Modern.az

Qan çanağında boğulan hökumət...  

Qan çanağında boğulan hökumət...  

Ədəbi̇yyat

12 Sentyabr 2019, 15:10

Elçin Alıoğlu


Ömrü cəmi bir ilə süvar olmuş 21 Azər Hərəkatı... 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş hökumət və dövlət.


Qan çanağında boğdular o hökuməti, minlərlə insan edam olundu, on minlərlə soydaqşımız zindanlara atıldı.

Bunu bilirsiniz.

Sizə bir insandan bəhs edəcəyəm. Xəlil Bəxtiyardan.

Urmuda - hansı ki, ona Urmiyyə deyirlər və bu, dürüst deyil - o dövrdə "Qızıl əsgər" qəzeti dərc olunurdu. Redaktoru da Zülfəli İbrahimov adlı nur və ziya yiyəsiydi.

Xəlil Rəştdə fars dilində çıxan "Sərbaze sorx"da çalışmışdı, sonra Urmuya yollanaraq "Qızıl əsgər"də yazılarını dərc etdirirdi.

23 yaşı vardı.

Gəncdi. Nişanlısı Sərvinazla evlənməyi düşünürdü, dünya evinə girməyi arzulayırdı.

Fəqət evi məzar, dünyası axirət oldu.

Əzabla, işgəncə ilə öldürüldü. Vücuduna onlarla güllə sıxılandan sonra onu yük maşının arxasına bağlayıb "Zeytunluq"da sürüdülər.

Yüzlərlə fədai kimi.

Xəlilin son məktubu var. Anasına yazıb.

"Anam! Halım yaxşıdı və sənin də yaxşılardan yaxşı olmanı Rəbbimdən arzulayaram. Vətənimin intişarını, ictihadını və istiqlalını arzuladığım kimi.

Ana, yazırsan ki, bəs özümə diqqət edəm, ehtiyatlı davranam, sərvaxt olam və hal o ki, bu işlərə son qoyub qayıdam geri, yanına.

Ana, nə istədiyinin fərqindəsənmi, ey mənim həyatımı var edən?

Ananın yanından anaya dönmək olarmı?

Cocuqkən, ürəyim gözlərin boydaykən, damardakı qan sürətilə o yan-bu yana qaçıb səyirəndə tutdun bir dəm məni. Yadındamı?

Tutdun və dedin ki, şiruşluq etməyim.

Şiruş deyildim, ana - cocuqdum.

Sənin cocuğun.

İndi yenə şiruş olmağıma eyham edirsən.

Fədalıqdı, fədailikdi bu, ana.

İndi tək sənin yox, cümlə vətənimin övladıyam.
Səni sevdiyim qədər və məzur tut məni, bəlkə ondan da çox sevirəm bu vətəni.

Səni, vətəni və səni - ikiniz bir, ikiniz vəhdət, ikiniz əziz.

Anamı qoyub gəlməyimi istərsən sən ananın yanına.

Edə bilərəm bunu, ana?!

Hidayət o ki, hər kəs ölümünü düşünməli. Hər gününü son gün kimi yaşayıb fəsad və xainkarlıq etməmək üçün.

Ana, mən də düşünürəm o sonun əvvəlini, əvvəlin sonunu.
Səndən ricam var, həyatımı verənim.

Şayət ölsəm, məni məzarlığa aparmayın. Fədan ollam, etməyin!
Təbrizə aparan yollardan birində verin məni torpağa.

Qoy, Şəhriyarıma gedənlər sinəmdən keçsin. Ayaqlarının səsini duyum. Ki, bəlkə onda qəlbim vura və toxtayam.

Biləsən ki, orada lalə bitər bəlkəm. Bitərsə, nə bəxtiyar mən. O lalə mən olacam, ana. Oğlun.

Təbrizimə baxacam.

Sonsuzadək.

Qanım, canım halal sənə, vətənə.

Sən oğul var etdin, anam.

Anam da məni qəbul etdi.

O yolda da qəbulunda olaram, yəqin..."

... Əsla sonadək dinləyə bilmədiyim bir şeir var bu yalan dünyada.

"Heydərbabaya salam"...

Var olasız...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar