Modern.az

Diaspor təşkilatı yaradan ilk azərbaycanlı qadın: “Kişilərimiz xanımlarını ancaq evdar görmək istəyirlər” - MÜSAHİBƏ

Diaspor təşkilatı yaradan ilk azərbaycanlı qadın: “Kişilərimiz xanımlarını ancaq evdar görmək istəyirlər” - MÜSAHİBƏ

Diaspor

13 Sentyabr 2019, 17:35

Xaricdə yaşayan azərbaycanlı xanımların işi daha çətin, üzərinə düşən məsuliyyət və vəzifələr daha böyükdür. Niyə?

Şübhəsiz ki, ailədə qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır və ailənin möhkəmliyi, bütövlüyü, uşaqların tərbiyəsi əsasən qadınlardan asılı olduğundan, başqa ölkədə Azərbaycan dəyərləri ilə ailə yaşatmaq, uşaq böyütmək xanımlarımızın məsuliyyətidir. Yəni milli kimliyi qoruyub saxlamaq, tarixi vətənə bağlı övladlar tərbiyə etmək xaricdə yaşayan qadınlarımızın üzərinə böyük vəzifələr qoyur...


35 ilə yaxındır Ukraynanın Xarkov şəhərində yaşayan, “Aynur Xatun” qadınlar cəmiyyətinin sədri Kifayət Cəfərova həm tarixi Vətənə bağlı övladlar tərbiyə edib, həm də çox az sayda qadın diaspor rəhbərlərindən biridir.

Modern.az onunla müsahibəni təqdim edir.

- Kifayət xanım, Azərbaycandan kənarda milli dəyərlərlə övlad tərbiyə etmək çətindirmi?

- Əlbəttə. Bizim Azərbaycan məktəblərini yaratmaqda məqsədimiz təkcə öz övladlarımızı yox, buradakı bütün uşaqları milli ruhda, vətənə bağlı böyütməkdir. Mənim iki övladım var: qızım həkimdir, oğlum Milli Polis İdarəsinin Ağır Cinayətlər bölməsində çalışır. Hər iki övladım kiçik yaşlarından Ukraynada yaşamasına baxmayaraq, Azərbaycan dilində çox səlis danışır, Azərbaycan həqiqətləri, mədəniyyətimiz, tariximiz, dəyərlərimiz haqqında məlumatlıdırlar. Gələcəkdə nəvələrimin də bu ruhda böyüməsinə çalışacağam ki, milli kimliklərini unutmasınlar, tarixi Vətənə, millətinə bağlı olsunlar. Bu yöndə son zamanlar dünyanın müxtəlif ölkələrində Azərbaycan dili məktəblərinin fəaliyyətinə diqqətin gücləndirilməsi xüsusi təqdirəlayiqdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Diasporla İş üzrə Dövlər Komitəsinin açılışını etdiyi “Qarabağ” məktəblərini ayrıca bizim də motivasiyamızı artırır.


- Xarkovda nə qədər azərbaycanlı var?

- Rəsmi olaraq 50 min azərbaycanlı yaşayır, amma əlbəttə ki, qeyri-rəsmi daha çoxdur. Bizim təşkilatda təmsil olunanlar da kifayət qədərdi. Bütün tədbirlərimizdə üzvlərimiz bir arada olur. 


- Ömrünüzün böyük bir hissəsini Ukraynada yaşamısız, necə oldu ki bu ölkəyə köçəsi oldunuz?

- Azərbaycan Pedaqoji Universitetini bitirdikdən sonra bir müddət təyinatla İsmayıllının Baskal kəndində müəllimə işlədim. 1985-ci ildə isə ailə qurub Ukraynanın Xarkov şəhərinə getdim və elə o vaxtdan burada məskunlaşmışıq. Burada bir müddət uşaq bağçasında işlədikdən sonra Xarkovda fəaliyyət göstərən “Xətai” Azərbaycan Cəmiyyətinə müraciət etdim. Bu təşkilatı çox vətənpərvər soydaşlarımızdan olan Mövsüm Həsənov yaratmışdı və onun fəaliyyəti, inkişafı üçün böyük əmək sərf edirdi. Təşkilata üzv olduqdan sonra cəmiyyətin nəzdində həftəsonu Azərbaycan dili məktəbini yaratdıq, Bahar Nəsibova, Almaz Şıxəliyeva ilə birgə burada təmənnasız çalışmağa başladıq. Demək olar bir çox azərbaycanlı ailələrin övladlarını məktəbə cəlb etdik. Çox böyük həvəslə Azərbaycan dilini, ədəbiyyatını tarixini tədris edir, maraqlı təbirlər təşkil edirdik. Bu məktəb uzun illər bu məktəb fəaliyyətini davam etdirdi.


- “Aynur Xatun” qadınlar cəmiyyətini yaratmaq ideyası necə yarandı?

- İllər keçdikcə “Xətai” cəmiyyətinin qadın üzvlərinin sayının artması ilə təşkilatın tərkibində qadınlar şurası yaratdıq, 40 nəfərdən çox üzvümüz vardı. Biz artıq məktəbdə dərs deməklə kifayətlənməyib, buradakı qadınların, ailələrin problemləri ilə maraqlanır, onları aradan qaldırmaqda soydaşlarımıza kömək edirdik. Təəssüf ki, bizim bəzi kişilər qadınlara həmişə problem yaradır, onların irəli getməsinə mane olmağa çalışırlar. Görürdüm ki, cəmiyyətdə qadınlara hər hansı qayğı yoxdur, qadınların probleminin həlli onlar üçün maraqlı deyildi, onlara münasibət çox səthidir. Bütün bu səbəblər yeni bir qadın təşkilatının ortaya çıxmasına zəmin yaratdı. Və beləliklə,qadınların problemlərinin həllində daha yaxından iştirak etmək üçün müstəqil təşkilat – “Aynur Xatun” qadınlar cəmiyyətini qurduq. Mövsüm Həsənov təşkilatın adını şahmatçı Aynur Sofiyevanın adı ilə əlaqələndirmişdi və deyirdi ki, istəyirəm burada şahmat klubu da yaradaq, uşaqlarımız daha ağıllı böyüsünlər.

...Xarkovun 11 rayonunda Azərbaycan dili məktəbi və şahmat kursları yaratdıq, heç bir maliyyə dəstəyimz olmadan, üzvlük haqqı yığmadan çox böyük çətinliklə bütün bunların öhdəsindən gələ bildik. Təəssüf ki, bu gün maliyyə problemləri ilə əlaqədar cəmi 4 məktəbimiz fəaliyyətini davam etdirir.



- Xarkovda, ümumiyyətlə, Ukraynada azərbaycanlı qadınların hansı problemləri var?

- Qadınların problemi əvvəl də çox idi, indi də var. Onların hər probleminə dəstək göstərməyə çalışırıq. Adi bir misal çəkim, şagirdlərimizdən birinin atası qəfil rəhmətə getdi və ana 4 uşaqla tək, köməksiz qaldı. Cəmiyyətin sədri Mövsüm Həsənov uşaqlardan birini övladlığa götürdü, qalan uşaqları isə çox böyük çətinliklə internata düzəldə bildik. Qadının özünü isə işlə təmin etdik, daha sonra o xəstələndi, bu dəfə onun müalicəsinə yardım göstərdik. Yəni qadınların sosial, səhiyyə, ailə və digər problemləri həddindən artıq çoxdu.


- Sizcə diaspor rəhbərləri və fəalları arasında qadınlar niyə azıdr?

- Bu bizim mentalitetimizlə bağlıdı, Ukraynada yaşasalar azərbaycanlı kişilərin düşüncəsi bir qədər fərqlidi: həyat yoldaşlarını ancaq evdar xanım kimi görmək istəyirlər. Təkcə Ukrayna yox, MDB üzrə ilk qadın cəmiyyətinin yaradıcısı mən olmuşam. Bu iş vətənpərvərlik, vaxt, əmək, zəhmət, ailənin dəstəyini tələb edir ki, heç də hər kəsdə bu imkanlar olmur.


- Təşkilatınız daha hansı istiqamətdə fəaliyyət göstərir?

- Bizim təşkilat istər Ukraynada, istərsə də Azərbaycandakı siyasi proseslərdən uzaqdır. Biz yalnız mədəniyyətimizi təbliğ edir, uşaqları milli ruhda böyütməyə çalışır, milli-mənəvi dəyərlərimizi, kimliyimizi qoruyub saxlamağa çalışırıq. Əsasən ciddi problemləri olan qadınlara,  qocalara, köməksiz insanlara hüquqi yardım edirik. Bir misal çəkmək istəyirəm: 32 yaşlı Qəndab adlı soydaşımız Ukraynada qeyri-leqal yaşayır, xəstə olduğu üçün həyat yoldaşı uşaqlarını ondan alıb ayrılmaq istəyir. Həddindən artıq köməksiz, çarəsiz vəziyyətdə və məndən kömək istəyirdi. Ailəcə onun problemi ilə məşqul olduq və 1 aya, cəmi 100 qrivn rüsum ödəməklə həll etdik. Bu mənim uzun illər hüquq-mühafizə orqanlarında çalışmış yoldaşımın və oğlumun nüfuzu hesabına mümkün oldu.... Belə problemlər, orada hər 5 nəfərdən birində var.

Demək düşzgün deyil, bir dəfə zəng gəldi ki, iki nəfər azərbaycanlı oğlan ac-susuz vağzalda qalıblar, telefon budkasında yatırlar. Onlara Bakıya qayptması üçün kömək etdik...


 - Xarkovdakı digər cəmiyyətlərlə əlaqələriniz necədir?

- Milli bayramlarımıza həsr olunmuş tədbirlərdə, şəhər rəhbərliyinin təşkil etdiyi mərasimlərdə mütəmadi görüşlərimiz olur. Biz çalışırıq şəhər rəhbərliyi tərəfindən keçirilən bütün tədbirlərə qatılaq ki, burada çoxluq təşkil edən ermənilərdən geri qalmayaq. Xarkovda ermənilər fəal olsalar da, onların öz aralarında çox böyük konflikt var və hətta təhqir səviyyəsinə qədər gəlib çatıb. Bununla belə, təxribatçı əməlləridən də qalmırlar: festivalların birində “Uzun dərə” rəqsini erməni xalq rəqsi kimi təqdim etdilər. Etirazımı bildirim, böyük qalmaqal oldu və sonralar bir daha belə bir hal təkrarlanmadı. Qeyd edim ki, şəhər rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var və bizimlə əməkdaşlığa da çox üstünlük verirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı