Modern.az

Deputat Fazil Mustafa vədlərinə necə əməl edib?

Deputat Fazil Mustafa vədlərinə necə əməl edib?

24 Dekabr 2009, 13:51

26 SAYLI SABUNÇU BİRİNCİ SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ

 

“525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihə çərçivəsində əməkdaşımız Milli Məclisin üzvü Fazil Mustafanın deputat seçildiyi 26 saylı Sabunçu birinci Seçki Dairəsində olub. Fazil Mustafa 6 noyabr 2005-ci il seçkiləri zamanı 5 namizədi - Quliyev Aydın (26,9%), Qurbanov Vahid (10%), Abdullayev İlham (5,4%), Əliyev Seyfəddin (4,6%), Haqverdiyev Cəmşidi (4,4%) arxada qoyaraq seçicilərin 34%-nin (3976 səs) səsini toplayıb. Seçkilər zamanı deputatın əsas şüarı “Xalqa xidmət haqqa xidmətdir!” olub.

Deputatın seçildiyi ərazi əsasən Sabunçunun Bakıxanov qəsəbəsini əhatə edir. Üç gün ərzinfə apardığımız sorğu zamanı məlum oldu ki, qəsəbə sakinlərinin bir qismi Fazil Mustafanı şəxsən görüb, söhbət edə biliblər, bir qismi isə yox. Onu da öyrəndik ki, deputat hər həftənin çərşənbə günü daimi fəaliyyət göstərən ofisdə, bundan başqa, Adil İsgəndərov adına mədəniyyət sarayında, müxtəlif orta məktəb və təşkilatların binasında seçicilərlə görüşlər keçirir. İndiyə qədər millət vəkili şəxsən 3500-dən çox şikayət qəbul edib. Müraciətlərin əksəriyyəti sosial-iqtisadi problemləri, işsizlik və hüquq pozuntularını əhatə edib. Bu statistikanı  bizə deputatın köməkçisi verdi. Əlavə olaraq deputatın bilavasitə müdaxiləsi ilə görülən işlərdən də danışdı.

“Xalqa xidmət haqqa xidmətdir!” vədinə əməl olunub?

  

Deputatın verdiyi vədlərə nə dərəcədə əməl etdiyini öyrənmək üçün öncə Bakıxanov qəsəbəsi A. Əfəndiyev küçəsi 1A ünvanında yerləşən “Əlillər binası” oldu. Sakinlər sanki əvvəlcədən gəlişimi gözləyirmişlər. Çox az vaxtda bütün bina sakinləri artıq həyətdə idilər.

“Deputatınız verdiyi vədlərə nə qədər əməl edib?” sualına isə aldığımız cavablar bu oldu: “İndiyədək heç bir deputatdan xırda bir xeyir də görməmişik. Bizim üçün nə ediblər? Heç nə… Gələn il seçkilər vaxtı yenə gəlib bol vədlər verəcəklər. Hamısı ancaq öz mənafeyini güdür. Fazil Mustafayev seçilməmişdən əvvəl mikrofon əlində bir-bir küçələri gəzirdi, bizə vədlər verirdi. Amma 4 il keçməsinə baxmayaraq hələ heç bir problemimiz həll olunmayıb”.

Adını deməyən başqa sakin bi fikrə qarşı çıxdı: “Elə deputatlar var ki, nə Milli Məclisdə danışır, nə seçicilərin görüşünə gəlir. Amma bizim deputat həftədə bir dəfə seçiciləri qəbul edir. Bilirsiniz, ondan narazılar kimlərdi, pul istəyənlər. Şəxsən mən Fazil bəyin imkanına bələdəm, o, bizdən fərqli yaşamır. Ona görə də adamlardan Allahlı danışmağı xahiş edirəm. Bizim bütün problemlərimizi Fazil Mustafa parlamentdə səsləndirir. Bundan artıq nə iş görməlidir”.

“Əlillər binası”sının digər sakini, birinci qrup əlil Akif Sultanov bildirdi ki, mərhum dövlət başçısı Heydər Əliyevin səyi nəticəsində bu binada əlil ailələrinin hər birinə ikiotaqlı mənzil verilib: “O vaxtdan nə gəlib maraqlanan var, nə də kefimizi soruşan. Beş ildir ki, Bakıxanov qəsəbəsindən beş sot torpaq almaq istəyirəm. Apellyasiya Məhkəməsi də mənim xeyrimə qərar çıxarıb. Amma bələdiyyə mənə torpaq vermir. Mənim müraciətimdən sonra 8 nəfərə torpaq payı verilsə də, mənim işim gecikdirilir. Bunu mən demirəm. Bu haqda Sabunçu Rayon Apellyasiya Məhkəməsinin qərarında yazılıb. Əlimdə məhkəmə qərarı var. Dəfələrlə Sabunçu rayon Bələdiyyəsində Ramazan Mazanovun yanında olmuşam. Amma heç axıra qədər şikayətimi dinləmirlər. Bələdiyyə seçkiləri də keçdi. Amma  bizim binaya bildiriş göndərmədilər. Özləri kimi istəyirlər seçirlər, təyin edirlər. Hər şeyə pul istəyirlər. Amma Prezidentin sərəncamı var ki, bir dəfə pulsuz torpaq ala bilərik. 33 kvadratmetirlik evdə üç uşaq, qoca anam, yoldaşım necə yaşaya bilərik? Deputatımız bir dəfə gəlib camaatdan soruşmur ki, probleminiz nədir? Seçiləndə vəd vermişdi ki, peşəkar hüquqşünas kimi seçicilərə sənədləşmə işlərində və digər hüquqi işlərdə yardım edəcək. Bəs nə oldu? Bunlar hamısı seçilənə qədər idi. Seçiləndən sonra hamısı çalışır ki, öz güzəranını düzəltsin. Yeni seçkilərə beş-altı ay qalmış yenidən vədlər veriləcək”. 

Qaçqınlar öz deputatlarından deyil, Fazil Mustafadan umurlar

 

X.Xasməmmədov küçəsi 1A ünvanında yerləşən “Qaçqınlar binası”nda məskunlaşmış sakinlər də deputatdan xeyli şikayətləndilər. Amma məlum oldu ki, ərazi Fazil müəllimin seçildiyi yerə aid olsa da, həmin insanların deputatları köçkün rayonlarından seçilən millət vəkilləridir. Buna baxmayaraq məcburi köçkünlər Fazil müəllimin onların da problemlərinə diqqət yetirməsini istəyirlər. “Bizim öz deputatlarımız heç, onları tanımırıq. Fazil müəllimi isə tanıyırıq, onun seçildiyi ərazidə məskunlaşdığımızdan, ümid edirik ki, heç olmasa bu deputat problemlərimiz təşkilatlar qarşısında qaldırar. Hələ də Təhsil Nazirliyinin nəzdində olan bu uçuq binada məskunlaşmışıq. Doqquz ailənin bir mətbəxi, bir hamamı var. Öz deputatlarımız  heç bir dəfə də problemimizi Milli Məclisdə səsləndirməyib. Xahiş edirik, Fazil müəllim bu məsələyə diqqət yetirsin. Hər dəfə eyni seçicilərlə görüşür. Nə olsun ki, biz köçkünük. Axı seçkiqabağı verdiyi vədlərdən biri də qaçqınların, Qərbi Azərbaycandan, Qarabağdan olan insanların sosial məsələlərinin, qeydiyyat problemlərinin həlli idi”-deyə Ağdamdan olan məcburi köçkün Qaçay Məmmədov bunları söylədi. 

 

“Fazil Qəzənfəroğlu etimadımızı  doğruldur”

 

“Biz ailəliklə Fazil Qəzənfəroğluna səs vermişik. O, etimadımızı  doğruldur. Həmişə onu fəal görürük. Biz ondan başqa nə gözləyə bilərik? Deputatın işi qanun qəbul etməkdir. Deputatdan başqa şey ummaq ağılsızlıqdır. Əgər kimsə deputatdan evinə işıq çəkilməsini, qapısının ağzının asfaltlanmasını istəyirsə, onun özü avam adamdır. Əvvəllər yenə Bakı Şəhər İcra Hakimiyyəti yollara asfalt çəkəndə qəsəbə küçələrinə də görüm-baxım edirdi. Bu işi Nəqliyyat Nazirliyinə verəndən bəri heç onu da etmirlər. Deputat hansı vəsaitlə bütün bunları etsin. Deputat Peyğəmbər deyil ki, hər şeyi etsin. Bütün peyğəmbərlər yığışsa da, 5 ildə cəmiyyəti dəyişə bilməz. O ki, qaldı bir deputatdan bunu gözləyək. Fazil müəllimi hələ əsgərliyə getməzdən tanıyırdım. Ordudan gələndən sonra yaxşı mənada dəyişdi. O vaxta qədər Rusiyanı söyürdü. Daha heç fikirləşmirdi ki, əzraili söymək olmaz. Meydandan baxanda kreslo asan görünür. Amma hamının sevgisini, rəğbətini qazanmaq çətin məsələdi” – bunları da sabunçulu seçici Əbdül Abbasov dedi.

 

Təqaüdçülərün Fazil Mustafadan istəkləri

 

Təqaüdçülər də pensiyalarının verilməsində olan problemlərdən gileyləndilər. Yaşar Fətiyev adlı seçici bankomatların olmamasından narazılıq bildirdi: “Yüz mindən artıq əhalisi olan bu qəsəbədə bir bankomat yoxdur. Bankomatlar hamısı özəldir. Pensiyalarımızı çıxaranda üstündən çox faiz tuturlar. Yetmiş manat pensiya alıram, hər dəfə dörd manat pulumu kəsirlər. Vaxtında pensiyamı ala bilmirəm”.

 

  

Zəlimxan Yaqub bizə şeir deyirdi...

 

Bakıxanov qəsəbəsindəki “Qul bazarı”nın sakinlərinə yaxınlaşdıqda isə ilk eşitdiyimiz söz bu oldu: “Biz heç kimə səs verməyəcəyik. Hərəmizə yüz manat versinlər, kimə deyirlər səs verək. Yoxsa seçiləndən sonra bizə heç bir xeyirləri olmayacaq.

Onlarla söhbət əsnasında məlum oldu  ki, seçiciləri qeydiyyata almaq üçün gəldiyimizi zənn ediblər. Əvvəlki deputatları Zəlimxan Yaqubun daha səmimi olduğunu dedilər. “Zəlimxan müəllim tez-tez seçicilərlə görüşürdü. Problemlərimiz həll olunmasa da, Zəlimxan müəllim hamı ilə təklikdə maraqlanır, bizə ürək-dirək verirdi. Şeirlər də deyirdi”.

 

Əlbəttə, yazdıqlarımız bütün seçicilərin fikirləri olmasa da, hər halda təzadlı münasibətlər öyrənə bildik. Yəni deputatdan razı olanlar da var, narazılıq edənlər də. Qeyd edək ki, rayonlardan fərqli olaraq seçicilər Bakıda daha fəaldırlar. Heç olmasa deputatları barədə ürəyindəkiləri dilə gətirə bilirlər. Hətta Bakıda seçicilər deputatın gördüyü deyil, görmədikləri işlərdən  danışırlar. Rayonlarda isə bunun tam əksidir...

 

Fazil Mustafa seçicilərilə tez-tez bu sarayda görüşür

Deputatın təmir elətdirdiyi 107 saylı orta məktəb

Torpaq sahəsi ala bilməyən I qrup əlil

 

Əlillər binası

Seçicilər "Heç bir deputatdan yarımamışıq"

 

Köçkünlər yaşayan bina

Ağdam köçkünü Qaçay Məmmədov: "Biz öz deputatımızın üzünü görməmişik" 

"Qul bazarı"nın sakinləri "Bizə iş verin!!!"

"Bircə işsizlik aradan qalxsaydı..."

Bakıxanov parkında: "Qoy deputat camaatın problemlərini parlamentdə tez-tez səsləndirsin!" 

Bu, əsl Şaxta baba deyil, o, işsizlikdən belə cildə girməyə məcbur olub

Təqaüdçülər: "Pensiyalarımızı vaxtlı-vaxtında ala bilmirik, bankomatların çoxu özəl banklarındır"

Kəmalə Tofiqqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi