Modern.az

Azərbaycan dilinin izdivac və idxal prosesinə reaksiyası

Azərbaycan dilinin izdivac və idxal prosesinə reaksiyası

11 Sentyabr 2019, 10:10

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor



Azərbaycan dili dil quruculuğu prosesinə və bü­töv­lükdə dildə gedən hər bir hadisəyə ayıqdır, yaxşı mənada oyaqdır. Bu mənada dilimiz yaşamaq və in­ki­şaf etmək haqqını güzəştə getmir, layiq olduğu həd­di, səviyyəni qoruyub saxlamaqla yaşayır, inkişaf edir. Eyni zamanda dilimizin fonetik, leksik və qra­m­ma­tik quruluşuna ziyan gətirən nə varsa, onların ha­mı­­sından imtina edir. Su daşı suyu damcı-damcı sü­züb təmizlədiyi kimi, dil də öz daxilində gedən pro­ses­ləri bir-bir saf-çürük edir, ayırır, dilin öz tələbinə və tələbatına uyğun şəklə salır.


İctimai-siyasi, elmi, mədəni, iqtisadi, sosial və s. oyanışlar dilin zaman-zaman dil quruculuğu pro­ses­lərinə qoşulmasını stimullaşdırır. Bu proses, yəni icti­mai-siyasi, elmi, mədəni, iqtisadi, sosial və s. oyanı­ş­lar və dilin zaman-zaman dil quruculuğu prosesinə qo­şulması “yeni dil” yaratmaq deyildir. Bu, dilin möv­­­­cud olan reallıqlara diqqətidir. Belə diqqət ol­maz­sa, onda dil reallıqlardan kənarda qalar. Nəticədə dövrün reallıqları ilə bağlı olan anlayışları ifadə edən sözlər dilin lüğət tərkibində özünə yer ala bilməz və konkret tarixi dövrlər dilə iz sala bilməz. Axı konkret tarixi dövr­­lərlə əlaqəli bir çox anlayışlarla bağlı dildə kifa­yət qə­dər sözlər vardır. Belə sözlər dilə təbii şəkildə elə daxil olur ki, elmin, texnikanın, məişətin müxtəlif sa­hələrində həmin sözləri işlətmək məcburiyyəti ya­ranır. Təsadüfi deyil ki, dilimizə elm və texnikanın müx­təlif sahələrinə aid – mətbuat, televiziya, kino, ra­dio, infor­ma­tika, informasiya texnologiyaları, müa­sir kom­mu­ni­kativistika sisteminə, aşpazlıq, kulina­ri­ya, turizm sa­hələrinə aid müxtəlif sözlər daxil olmuş­dur. Odur ki, 2000-ə yaxın yeni söz və terminlər top­la­nıb 2016-cı il­də “Yeni sözlər və yeni mənalar lü­ğəti” çap olun­muş­dur. Belə sözləri işlətməmək müm­kün deyildir. Mə­sələn, audiomultirum (Ağıllı ev sisteminin tərkib hissəsi olan evdə səs siqnallarının paylanması və idarə olunması sistemi), abroqasiya (Köh­nəlmiş qanunun səmərəsizliyi və ya zamanınla ayaq­laşa bilməməsi sə­bəbindən tamamilə ləğv olun­ma­sı – köhnə qanunun ye­nisi ilə əvəz olunması), ak­kre­dita­siya (Təhsil müəs­si­səsinin fəaliyyətinin dövlət təhsil standartlarına uy­ğun­luğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur), akkresiya (Bey­nəlxalq hüquqda döv­lə­tin ərazisinin yeni yaran­mış quru sahələr hesabına təbii genişlənməsi), akva­mə­dəniyyət (Su orqa­nizm­lə­rinin (balıq xərçəng­ki­milər, molyusklar, yosunlar) ye­ti­şdirilməsi və artırıl­ması), karqo (Xarici ticarət əmə­liy­yatlarında: ünvanı müəyyən olunmamış gəmi yü­kü), modem (Telefon xətti və ya internet kabeli vasi­tə­silə gələn siqnalı (analoq və ya rəqəmsal) çevirən və ya paylayan ci­haz), mol (Bir böyük binada cəm­ləş­di­ril­miş əyləncəsi və yeməkxanaları olan ticarət mər­kə­zi), notbuk (Da­şı­nan fərdi kompüterin xüsusi növü), printer (mətn və ya qrafik informasiyanın çap olun­ma­sı üçün nə­zər­də tutulmuş, kompüterin xarici periferik qurğusu olan çap maşını) və s.


Bu sözlər və digərlərinin hər biri tarixi dövrün mö­hürünü dilə vurmaqla onu (yəni dili) dinc bu­rax­mır. Bir sözlə, tarixi dövr məcbur edir ki, dil ayıq, sa­yıq olsun, ona daxil olmaq istəyində olanlara (söz­lə­rə) diqqət göstərsin. Dil diqqət göstərdiyi zaman öz gücünə inandığı üçün səxavətindən də əl çəkmir. Belə ki, dildə gedən proseslərə səxavət göstərərək söz­lərin dilin lüğət tərkibinə daxil olmasına və çıx­ma­sına imkan yaradır. Bu imkanın sayəsində dildə ge­dən proseslər tənzimlənir, dilin öz qeyri-qanuni prosesləri qaydaya salınır. Dilin özü qədər dildə ge­dən qeyri-qanuni prosesləri tənzimləyən hakim yox­dur. Dilin özü yaxşı mənada dil quruculuğu pro­se­si­nin hakimidir. Dilin özü hakim kimi bütün üslubları, eləcə də dilin lüğət tərkibini qaydaya və sistemə salır. Həmin qaydanı və sistemi ənənəyə çevirən və belə demək olarsa, burada bir kristallıq yaradan isə yazılı dildən, onun qaydalarından düzgün istifadə edən­lər­dir. Məhz elmi, bədii, rəsmi, publisistik və digər üs­lub­lar (tarixən dildə yeni-yeni üslublar yaranır), o cümlədən şeir, nəsr dili dilin ölçülərini qoruyub sax­la­yır, təkmilləşdirir və inkişaf etdirir. Ancaq bununla belə, kimlərsə dilin qayda-qanunlarından düzgün isti­fa­də etmirsə, onlar dili yanlış yollara sürükləyir, uy­dur­ma dil yaradırlar. Dilə bu cür mövqedən yanaş­an­lar dilə qarşı yırtıcılıq edir, nəticədə dilin qayda-qa­nun­larını bilənləri qıcıqlandırır, ancaq dili təzə açılan uşaqların, dili öyrənənlərin zövqünü korlayırlar. Be­lələri dilin ruhuna, təbiətinə balta vurur, bilərəkdən və ya bilməyərəkdən dil zövqü olmayan, dilin ruhunu və təbiətini duymayan nəsil yetişdirmək istəyində olurlar. Həm də onlara xidmət edən dilə qənim kə­silir, rəqib olur, müxaliflik edirlər. Dil isə hər dəfə be­lə məqamlarda öz axarında və düzgün yolunda olur, təmiz dünyasını, təmiz qayda-qanununu qoru­yur, inkişaf edir. Öz axarında və düzgün yolunda olan dilin imkanlarını canlı danışıq yolunda dialekt və şivələrimizdə görmək olur. Sözün qoxusunu, ətrini almaq üçün yaxın və uzaq kəndlərimizdə, qəsəbə­lə­ri­miz­də yaşayan soydaşlarımızın söz-söhbətini dinlə­mək kifayət edər. Hər bir şeyin iyi, qoxusu olduğu kimi, sözün də, gözəl bir rayihəsi var. Bəlkə də söz­lərdə dünyanın ən təmiz nemətlərinin, bitkilərinin iyi, qoxusu toplanıbdır. Bəlkə belədir deyə, sözlər vasi­tə­silə insanlar bir-birini başa düşür, bir-birinə bağ­la­nır­lar. Bəlkə belədir deyə, acı sözlər insanları bir-birin­dən ayırır, onları bir-birindən incik salır. Bəlkə belə olduğundan sözlər yaxşı və pis anlayışları işarə edən simvollar kimi yaşayır. Bəlkə də belə olduğundan hər hansı bir sözü deyən kimi onun ifadə etdiyi məf­hu­mun, anlayışın obrazı göz önünə gəlir. Sözlər ifadə et­diyi mənalarla ətir səpirlər. Hətta könül oxşayan mə­nalarından əlavə, onun kimlərəsə toxunan məna­la­rı da bir ətirdir, qoxusu və iyi pis olan ətirdir. Ancaq bununla belə, boş və mənasız söz yoxdur. Sözlərin hər biri uzun əsrlər boyu insanların istifadə etdiyi, işlət­diyi və ruh, qol-qanad verdiyi kəlmələrdir. O, düşünən və düşündürən, sevən və sevilən duyan və duyulan, təsirlənən və təsir edən, udan və uduzan hər bir kəs üçün silahdır. Hər bir kəsin söz adlı silaha ehtiyacı var. Söz, yəni söz adlı silah nə qədər işlənsə də, heç kəsi yormur, əksinə, o, işləndikcə hər dəfə san­ki yenidən doğulur. Dünyada yeni doğulan və ye­nidən doğulan nə varsa, hər biri tərtəmizdir. Sözlər də beləcə tərtəmiz, dupduru, bəmbəyazdır. Ona görə də insan bir gündə, bir ayda, bir ildə, eləcə də ömrü boyu istifadə etdiyi sözlərdən yorulmur, bezmir. Axı sözlərin tərtəmizliyi dupduruluğu, bəmbəyazlılığı bu­na imkan vermir. Axı hər bir söz işləndiyi zaman in­sana xidmət etmək üçün yenidən doğulur. Bax bu­nun özü də sözün möcüzəsi və sirridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir