Modern.az

Tovuzda öldürülən eks-məhkəmə sədri İlyas İsmayılovun partiyasının yerli sədri idi

Tovuzda öldürülən eks-məhkəmə sədri İlyas İsmayılovun partiyasının yerli sədri idi

13 Sentyabr 2019, 15:07

Sentyabrın 13-də Tovuzda qətlə yetirilən Firudin Ələkbərli İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasının rayon təşkilatının sədri idi.


Bu barədə Modern.az saytına Ədalət Partiyasından məlumat verilib.

“Firudin Ələkbərli siyasi mövqeyinə görə çox aktiv şəxs  olub. Bəzi KİV-lərin onun haqqında yaydığı həqiqətə uyğun olmayan məlumatları oxuduqca, təəssüf edirik. Hər halda, baş verənlərə hüquqi qiymət veriləcək”,-deyə Ədalət Partiyasından bildirilib


1963-cü il təvəllüdlü Firudin Ələkbərlini bu gün səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev tərəfindən şəxsi münasibətlər zəminində odlu silahla qətlə yetirilib.


Qətlə yetirilən şəxslə bağlı sosial şəbəkələrdəki paylaşımlarda onun vaxtilə milli-azadlıq hərəkatının fəallarından olduğu vurğulanıb.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn: “Firudin bəy 1980- 90-ci illərdə Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından olub. O, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib,
Biz mərhumu hələ AXC- nin hakimiyyətə gəlmədiyi dönəmlərdən elə AXC rəhbərliyi üçün də narahat, ancaq prinsipial, kristal təmiz, xalqın, məzlumun, həqiqətin dönməz müdafiəçisi kimi tanımışıq”.


Vəkil Osman Kazımov isə deyib ki,  Firudin Ələkbərlini 1995-ci ildə sifariş icra etmədiyinə görə Tovuz rayon Məhkəməsinin sədri vəzifəsindən qanunsuz olaraq kənarlaşdırıblar.

Firudin Ələkbərlini qətlə yetirən Əli Şəmiyev Tovuzda iri biznesmen kimi tanınıb. Yerli mətbuatın yazdığına görə, “Göl Əli” ləqəbli Əli Şəmiyev bu gün səhər saatlarında F.Ələkbərlinin rayonun mərkəzində yerləşən ofisinə gələrək onunla mübahisə edib. Bir daha ondan aidiyyatı qurumlara şikayət etməməsini tələb edən Ə.Şəmiyev sonda silaha əl atıb.
Hadisədən sonra polisə gedərək təslim olub.


Məlumatlara görə, “Göl Əli”nin Tovzuda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər.

O da bildirilir ki, Əli Şəmiyev eyni zamanda Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovla və “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədro, eks-nazir müavini Arif Əsgərovla qudadır.


Firudin Ələkbərli ilə Əli Şəmiyev arasındakı münaqişəyə səbəb birincinin “Göl Əli”yə məxsus otel, sauna, restoran, çimərliyin bağlanması ilə bağlı müxtəlif orqanlara şikayət etməsi olub. Buna səbəb kimi həmin obyektlərdə natəmizliyin olması və çirkab suların Zəyəm çayına axıdılması, çirkabın yerli camaatın içməli suyuna qarışması göstərilib.

Onu da bildirək ki, Tovuz rayon Məhkəməsində uzun müddət davam edən məhkəmə çəkişmələri başa çatıb və məhkəmə Ə.Şəmiyevin xeyrinə qərar çıxarıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Qeyd edək ki, vaxtilə mərhum F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?