Modern.az

“Dur çıx bayıra!”Eldar Həsənov müstəntiqi niyə otaqdan QOVMUŞDU...

“Dur çıx bayıra!” - Eldar Həsənov müstəntiqi niyə otaqdan QOVMUŞDU...

Hadisə

12 Sentyabr 2019, 22:17

"Baş Prokuror Eldar Həsənov müstəntiqə "Düdük, dur çıx otaqdan" dedi, prokuror Azər Vahabzadəyə isə "işi təcili ordan götürün" tapşırığı verdi"


"1 saylı hüquq məsləhətxanasında işdə vəkillərlə söhbət edirdik. Təxminən 35-40 yaşlarında iki nəfər kişi və iki nəfər qadın məsləhətxanaya daxil oldular. Məni soruşdular. Mərhum müdirimiz Davud İbrahimov məni göstərdi. Qadınlardan biri mənə çox tanış gəldi. Gəlişlərinin məqsədini soruşdum. Dedilər ki, oğlanlarımızı ölüm işi ilə bağlı tutublar, 4 aydan çoxdur ki, Bayıl türməsində saxlayırlar. Bizə kömək edin".


Modern.az
xəbər verir ki, bu barədə tanınmış vəkil Osman Kazımov yazıb.

O.Kazımovun sözlərinə görə, söhbət əsnasında məlum olub ki, bir nəfər qadını 5 yaşlı qızı ilə birgə öldürüblər:

"Məni necə tapdıqlarını soruşdum. Bir nəfər tanıdığım prokurorun adını çəkdilər. Dedilər ki, "tanışımızdır. Yanına getmişdik. Kömək istədik, bir neçə vəkilin adını çəkdik. Dedi ki sizin yanınıza gələk".

Uşaqlarının bu işə nə dərəcədə aidiyyatı olub-olmamasını, ancaq həqiqəti demələrini xahiş etdim. Dedilər ki, "dəqiq bilmirik, amma inanmırıq ki, bizim uşaqlar elə qəddarlıq etsinlər".
Uşaqlardan birinin 16, digərinin 17 yaşı vardı. Müqavilə bağladım. Orderi müstəntiqə təqdim edib, Bayıl istintaq təcridxanasına getdim. İfadələri arasında ziddiyyət olması ehtimalını nəzərə alaraq, yalnız biri ilə müqavilə bağladım".


Osman Kazımov deyir ki, təcridxanada Adillə (ad şərtidir) görüşüb:

"Özümü müstəntiq kimi təqdim etdim. Bildirdim ki, mən yeni müstəntiqəm. Uşağın üzündə sarsıdıcı qorxu hissi var idi. Ona tərəf əl uzadanda və ya hərəkət edəndə diksinirdi. Hiss etdim ki, ağır işgəncəyə məruz qalıb. Dedim ki, qorxmasın. Mənə həqiqəti danışsın. Qadını və uşağı onlarmı öldürüb? Öldürüblərsə, səbəbi nədir. Söylədim ki, həqiqəti desə, kömək edəcəm. Mənim mülayim danışığımdan Adil dolmuşdu. Təxminən 10 dəqiqə mən danışdım, o boğulmuş, gözləri dolmuş vəziyyətdə qulaq asır, danışa bilmirdi. Birdən ucadan hönkürərək ağladı. İmkan verdim ki, ağlayıb sakitləşsin. Sakitləşdikdən sonra dedi ki, "əmi, vallah bizim o işdən xəbərimiz yoxdur. Bizi polis işçiləri möhkəm döydülər. Barmaqlarımızı qapının arasına qoydular. Başımıza sellofan "kulok" keçirib boğdular. Dırnaqlarımızı kəlbətinlə sıxdılar. Dediklərini yazdıq".

Soruşdum ki, sizi prokurorun yanına apardılarmı? Dedi ki, apardılar: "Orda dedim ki, mənim günahım yoxdur. Onda prokuror dedi ki, "bu köpək oğlun rədd eləyin burdan"".

Dedim qorxma. Mən vəkiləm. Valideyinlərin mənimlə müqavilə bağlayıb. Təcridxanadan çıxıb müstəntiqin yanına getdim. Müstəntiq dedi ki, işi yekunlaşdırmışam, məhkəməyə verirəm. Dedim axı dünən dediniz ki, hələ istintaq hərəkətləri var. Vəsatətim var. Mənim iştirakımla onu dindirin. Dedi "ehtiyac yoxdur. Sabahdan işlə tanış olun". Məndən əvvəl güya istintaqın yekunu barədə protokol da tərtib edibmiş. Hiss etdim ki, saxtakarlıq edib. Səhərisi gün prokurorluğa getdim, iş materialları ilə tanış olmağa başladım. İşi oxuduqca, uşaqların təqsiri olmadığı qənaətinə gəlirdim.

Müstəntiq iki nəfər şəxsi yanımda oturdub onlarla ucadan danışıb-gülür, tərbiyəsiz sözlər işlədir, mənim fikrimi yayındırmağa çalışırdı. Nahar fasiləsinə qədər birinci cildi oxudum. Ciddi saxtakarlıqlar aşkarladım. Müstəntiq dedi ki, nahar vaxtıdır. Dedim mən nahar etməyəcəm. İkinci cildi verin. Müstəntiq ikinci cildi verib otaqdan çıxdı. Həmin iki nəfər isə otaqda qaldı. Az keçmiş onlara iri qablarda salat və yarpaq dolması gətirdilər. Daha sonra isə kabab gətirildi. Mənə təklif etmədən ağızlarını marçıldada-marçıldada yeməyə başladılar. Hiss etdim ki, əsəbiləşdirmək istəyirlər. Əhəmiyyət vermədən işi oxumaqda davam etdim. Birinci və ikinci cilddəki sübutları xırda detallarına qədər müqayisəli təhlil edərək, tanışlığımı davam etdirdim. Gecə saat 23.30 da ikinci cildi də bitirdim".

Vəkilin sözlərinə görə, daha sonra evə gəlib:

"Gecə səhərə qədər vəsatət hazırladım. Səhəri gün Bakı Şəhər Prokurorluğuna qəbula getdim. Aidiyyatı şəxslə görüşdüm, vəsatəti təqdim etdim. Uşaqların günahsız olduğunu bildirdim. Zəruri istintaq hərəkətlərinə ehtiyac olduğunu bildirdim. Sonradan general rütbəsi almış şəxs bildirdi ki, vəsatəti öyrənib fikir bildirəcəklər. Bir gün sonra məni prokurorluğa çagırdılar. "Fikrin nədir?",- dedilər. Dedim günahsız uşqların azadlığa çıxması, cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunması. Soruşdular ki, uşaqlar qohumundurmu? Dedim xeyr. Müxtəlif təkliflər edildi. Əl barmaqları stolun üzərinə qoydular. Dedim arxasındakı sıfırlar neçədir. Dedilər üç. Dedim azdır. Barmaqların sayı artdı. Dedim ki, "yaxşı tutaq ki, razılaşdıq, iş məhkəməyə getdi, bu uşaqlara cəza verildi. Bəs 5 yaşlı körpənin, anasının qanı necə olsun? İki uşağın valideyinləri necə olsun?".
Dedilər "tapşırarıq, az cəza verilər, sonra da çıxmalarına kömək edərik". Dedim vəsatətimə yazılı cavab verin. Sizə ağır söz demək istəmirəm. Vicdan pulla alınmır. Çıxdım. Səhərisi gün müstəntiq zəng etdi ki, gəl vəsatətinə cavabı al. İşi məhkəməyə veririk.
Vəsatətim rədd olunmuşdu. İşi məhkəməyə verə bilməsinlər deyə vəsatəti axşam saat 20.00-da aldım. Gecə yeni bir vəsatət yazdım".

Vəkilin sözlərinə görə, səhəri gün Baş Prokurorluğa qəbula gedib:

"Baş Prokurorun köməkçisi Sahil Qasımovla görüşdüm. Vicdanlı adam idi. Vəsatətimi təqdim etdim. İşi danışdım. Dedi sənə inanırıq həmişə doğrusunu deyirsən. Baş Prokurora məruzə etdi. Eldar Həsənov məni qəbul etdi. Vəsatəti diqqətlə oxudu Dedim ki, Eldar müəllim işi bu gün məhkəməyə vermək istəyirlər. Sonra telefonu götürüb zəng etdi. Dedi ki, "Azər təcili işi oradan götürün. Osmanla görüşün".

Günorta saat təxminən 15-16 rradələrində məni baş prokurorluğa çağırdılar. Baş prokuror Eldar Həsənov, rayon prokuroru, Azər Vahabzadə, Nazim Allahverdiyev, köməkçi Sahil Qasımov, müstəntiq və mən birlikdə müzakirəyə başladıq. Baş Prokuror birinci müstəntiqdən iş barədə məlumat soruşdu. Müstəntiq həqiqətə uyğun olmayan yalanlar danışdı. Sonra məndən soruşdu. İşdəki sübutları, ekspert rəyindəki ziddiyyəti, ölümün səbəbini, ayaq izlərini, siqaret kötükləri ilə bağlı məsələləri, dindirilmiş şahidlərin ifadələrində şübhəli şəxslər barədə təsvirləri dedim.

Eldar Həsənov Azər Vahabzadədən soruşdu ki, sən işi oxumusan, (vəsatətimin iş materiallarına uyğun olmasını Azər Vahabzadə yoxlamışdı) kim haqlıdır?  Azər Vahabzadə dedi ki, "vəkil hər şeyi düz deyir. Uşaqların günahı sübuta yetirilməyib, sübutlar şübhəlidir".
Bu vaxt müstəntiq dedi ki, "Azər Vahabzadə düz demir". Eldar Həsənov ani susub müstəntiqə baxdı, əsəbi formada müstəntiqə dedi ki, "düdük, dur çıx bayıra". Müstəntiqi otaqdan qovub Azər Vahabzadəyə göstəriş verdi ki, dərhal iş ordan götürülsün. İşin müstəntiqdən götürülüb Bakı Şəhər Prokurorluğuna verilməsinə dair göstəriş verdi.
Dedim ki, Eldar müəllim, Bakı Şəhər Prokurorluğu işi məhkəməyə vermək istəyirdi. Ordan çox narahtam. Dedi narahat olma. İş həmin yerdən götürüldü. Bir gün sonra şəhər prokurorluğunun müstəntiqi məni dəvət etdi. Dedi "iş məndədir. Sən də kömək et, işi açaq". Valideyinləri çağırıb hansı hərəkətlər etmələrini, ancaq məlumatları mənə bildirmələrini tapşırdım. İki gün sonra çox ciddi məlumatlar əldə etdim".


Ardı var...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı