndə Ermənistandan 3-5 giriş olur”.

 

Vahid Qazi bloqunun oxucularını gənclər, siyasi fəallar, ədəbi-mədəni mühitin adamları və s. qruplara bölür. Amma onun fikrincə, hamısı zövqlü oxuculardır:

“Bloqum geniş kütlə üçün maraqlı deyil. Onu yalnız ciddi oxucular, yazını sonacan oxumağa səbri, həvəsi olanlar, təhlil edə bilənlər izləyir. Azadlıq, demokratiya problemlərinə həsr olunan yazılara siyasi fəallar maraq göstərdiyi kimi, ədəbiyyat, mədəniyyət yazılarına bu sahənin adamları daha çox diqqət edirlər. Səfər reportajları çox dərc olunur və oxunur. Məsələn, Şri-Lankadan yazdığım “Filli-pələngli Seylondan pürrəngi foto-reportaj”ı 20-dən çox sayt dərc etdi.

Saytların ən çox maraq göstərdikləridən Qarabağa səfər edən çexiyalı jurnalist dostumla Praqada görüşün təəssüratından alınan “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti”, Tağıyevin qızı Sara xanımdan bəhs edən “Taundan qaçan kimi qaçırlar məndən” yazılarını qeyd edərdim. Siyasi mövzuda “Etiraz – ləyaqətin bir başqa adı” çox oxunanlar sırasında olduğu kimi ictimai temada “Rəsulzadənin çimərlik fotosu” və “Vətəndaş cəmiyyətini kim öldürdü?” yazılarıdır”.

 

Siyasi yazılara saytlarımızın ehtiyyatla yanaşdığını qeyd edən bloq yazarı ən məşhur yazılarını dərc etməyən saytları tənqid edib:

“Vəzirovun memuarından yazdığım “Tamamlanmış yarımçıq portret” yazısını ümumiyyətlə, heç bir sayt yaxına qoymadı. Avropadakı özünü “dünya azərbaycanlılarının intellektual saytı” adlandıran  ən radikalların belə onu dərc etməyə hünərləri çatmadı. Amma oxunma sayı “Adamlar və kitablar” silsiləsindən olan bütün yazılardan çox oldu.

Ölkədə insanlarımızın oxumağa marağı nə qədərdisə, burada da vəziyyət elədir. Hər kəs marağına uyğun yazını, yaxud kitabı oxuyur. “Ruhlar şəhəri” kitabının əsas oxucuları keçmiş Ağdam sakinləridirsə, “Çöl Qala”ya ədəbiyyatsevərlər maraq göstərirlər.

Onu da deyim ki, hekayələrə maraq heç də siyasi, yaxud mədəniyyət yazılarından az deyil. Xüsusən də, “Yelena”, “Oginskinin melodiyası””.

 

Vahid Qazi sosial şəbəkələrdən yalnız feysbukda aktivdir, yazılarını da orada paylaşır. Amma o, təəssüflənir ki, yazılarını dərc edən saytların böyük əksəriyyəti www.vahidqazi.com bloquna istinad etməyə həvəsli deyillər:

“Mən də təkid etmirəm.

Bloqumu reklam üçün başqa bir iş görmürəm. Reklam maddi maraq olanda yada düşür. Təəssüf ki, bu gün azərbaycandilli bloqlardan maddi qazanc götürmək mümkün deyil. Heç gündəlik 10 minlərlə izləyicisi olan saytların belə imkanı yoxdur. Hamısı dövlətin dotasiyasındadılar. Mənəvi qazancımsa böyükdür, oxucular sağ olsunlar!”.

 

Gənc bloq yazarı Xavər Zahir isə incəsənətlə bağlı maraqlı bir bloq hazırlayıb. O deyir ki, 2017-ci ildən bu işlə məşğuldur:

“Bloqu xüsusi məqsədlə açmamışdım, əslində... Sadəcə ora-bura səpələnmiş yazılarımın bir yerdə yığılmasını istəyirdim. Hər dəfə məqalələr yazdıqca, tərcümələr etdikcə bloqa yükləyirdim. Mədəniyyət, xüsusilə də təsviri incəsənətə böyük marağım olduğundan bu sahədə araşdırdıqca rəssamlar və əsərlər haqqında məlumatları məqalələr halına salıb yazırdım. Hazırda bloqumda 53 yazı var, hələ yerləşdirmədiyim 7 məqalə isə növbəsini gözləyir. Onların əksəriyyəti sırf rəssamlığa aiddir deyə, elə bu sahədə də davam etdirmək istəyirəm. Çünki Azərbaycanda belə kontentə malik bloq, demək olar ki, yoxdur”.

 

Xavər deyir ki, yazılarını sosial şəbəkələrdə paylaşdıqca, bloqunun oxucuları da çoxalır:

“Görürəm ki, məqalələrimə maraq var və bu, məni daha da həvəsləndirir.

Ən pik oxuma həddi elə ötən ilin avqustuna təsadüf edir. “Romanı əxlaqsızlıqda boğan imperator, yaxud çəhrayının 50 tonu” adlı yazım çox maraqla qarşılanmışdı. Oxucuların əksəriyyəti real oxuculardır, yəni daim izləyir və oxuyub fikir bildirirlər. Bəyənmədikləri tərəf isə bloqun dizaynıdır. Əslində, onlarla razıyam. Qeyd etdiyim kimi, sırf yazılarımı bir yerə yığa bilmək üçün açdığımdan, görünüşünə o qədər də vaxt ayıra bilmirəm. Ona görə də, tanıtmaq üçün hələ tələsmirəm. Yazılar çoxaldıqca, məzmun dolğunlaşdıqca, dizayn məsələsinə də diqqət edəcəm”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu